Ulu öndərimiz bir tarix yaratdı

“Hər bir xalqın taleyində, onun inkişafında, dövlətçilik ənənələrinin formalaşmasında liderlərin çox önəmli rolu var. Ümummilli lider Heydər Əliyev o şəxslərdəndir ki, tarix onu bütün dünyaya tanıtsa da, onun özü tarix yazdı. Ulu öndərimiz bir tarix yaratdı”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili bildirib ki, bu gün müstəqil, inkişaf etmiş Azərbaycan ümummilli lider Heydər Əliyevə borcludur:

“Bu dövlətin möhkəm özüllər, dayaqlar üzərində qurulması məhz bu böyük azərbaycanlının adı ilə bağlıdır. Bəlkə də heç bir lider hakimiyyətə gələrkən bu qədər çətinliklə dövlət qurmayıb. Çünki bir çox dövlətlərin liderlərinin arxasında milli burjuaziya olub, bir neçəsinin arxasında güclü ordu var idi, ən azından döyüşkən ordu olub. Heydər Əliyev hakimiyyətə gələndə onun arxasında sadə xalqdan başqa heç kim yox idi. O, hakimiyyətə gələrkən ölkədə hərc-mərclik, separatçılıq, xaos, anarxiya hökm sürürdü. Ölkədə vətəndaş qarşıdurması var idi. Sərhədlərimizdə, Qarabağda müharibə gedirdi. Məhz belə bir çətin durumda ümummilli lider xalqın təkidi və tələbi ilə hakimiyyətə gəldi. Qısa vaxt ərzində böyük ustalıqla ölkədə stabillik yaratdı. Atəşkəs elan olundu. Sürətlə ordu quruculuğuna start verildi. Ümummilli liderin fikirləri ilə ifadə etsək, güclü iqtisadiyyatı olmayan ölkə heç nə edə bilməz”.

Deputat qeyd edib ki, “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” fikri də məhz buradan gəlir:

“Qısa vaxtda neft müqavilələri bağlandı. Bu, 1994-cü ildə baş verdi. Azərbaycana valyuta axını başladı. Ölkədə iqtisadi dirçəliş baş verdi. Paralel olaraq ordu quruculuğuna ciddi fikir verilirdi. 44 günlük müharibə zamanı müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz işğal altındakı torpaqlarımızı azad etdi. Məhz bu ordunun özülü, bünövrəsi ümummilli liderimizin zamanında qoyulub. Həmin bünövrəni keyfiyyətcə yeni formada, mütəşəkkilliklə cənab Prezidentimiz davam etdirdi”.

Vüqar İskəndərov əlavə edib ki, ordu quruculuğu ilə iqtisadiyyatın paralel inkişafı bugünkü müstəqil, güclü Azərbaycan dövlətinin yaradılmasına gətirib çıxardı:

“Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi deyil, həm də dünyada xüsusi hörmətə, çəkiyə malikdir. Ölkə başçımız özünün liderlik keyfiyyətləri ilə dünyanı heyran etməkdə davam edir. Bugünkü inkişafımızın və uğurlarımızın hər birinin mayasında ümummilli liderimizin böyük zəhməti, gərgin fəaliyyəti durur. Həmin düzgün qurulmuş siyasəti cənab Prezidentimiz çox uğurla davam etdirir. O, ümummilli liderimizin siyasi kursunun uğurlu davamçısıdır. Əminəm ki, qarşıda bizi yeni-yeni uğurlar gözləyir və bu uğurların altında ölkəmizin imzası olacaq. Hər bir azərbaycanlı o uğurların bəhrəsini layiqincə görə biləcək”.