“Ulu Öndər Azərbaycan mədəniyyətini dünyaya tanıtdı“-Millət vəkili

“Hər il xalqımız möhtəşəm tarixi hadisəni Azərbaycanın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin doğum gününü böyük sevinc və ehtiramla qeyd edir. Bu gün Ulu Öndəri tanıyan hər bir insan onun şəxsiyyəti və xalqımız üçün gördüyü misilsiz işlər barədə fikir yürütməyə mənəvi ehtiyac duyur”.

Bu sözləri açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, Ümummilli Liderin parlaq şəxsiyyəti ilə bağlı ən müxtəlif fikir və mülahizələr, xoş xatirələr isə sonda bir nöqtədə birləşir: “Heydər Əliyev həyatını istisnasız olaraq Azərbaycana, bütün mənalı ömrünü yalnız bəşəriyyətə, insanlığa xidmət etməyə həsr etmişdi!

Bu böyük insan haqqında deyilən sözlər, söylənilən fikirlər ifadə üslubuna görə fərqlənsə də, məzmunu ilə Heydər Əliyev şəxsiyyətinin dahiliyini ən müxtəlif tərəflərdən ifadə edir. Onun böyüklüyünü hər birimiz illər keçdikcə daha dərindən dərk edirik.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mənsub olduğu millətin dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdı. Bu mövzuda söhbət düşəndə deyirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən silmək üçün onun dilini, tarixini, eləcə də mədəniyyətini əlindən almaq kifayətdir. O, SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur ki, bu da Heydər Əliyevin dilinə, dininə və milli dəyərinə bağlılığının parlaq təzahürüdür. Görkəmli şəxsiyyət hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.

Taleyinə yalnız qurmaq və yaratmaq missiyası yazılmış bu böyük insan xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımızı bir çox bəlalardan xilas etdi. 90-cı illərin əvvəllərində ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, ayrı-ayrı siyasi qüvvələri və şəxslərə tabe olan silahlı birləşmələri ləğv etdi. Vahid komandanlığa tabe olan ordu yaratdı. Ulu Öndər tərəfindən görülən böyük işlərin, həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təyin etmək üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Onun rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır.

Ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi ilə əlaqədar keçirdiyi hər bir tədbir, qəbul etdiyi hər bir qərar, söylədiyi fikirlər müstəqil dövlətimizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyır.
Heydər Əliyev Azərbaycanda müstəqil dövlətimizin ənənələrinin yaradıcı və milli dövlətçilik təfəkkürünün formalaşmasında tarixi rol oynayan böyük şəxsiyyətdir. Azərbaycan dövlətinin mövcudluğu onun adı ilə bağlıdır, çünki Heydər Əliyev siyasi kursundan kənarda bu dövlətin varlığı barədə danışmaq qeyri-mümkündür. Heydər Əliyevin siyasi kursu bizim sabahımızın, gələcəyimizin, inkişafımızın, tərəqqimizin qarantıdır.

Ulu Öndərin hakimiyyəti dövründə ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünya bəyan etdi. Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsil mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq Erməni yalanları faktlarla ifşa edirdi.

Lakin xalqımızın bu taleyüklü ağır pobleminin həlli Onun özü kimi inandığı davamçısı Prezidentimiz İlham Əliyevin öhdəsinə düşdü. Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı soyqırımlarımı zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yeri göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz oldu.

İndi Azərbaycan vətəndaşı öz sabahından narahat olmaya bilər. Heydər Əliyevin ölkəyə sabitlik və rifah gətirən siyasi kursu hələ uzun illər davam edəcəkdir. Azərbaycanın gələcək inkafına əminlik, həm də Prezident İlham Əliyevin siyasi keyfiyyətlərinə, xarizmasına və perspektivinə inamdan, ümumxalq etimadından irəli gəlir. Qarşıda duran dövr tarixi-siyasi məzmununa görə əvvəlkilərdən xeyli dərəcədə fərqlənir və bu da təsadüfi deyil. Çünki artıq Azərbaycan tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur: dövlət quruculuğu prosesi uğurla başa çatdırılıb, iqtisadi sahədə kifayət qədər böyük nailiyyətlər var, demokratikləşmənin müsbət nəticələri göz qabağındadır və bütün bunlarla bərabər, beynəlxalq münasibətlər sistemində respublikamızın mövqeləri nəzərə çarpacaq səviyyədə möhkəmlənmişdir.
Heydər Əliyev, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın rəmzi səviyyəsinə yüksəlmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz və işıqlı obrazı yaşayır.

Ulu Öndərin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir. Azərbaycanda dövlətə bağlı bütün qurumlar Heydər Əliyev ilini yüksək səviyyədə qeyd etməli və Ümumilli Liderimizin xatirəsini yüksək tutaraq, gələcək iş fəaliyyətlərini bugünkü müasir dövlətçilik prinsiplərinə uyğun qurmalıdır”.