Ulu Öndərin əsasını qoyduğu uzaqgörən siyasət

Anadan olmasının 101-ci ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub. Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarıb. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyil. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Ulu Öndərimizin müəyyənləşdirdiyi xarici siyasətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yer tuturdu. Bu siyasət nəticəsində ölkəmiz diplomatik müstəvidə Ermənistanı küncə sıxışdırdı və beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınırdı. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan qələbənin əsasında məhz Ulu Öndərimizin əsasını qoyduğu uzaqgörən siyasət dayanır.

Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, Azərbaycan dünya birliyinə qovuşub. “Əsasını Ümummilli Liderin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətimizə mühüm nailiyyətlər qazandırır. Bu siyasət xarici siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli dərəcədə artırıb. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər isə müstəqil dövlətimizin beynəlxalq müstəvidə yerini və rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Bu səbəbdəndir ki, beynəlxalq birlik Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul edir. Bu reallıqlar isə Azərbaycanın liderliyi ilə regionu sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsinə hədəflənib. Bütövlükdə isə, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin işıqlı ideyaları və Onun müəyyənləşdirdiyi xarici siyasət konsepsiyası dayanır! Müasir müstəqil və güclü Azərbaycan dövləti bundan sonra da Heydər Əliyev ideyalarından bəhrələnəcək!”,-deyə Sevinc Fətəliyeva qeyd edib.