Ulduz falı nə dərəcədə düzdür?

Ulduz

Astrologiya elminə görə ümumilikdə 88 bürc var. Onların 12-si yer kürəsi və günəş ətrafından keçdiyindən yerə təsir baxımından əsas bürclərin sayı 12 götürülüb.

XALQ.AZ-ın məlumatına görə, hələ qədim zamanlardan bu günə kimi gələcək haqqında proqnozlar, ulduz falları insanların diqqətini cəlb edib. Elə bu əksəriyyətimizdə ulduz falına inamı formalaşdırıb. Ulduz falı və ya bürclər haqqında məlumatı cəmiyyətə kütləvi-informasiya vasitələri çatdırır.

Amma eyni bürc üçün müxtəlif mənbələrdən oxuduğumuz astroloji proqnozlar çox vaxt uyğun gəlmir. Bir saytda bu gün bürcümüz üçün xoş hadisələr proqnozlaşdırılırsa, digərində həmin gün həyatımızın ən ağır günü kimi xarakterizə edilir. Bu da əksər vaxt insanların bürclərə inamını sarsıdır.

Qədim zamanlarda gələcək haqqında məlumatlar daha çox falçılar tərəfindən verilirdisə, indi bu işi ixtisaslaşmış astroloqlar edir. Təncim elminin Azərbaycandakı nümayəndələrindən olan Firudin Qurbansoyun sözlərinə görə, hazırda bu sahədə məşğul olan savadlı insanlar çox azdır. Ona görə də çox vaxt verilən məlumatlar bir-birilə təzad təşkil edir.

Psixoloqlara görə, proqnozlarda yazılmış məlumatara heç də köklənmək lazım deyil. Çünki iç dünyamızı, daha doğrusu şüuraltımızı anladıqdan sonra, inkişaf edən hadisələrə süründürülmək yerinə öz seçimlərimizi edə bilərik.

Ulduz falı insanları doğulduqları bürclərə görə qruplandıraraq, onun gələcəyi və qədəri haqqında məlumat verən bir fal növüdür. İslamda isə fala baxmaq və ya baxdırmaq günah sayılır.

Qurani Kərimdə sabah insanın başına nə gələcəyini Allahdan başqa heç kəsin bilmədiyi deyilir.

Yəni bürclərdən də, günəşdən də, ulduzlardan da uca olan Allahdır. Təki qəlbimizdən Allah sevgisi və iman əskiki olmasın. Çünki gündəlik ulduz fallarında yazılan nə olursa-olsun, nicat tapmaq yalnız Allaha inamla mümkündür.