Ulu Öndər Heydər Əliyevin böyük siyasəti davam etdirilir

Ulu Öndər Heydər Əliyev böyük siyasət aparmaq üçün biliklə yanaşı təcrübənin də lazım olduğunu, dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacara bilməyin vacibliyini söyləyirdi.

10 iyul 1995-ci ildə Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərin şərəfinə verilən rəsmi ziyafətdə Ulu Öndər Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərkən vurğulamışdır ki, “Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, tarixi köklərimizə əsaslanır. Müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək edir və bizim üçün çox əhəmiyyətlidir.”

3 oktyabr 1995-ci ildə Almaniyanın yenidən birləşməsi günü münasibətilə AFR-in Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda çıxış edən H.Əliyev bildirmişdir ki, “Azərbaycan xalqı ilə alman xalqı arasında böyük tarixi əlaqələr var. Keçmişdə Azərbaycanda çoxlu alman yaşamışdır. Xalqımızın həyatında onların rolu olubdur. Almanların keçmişdə Azərbaycanda yaşamalarının izləri indi də durur. Bu izlər və bəzi abidələr bizim tərəfdən qorunub saxlanılır.”

10 oktyabr 1995-ci ildə Pakistan Prezidenti Fərrux Əhməd xan Leqari ilə Azərbaycan Milli Məclisi üzvlərinin görüşündə Ulu Öndər Azərbaycanla Pakistan arasındakı münasibətlərə toxunaraq çıxışında söyləmişdir ki, “Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur.”

Azərbaycanla Türkiyə arasında hər zaman dərin münasibətlər olub. 30 may 1996-cı ildə “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri” mövzusuna həsr olunmuş konfransın açılışında nitq söyləyən Ulu Öndər iki ölkə arasındakı münasibətlərdən bəhs edərək bildirmişdir ki, “Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması – hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik”.

5 may 1997-ci ildə H.Əliyev Türkiyəyə səfər etmişdir. Səfər münasibətilə Türkiyə Prezidenti Süleyman Dəmirəlin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə çıxış edən Ulu Öndər qeyd etmişdir ki, “Biz müstəqillik əldə edən kimi, sərhədlər açılan kimi, bir-birimizlə əlaqələr asanlaşan kimi dostluğumuz, qardaşlığımız böyük bir fəvvarə kimi püskürdü və bütün dünyaya nümayiş etdirdi ki, Türkiyə ilə Azərbaycan keçmişdə də bir olub, bu gün də birdir, gələcəkdə də bir olacaqdır.”

Nəsimi rayon 1 Nömrəli tam orta məktəb

Məmmədova Şəfəq