Ulu Öndər Heydər Əliyevin dilimizə həssas münasibəti davam etdirilir

 

Tarixdə şəxsiyyət-liderlərin rolu mövzusu həmişə aktual olub. Ayrı-ayrı ölkələrin təcrübəsindən, keçdikləri yoldan bəlli olduğu kimi, parlaq zəkası, cəsarəti, digər müstəsna keyfiyyətləri ilə xalqın inam və güvənc yerinə çevrilən liderlər həmişə cəmiyyətə yeni ideyalar ötürüblər, ən çətin anlarda belə insanları ümidsizliyə qapılmağa qoymayıblar, onları milli məfkurə ətrafında birləşdiriblər, mübarizəyə ruhlandırıblar. Sözün geniş mənasında liderlər zamanın məhdud çərçivəsinə sığmayaraq zəruri hallarda tarixin axarını dəyişməyi, prosesləri cəmiyyətin sosial sifarişlərinə istiqamətləndirməyi bacarırlar.
Müstəqilliyini getdikcə möhkəmləndirən, dünya çapında layiqli yerini tutan Azərbaycan üçün belə əvəzolunmaz sima misilsiz fəaliyyəti ilə xalqımızın Ümummilli lideri səviyyəsinə yüksələn Heydər Əliyevdir. İllər ötür, bizləri Onun fiziki yoxluğundan ayıran zaman məsafəsi uzanır. Ancaq təzada bir baxın: O dahi şəxsiyyət bizə getdikcə daha yaxın olur. Biz Onu yalnız söhbətlərdə, xatirələrdə anıb yada salmırıq. Bu parlaq şəxsiyyətin-liderin yeri və rolu, qoyduğu silinməz izlər respublika həyatının bütün sahələrində real olaraq aydın görünür. Və həm də o məqam dərk olunur ki, Heydər Əliyevin zamanında milli mənafe naminə fəaliyyətindən Azərbaycanın hər bir ailəsinə dolayı və yaxud birbaşa pay düşüb, hər birimiz şəxsi həyatımızdakı firavanlığa, yaxşı təhsil almağımıza görə Ona minnətdarıq, borcluyuq.
Heydər Əliyev Azərbaycanın intibahı üçün fundamental əsaslar yaradan tarixi şəxsiyyətdir.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Ulu Öndərər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olub. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulmuş siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamand, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən daima istifadə olunacaqdır.
Tarixi minilliklərin sınağından ,hakim rejimlərin işğalından , yadelli təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan, bu günümüzə qədər sağlığını, təmizliyini, qoruyaraq gələn dilimiz -Azərbaycan dili haqqında düşünərkən , bu dil haqqında əlimə qələm alıb yazmaq istəyərkən gözlərimin önündə Nəsimi , Füzuli, Şah İsmayıl, Molla Pənah Vaqif canlanır. Bunlar Azərbaycan söz sənətinin,Azərbaycan təfəkkür dünyasını, Azərbaycan dil xəzinəsinin, Azərbaycan ictimai-siyasi fikrinin təməl daşları, bünövrəsi, ən dəyərli inciləridirlər. Sadaladıqlarım Azərbaycanın böyük mütəfəkkirləri, ədəbiyyat tariximizin nəhəngləri, şair və yazıçılaridir. Lakin mən bu sıraya bir ismi də əlavə etmək istəyirəm. Düzdür,o nə şairdir, ne yazıçıdır,nə də dilcidir. Onun şeirləri , romanları yoxdur.Lakin o, ən istedadlı yazıçının belə yarada bilməyəcəyi bir qüdrətli əsər yaradıb. Bu misilsiz əsərin adı Azərbaycandır.
Ölkəsinin başı üzərində qara buludların dolaşdığı,xalqının ölüm -dirim sualıyla qarşılaşdığı, torpaqlarının düşmən tapdağı altında qaldığı bir zamanda bir Simurq quşu kimi qanadlarını açaraq Vətəninin səmasında görünən Heydər Əliyev zamanında bir addım atmışdı. Bu cəsarətli addım onun fəaliyyətində, siyasi istiqamətində çox illər sonranı əks etdirirdi. 1969- cu ildə respublikanın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir neçə ay sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdir! Bu cümlənin sonunda nida işarəsi təsadüfən qoyulmamış. Çünki həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət istəyirdi və ən başlıcası minillik, soykökə bağlılıq anlamına gəlirdi.Hemin tarixi günü Heydər Əliyev 25 il sonra, BDU-nun 75 illiyinə həsr olunan iclasda artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi xatırlayırdı. Böyük Öndər həmin dövrdə ölkədə keçirilən bütün tədbirlərdə doğma dilində danışmaqdan çəkinmirdi. Uzun illər boyu sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarətli, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəsinə çevrilir, haqq sözünü deyir,dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi.
1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-in dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyaya, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir- maddəsi təsdiq olundu. Xüsusi ilə bir məqam vurğulanmalıdır ki, bu addım müstəqil ölkədə deyil,milli hüquq və azadlıqlarının məhdudlaşdırıldığı , totalitar imperiyaya bağlı olan bir ölkədə,sovet respublikası olan Azərbaycanda atılırdı.
İllər keçdi və bu gün biz Ulu Öndərin uğurlu siyasətinin, cəsarətli addımlarının,xalqını düşünərək etdiyi bütün mərdliklərin davamını bizə yaşadan boyuk davamçı İlham Əliyev cənablarının sayəsində öz doğma torpaqlarımıza qovuşduq. Milli mənəvi dəyərlərimiz, mədəniyyətimiz dilimiz dinimiz həmişə olduğu kimi daim dövlətimiz tərəfindən qorunur, inkişaf etdirilir. Dilimizin saflığını qorumaq dövlət siyasətinin ən başlıca prioritet istiqamətlərindəndir
Hər bir millətin varlığının əsas şərtlərindən və göstəricilərindən biri, qürur mənbəyi onun ana dilidir. Dil hər bir xalqın varlığının yeganə təminatçısı kimi onun milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülməsində mühüm rol oynayır. Azərbaycan dili də əsrlərdir ki, xalqımızın milli-mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Təsadüfi deyil ki, ana dilimiz də dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi, hər bir azərbaycanlı üçün müqəddəsdir,əzizdir. Xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixi olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən bövük mənəvi sərvətimizdir.
Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulamış, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkmişdir. Həmçinin qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan, müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərə bu dildə çevik, səlisliklə əksini tapa bilir. Azərbaycan dilinin zəngin lüğət tərkibi, minillər boyu xalqımızın varlığını yaşatması əvəzsiz hadisədir. Dil siyasətində Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inam və uğurla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində dövlətin əsas atributlarından olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin dövlətçiliyin inkişafı və Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif dövlət tədbirlərində çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə həyata keçirilmişdir. 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinin inkişaf etdirilməsinə dövlət qayğısının növbəti nümunəsidir.
Azərbaycan dövlətinin apardığı ardıcıl, əzmkar dil siyasətinin fonunda müşahidə olunan real mənzərə göstərir ki, dilimizin qorunması uğrunda mübarizənin səmərəli olması üçün dövlət dilinin statusunu və işləkliyini bütün sahələrdə təmin etməklə yanaşı, cəmiyyətimizdə, xüsusən ziyalı mühitində elmi dilin formalaşdırılması, ana dilimizi mükəmməl bilməyin, düzgün işlətməyin norması, yüksək insani dəyər və vətəndaşlıq keyfiyyəti kimi qəbul edilməsinə nail olmaq lazımdır. Müasir dövrün tələblərini, konkret olaraq, qloballaşma prosesini nəzərə alaraq Azərbaycan dilinin istifadəsi və tətbiqinə dövlət qayğısının artırılması, ana dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsi təmin edilir. Buna görə də müstəqil Azərbaycan dövləti onun rəsmi atributlarından biri kimi təsdiq olunmuş rəsmi dilin ölkə həyatının bütün sahələrində maneəsiz işlədilməsinin, qorunmasının və onun taleyi ilə bağlı bütün məsələlərin həllinin təminatçısı kimi öz vəzifəsini əsaslı və davamlı olaraq yerinə yetirir.
Ötən illərdə Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olması, bu ümummilli ünsiyyət vasitəsinin tam işləkliyinin təmin edilməsi ilə bağlı mükəmməl hüquqi-normativ baza yaradılması müstəqillik tariximizin önəmli gerçəkliklərindən biridir. Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələlər daim nəzarətdədir. Fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemləri, insanların texnoloji yenilikləri sürətlə mənimsəmələri, maneəsiz informasiya mübadiləsi imkanlarının artması dövlət dilini zənginləşdirməklə yanaşı, onun qorunması zərurətini yaradır. Hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, beynəlxalq aləmdə diplomatiyaya yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dil siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Aparılan dil siyasəti Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi işinin mötəbər siyasi-hüquqi təminatıdır.

Zərinə Hümbətova— Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci