Ulu Öndər Heydər Əliyev daim ürəklərdə yaşayacaq

Hər bir ölkəni, dövləti, milləti dünyaya tanıdan ilk növbədə onun siyasi xadimləri, tarixi şəxsiyyətləri olur. Onlar öz xalqının və millətinin layiqli təmsilçiləri kimi həm özlərinə, həm də öz xalqlarına tarixdə əbədi iz qoyur, doğma vətənlərinin tarixini zənginləşdirməklə bərabər, onun dünyada tanınmasında və nüfuzunun yüksəlməsində misilsiz rol oynayırlar. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev Tanrının hər xalqa min ildə yalnız bir dəfə bəxş etdiyi, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Həyatının bütün mənasını Azərbaycan xalqına və dövlətinə xidmətdə görən, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyəndə öz sevinci ilə qürur duyan və bu sevinci hər bir azərbaycanlıya bəxş edən ulu öndər hələ sovet imperiyası dövründə hər bir addımı, sözü, hərəkəti ilə bunu təsdiq etmişdir. Sovet rejiminin ciddi nəzarəti altında olduğu halda, Azərbaycanın mənafelərini göz bəbəyi kimi qoruyan bu böyük insan Azərbaycanın müstəqilliyini dünyanın ən böyük neməti hesab etmiş, bu müstəqilliyin əbədi olması, gündən-günə möhkəmlənməsi və Azərbaycanın dünyaya tanıdılması üçün bütün varlığı ilə çalışmışdır.

Heydər Əliyev, özünün də söylədiyi kimi, milli mənsubiyyəti, onu yetişdirmiş millətlə fəxr edən ən böyük azərbaycanlı  idi. Onun ideyaları bu həqiqətdən qida alırdı. Ulu öndər arzularında yaşatdığı Azərbaycanı hələ respublikaya birinci rəhbərliyi dönəmindən qurmağa başlamış, Azərbaycan dövlətinin rəhbəri kimi işə başladığı ilk illərdən bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. Ulu Öndərin bu fikirləri dediklərimizi özündə ehtiva edir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsədə onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.

Azərbaycan tarixinin son qərinəsində xalqımızın həyatın bütün sahələrində nail olduğu uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi də məhz bu dahi şəxs təlatümlər burulğanından xilas edərək, ictimai-siyasi sabitlik yaratmış və Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarmışdır.

Bu gün keçmişə nəzər salarkən və Heydər Əliyevin hələ respublikamız keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirərkən bu böyük insanın ruhu qarşısında baş əyməyə bilmirsən. 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun və intibahının başlanğıcı tarixidir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev hakimiyyətinin birinci dövründə öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb.

Ulu öndərin rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdur. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilmiş, yeni sənaye sahələri yaradılmış, sənayenin qabaqcıl sahələrində, ilk növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişləndirilməsi prosesi başlanmışdır. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.

Dinamik inkişaf edən iqtisadiyyatl yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və aili təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə genişləndirilmiş, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi. O illərdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi. Beləliklə, Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı.

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə  müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir  və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımla atmağa qadirdilər.

Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də. İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi.

Ulu öndərimiz Heydər Əliyev belə bir zamanda xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıdaraq dövlətçiliyimizi təhlükələrdən xilas etdi. Azərbaycanda vətəndaş qarşıdurmasını dayandırdı. Qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirdi. Cəmiyyətimizdə ictimai-siyasi sabitlik yaradıldı. Xarici dövlətlər, beynəlxalq təşkilatlarla münasibətlər qaydaya salındı. Azərbaycan iqtisadiyyatının ən müxtəlif sferalarına xarici sərmayə axını başladı. Ölkəmizdə, ümumən dünyadakı iqtisadi-siyasi proseslərə yeni istiqamət verən yeni neft strategiyasının əsası qoyuldu. Azərbaycan mühüm qlobal layihələrin ən fəal iştirakçısına və regionda əsas söz sahibnə çevrildi. Əldə edilmiş bütün bu nailiyyətlər ümumi halda Azərbaycanın dövlət müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün əlverişli zəmin yaratdı. Ulu öndərimizin rəhbərliyi ilə dövlətimizin hüquqi və siyasi suverenliyinin təminatı prosesi sürətləndi. Demokratik islahatlar geniş vüsət aldı. Azərbaycan dövləti Avropa ailəsinin tam hüquqlu bir üzvünə çevrildi.

Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.

Hər dəfə ümummilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri barədə düşünərkən anlayırıq ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırmışdır. Müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol – bu reallıqların hər birində Heydər Əliyevin imzası var. Qürur duyduğumuz ən vacib məqam budur ki, ulu öndərimiz həyata keçirdiyi inkişaf kursunun ardıcıllığını təmin etmiş, bu kursun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında ölkəmizin taleyini etibarlı əllərə əmanət etmişdir. Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”.  Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

Tamam Cəfərova

Milli Məclisin deputatı