Ulu Öndərin ideyalarına həmişə sadiq şəxsiyyət-Atakişi Quliyev


Ağsaqqal nəsihətinə, ağbirçək öyüdünə həmişə böyük ehtiram göstərmişəm. Rayonumuzun (Zaqatalanın) nüfuzlu ağsaqqal və ağbirçəklərindən olan Cücüy Yaliyev, Oruc Orucov, Məcid Məcidov, Rahilə Əhmədova, Qurban Şabanov, Sabir Qurbanov və başqalarının xeyirxah məsləhətlərindən, tövsiyələrindən çox bəhrələnmişəm.
Ulu Tanrıya dönə-dönə minnətdaram ki,onun böyük lütfü sayəsində bu günlərdə daha bir el ağsaqqalı ilə şəxsən tanış olmaq səadəti mənə nəsib oldu. Rayonumuzda müxtəlif vəzifələrdə işləyən dostlarımdan bu zəngin mənəviyyatlı insan haqqında çox eşitmişdim. Adını eşidib üzünü görmədiyim bu el ağsaqqalı ilə elə ilk tanışlıqdaca onun büyük şəxsiyyətinə, milyonlara nümunə olacaq zəngin və ibrətamiz həyat yoluna, el-oba arasındakı yüksək nüfuzuna heyran qaldım.
Gör-götür dünyasında bir çox hadisələrin şahidi olmuş, həyatın sərt sınaqlarından alnıaçıq, üzüağ çıxmış, ömrünün 87-ci baharını arxada qoymuş bu müdrik insanla sonrakı görüşlərim məni mənən zənginləşdirdi, dünyagörüşümü daha da genişləndirdi.
Haqqında söz açdığım bu el ağsaqqalı Atakişi Ağadədə oğlu Quliyevdir. O, 1934-cü ilin 20 avqustunda Lənkəran rayonunun Sütəmurdov kəndində müəllim ailəsində anadan olmuşdur. Elə uşaqlıq illərindən çalışqanlığı, dərin düşüncə qabiliyyəti ilə fərqlənən Atakişiyə babası ümidlə baxır, bu uşağın parlaq gələcəyinə dərindən inanırdılar.
Atakişi müəllim 1952-ci ildə Lənkəran şəhər 3 №-li orta məktəbini yüksək qiymətlərlə bitirərək Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsinin texniki qurğular şöbəsinə daxil olur və ali məktəbi 1957-ci ildə uğurla başa vurur. O, əmək fəaliyyətinə Çayçılıq və Subtropik bitkilər Elmi-Tədqiqat İnstitutunun Lənkəran filialında mühəndis-mexanizator kimi başlamış, sonralar Lənkəran Su Tikinti Quraşdırma İdarəsində mexanik işləmişdir. 1958-ci ildə Bakı şəhərinə gələn Atakişi müəllim əmək fəaliyyətini Qaradağ rayonunda davam etdirmişdir. Onun şərəfli ömür yolunun ən parlaq səhifələri də məhz Bakı şəhərində yazılmışdır. Qaradağ Tikinti Materialları Kombinatında mexanik kimi işə başlayan gənc kadr sonralar işgüzarlığı, yüksək idarəetmə bacarığı ilə baş mexanik, daha sonra baş mühəndis vəzifələrinə qədər yüksəlmişdir.
1967-ci ildə işinin ustası və yüksək ixtisaslı kadr kimi formalaşan Atakişi Quliyev Güzdək Tikinti Materialları Kombinatına direktor təyin edilir. 1968-ci ilin martında isə gənc mütəxəssisə daha böyük etimad göstərilir, onu dəfələrlə böyük olan Qaradağ Tikinti Materialları Kombinatına direktor vəzifəsinə irəli çəkirlər. Gənc direktor burada böyük uğurlara imza atır, fədakar əməyi respublika rəhbərliyinin diqqətini cəlb eləyir.
Ötən əsrin 70-80-ci illərində Azərbaycanda Ulu Öndərin rəhbərliyi ilə böyük quruculuq işləri gedirdi. Respublikada yeganə olan Qaradağ Sement zavodunun iqtisadi göstəriciləri xeyli aşağı olmaqla müasir tələblərə cavab vermirdi. Odur ki, respublika rəhbərliyinin tövsiyəsi ilə Atakişi müəllim 1980-ci ildə Qaradağ Sement zavoduna direktor təyin edilir. Onun ilk gündən zavodda apardığı yenidənqurma işlərinin nəticəsində müəssisə 5 ilə plan göstəriciləri səviyyəsinə çatır.
1985-ci ilin martında Qaradağ rayonunda müxtəlif müəssisələrə bacarıqla rəhbərlik etdiyinə, rayonda böyük nüfuz sahibi olduğuna görə Atakişi Quliyev Qaradağ rayon İcraiyyə Komitəsinin sədri seçilir. Sovetlər Birliyinin süqutundan sonra Atakişi müəllim 1991-ci ilin noyabrından 1992-ci ilin iyuluna kimi yeni Struktur olan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyir. Lakin hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyünə Atakişi müəllim kimi təcrübəli, savadlı, gözüaçıq kadrlar lazım deyildi. Necə deyərlər kor atın, kor nalbəndi olar. 1992-ci ilin iyul ayının 22-də Atakişi müəllimi “Əliyevçi kommunist” adıyla tutduğu vəzifədən azad edirlər. Bəli, rayonda 35 illik fədakar əməyin nəticəsi belə qədirbilməzlik oldu.
Sonralar Atakişi müəllim “Bakı Şəhər Tikinti Tresti”ndə müdir müavini vəzifəsində işləmişdir.
Atakişi Quliyevin şərəfli əməyi “Şərəf Nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri və çoxlu medallarla qiymətləndirilmişdir. O, həmçinin SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində səmərələşdirici təkliflərinə görə gümüş medala, 1982-ci ildə, Azərbaycan Respublikasının Əməkdar mühəndisi fəxri adına layiq görülmüşdür.
Hazırda təqaüddə olan Atakişi müəllim elmi, bədii, publisistik yaradıcılıqla məşğul olur. Aşağıdakı kitabların müəllifidir. “Daş kar yerlərindən keçən ömrüm” (Bakı 2016), “Nastolnaya kniqa reseptov” (I tom), “Nastolnaya kniqa reseptov” (II tom) (Baku 2016).
Ulu Öndər Heydər Əliyev onun idealı idi. Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin rəhbərliyi ilə respublikamızda nəhəng obyektlər, fabrik və zavodlar inşa olunur, böyük quruculuq işləri həyata keçirilirdi. Atakişi müəllim təsərrüfat idarəçiliyində rəhbərliyə 1963-ci ildə başlasa da, əməyinin və uğurlarının qiymətləndirilməsi dövrü məhz 1969-cü ildən sonraya təsadüf edir. Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi, köklü islahatların başlanmasına və bütün sahələrin, o cümlədən, tikinti və tikinti materialları sənayesinin inkişafına səbəb oldu. Adı həmişə mənfi hallandırılan Qaradağ TMK-nın fəaliyyətinə diqqət və qayğı da artdı.
Atakişi müəllimi Heydər Əliyevlə ilk tanışlığı da Qaradağ TMK-nın direktoru olarkən başlayıb. Elə ilk tanışlıqdan sonra Ulu Öndərin yaxın silahdaşına çevrilən Atakişi müəllim ölkədə gedən quruculuq işlərində fəal iştirak etməyə başlayır. 1980-ci ildə Heydər Əliyev onun işgüzarlığı, bacarığını nəzərə alaraq respublikada ən geridə qalmış müəssisəyə-Qaradağ semet zavoduna direktor təyin edir. Təyinatdan əvvəl Heydər Əliyev onu qəbul edib, dəyərli məsləhət və tövsiyələrini verir. Bu məsləhət və tövsiyələr Atakişi müəllim fəaliyyətində əsas leytmotiv olur.
Ulu Öndərin ilk tapşırığı zavodun yenidən qurulması və istehsal gücünün iki dəfə artırılmasıa nail olmaq üçün (2.6 milyon ton) SSRİ Tikinti Materialları Sənayesi Nazirliyi qarşısında məsələ qaldırıb vəsait ayrılmasına nail olmaq idi. Bədnam qonşularımız hər yerdə və hər sahədə olduğu kimi burada da qarşımıza Çin səddi çəkmək istəyirdilər. O, dövrdə Zaqafqaziyada 5 sement zavodu fəaliyyət göstərirdi. Onların ikisi Gürcüstanda, ikisi Erməistanda, biri də Azərbaycanda idi. Bu dövrdə Ermənistanda sement istehsalı 1.1 mln ton, tələbat 1.0 milyon ton; Gürcüstanda istehsal 2.7 milyon ton, tələbat da təqribən o qədər idi. Azərbaycanda isə istehsal 1.2 milyon ton, tələbat isə 3.2 milyon ton və daha çox idi. Ermənilər Azərbaycana İttifaq büdcəsindən ayrılacaq vəsaiti Ermənistandakı zavodlara yönəltməklə gələcəkdə Azərbaycanda görüləcək tikinti quruculuq işlərinə mane olmaq, bizi özlərindən asılı vəziyyətə salmaq istəyirdilər. Bununla əlaqədar Moskvaya gedən nümayəndə heyətinə Ermənistan KP MK-nın I-cı katibi Dəmirçiyan rəhbərlik edirdi. Artıq onlar İttifaq nazirini bu işə razı salmışdılar. Bu məsələ ilə əlaqədar həmin zaman SSRİ Tikinti Materialları Sənayesi nazir müavininin qəbulunda olan Atakişi müəllim çətin vəziyyətə düşür. Nazir müavininin təklifi ilə onlar məsələni SSRİ Dövlət Plan Komitəsində həll etməyi qərara alırlar. Dövlət Plan Komitəsinin əsas Plan Şöbəsinin müdiri ilə aparılan danışıqlar öz müsbət təsirini göstərir. Şöbə müdiri məsələni SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakova məruzə edir. (N.Baybakov Bakıda doğulmuş, təhsil almış, Azərbaycanın böyük dostu idi) Sonrakı gün Atakişi müəllimi səmimi qəbul edən N.Baybakov Bakı təəssüratlarından danışır, onun gəlişinin məqsədi ilə maraqlanır. Atakişi müəllim 1980-cı ildə Azərbaycan KP MK bürosunda Azərbaycan KP MK-nın birinci katibi H.Əliyevin onun qarşısında qoyduğu məsələ ilə: Qaradağ sement zavodunun yenidən qurulmasına və istehsal gücünün iki dəfə artırılmasına (2.6 milyon ton) nail olmaq üçün İttifaq Nazirliyindən vəsait ayrılmasına nail olmaqla əlaqədar gəldiyini bildirir. Söhbət zamanı bədnam qonşularımızın bu işə törətdikləri yersiz maneələr haqqında məlumat verir.
N.Baybakov məsələ ilə tanış olduqdan sonra şöbə müdirinə tapşırıq verir: “Bu bizim əziz Heydər Əliyevin xahişidir. Kollegiyanı çağırın və Qaradağ sement zavodunun yenidən qurulmasına razılıq verilməsi haqqında qərarımızı rəsmiləşdirin”
Təcili kollegiya iclası çağırılır və Atakişi müəllim kollegiyada H.Əliyevin tapşırığı və Qaradağ sement zavodunun yenidən qurulması, istehsal gücünün iki dəfə artılırması vacibliyini kollegiya üzvülərinə çatdırır, onları inandırır. Məsələ xeyrimizə həll olunur. İttifaq büdcəsindən Qaradağ sement zavodunun yenidən qurulması üçün 106 milyon rubl vəsait Azərbaycana ayrılır. Sonralar 1987-ci ildə Ulu Öndərin Sovet dövləti rəhbərliyindəki vəzifəsindən istefa etməsi və Azərbaycanda xalq hərəkatının vüsət alması ilə əlaqədar Moskva ayrılmış vəsaitin qalan hissəsini qeri götürür.
Qaradağ Sement Zavodunda o illərdə aparılan nəhəng quruculuq işləriini unutmayan Heydər Əliyev sonralar da bunu xatırlayır.
1994-cü ildə Bakı rayonlarının birində inşaatçılarla söhbət edərkən baş nazirin müavinlərindən birinə Qaradağ sement zavodunun nə qədər sement istehsal etdiyini soruşan Ulu Öndərə xeyli kiçik bir rəqəm söyləmişlər. Təəccübünü gizlətməyən Heydər Əliyev belə demişdir:
-Nə danışırsınız, mən Moskvaya getməmişdən qabaq Quliyev soyadlı bir direktor təyin etmişdik. O, dövrdə zənnimcə bir milyon tondan çox sement istehsal olunurdu. Bu bizi qane etmirdi. İstehsalı tam layihə gücünə 1.3 milyon tona və gələcəkdə 2.6 milyon tona çatdırmağı ona tapşırmışdıq. Haradadır o direktor, tapın onu və ora təyin edin.
Ulu Öndərin tapşırığından sonra dərhal Atakişi müəllimi tapırlar. O zamanlar Respublikada vəziyyət son dərəcə gərgin idi. Sonralar dövlət çevrilişi etmiş Baş
nazirin özü Qaradağ Sement Zavodunu nəzarətdə saxlayırdı. Odur ki, sement zavoduna Baş nazirə yaxın bir adamı direktor qoyurlar. Çox keçmir oktyabr hadisələri baş verir , Baş nazir və onun yaxın adamı – Azərsement Səhmdar Şirkətinin Prezidenti ölkədən qaçırlar. Daha sonra bu məsələ ilə məşğul olan Baş nazirin müavini istefa verir. yeni təyin edilmiş şəxslər də bu məsələ ilə məşğul olmurlar. Atakişi müəllim də təvazökarlıq edib məsələni qabartmır.
“Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir, qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır” Heydər Əliyevin bu aforistik kəlamı Atakişi müəllimin fəaliyyətinin əsas devizi olmuşdur. Bu qiymətli sözlər həmçinin Atakişi müəllimin fəaliyyətii tam dolğunluqla əks etdirir.
Atakişi müəllim haqqa söykənən, haqqı deyən, gördüklərinə inanan şərəfli rəhbər işçidir. Onun rəhbərlik fəaliyyəti də bu meyar, bu ölçü-biçi düzəni üzərində qurulub. Nə qədər sərt, tələbkar olsa da, o qədər də insanpərvər, xeyirxah olub. Ona edilən ədalətsizliyə, pisliyə qarşı həmişə yaxşılıq edib. O əsl rəhbər, novator idi. Onun Qaradağ XDS sədri vəzifəsində yorulmaq bilməyən fəaliyyəti hamıya örnək idi, hamını daha yaxşı işləməyə ruhlandırırdı.
Uğurlu fəaliyyətinin böyük bir hissəsi Qaradağ rayonu ilə bağlı olan bu qurucu insan öz yorulmaz fəaliyyəti ilə paytaxtın bu rayonunun simasını dəyişmiş, insanların böyük məhəbbətini qazanmışdır. “Yeni trest”, -Pirəküşkül qəsəbələriin adlarının dəyişdirilərək “Qızıldaş, Müşfiqabad adlandırılması, bu və Qaradağın digər qəsəbələrində aparılan nəhəng tikinti quruculuq işlərində onun böyük əməyi olmuşdur. Onun Lökbatan qəsəbəsində neftçilər üçün, Sahil qəsəbəsində Dərin Dəniz Özülləri zavodunun fəhlələri üçün yaşayış komplekslərinin tikintilərindəki fəaliyyəti danılmazdır. Yuxarıda adları qeyd olunan qəsəbələrdə onun rayon XDS-yə rəhbərlik etdiyi dövrdə onlarca məktəb, uşaq bağçası, yüzlərlə fərdi yaşayış evi, sosial, ticarət və s.obyektlər inşa edildi. Qızıldaş qəsəbəsindəki 800 nəfərlik peşə məktəbi, 500 yerlik mədəiyyət evi də o dövrün yadigarıdır. Həmin dövrdə Qızıldaş qəsəbəsi təmizlik və yaşıllaşdırmaya görə Bakı qəsəbələri arasıda 3 dəfə keçici bayraq və pul mükafatına layiq görülmüşdür.
Hazırda dəbdə olan vətəndaşların səyyar qəbulu məsələsi də Atakişi müəllimin təşəbbüsü ilə ilk dəfə Bakı şəhərinin Qaradağ rayonunda 1985-ci ildə keçirilməyə başlanılmışdır. Təsdiqlənmiş qrafik üzrə rayonun qəsəbələrində ildə iki dəfə vətəndaşların səyyar qəbulu keçirilirdi.
Atakişi müəllimin qazandığı uğurların ən birinci səbəbi onun gözəl ailə tərbiyəsi alması ilə bağlıdır. O, rayonda nüfüzlu el ağsaqqalı kimi tanınan, ixtisasca riyaziyyat müəllimi olan Ağadədə Məşədi Rüstəm oğlunun ailəsində dünyaya göz açmışdır. Altı oğulu, üç qız atası olan Ağadədə müəllim bütün bacarıq və səylərini övladlarının savadlanmasına sərf etmişdir. Onun bu zəhməti hədər getməmişdir. Üç oğul Azərbaycanın əməkdar mühəndisi, aqranomu və mədəniyyət xadimi, biri isə elmlər doktorudur. Ağadədə müəllimin iki nəvəsi: Ülvi Fərman oğlu Quliyev və Rüstəm Nəriman oğlu Quliyev iqtisad üzrə fəlsəfə doktorlarıdır.
Atakişi müəllim valideynlərindən aldığı gözəl tərbiyəni öz ailəsində də tətbiq etmişdir. Ömür-gün yoldaşı, xanımlar xanımı Tahirə xanımla birlikdə iki övlad böyüdüb boya başa çatdırmışlar.
Oğlu Rüfət 1981-1986-cı illərdə Kiyev Dövlət Universitetinin (İndiki Taras Şevçenko adına Kiyev Milli Universiteti) İqtisadiyyat fakültəsini bitirmişdir. Texniki Universitetdə əmək fəaliyyətinə başlayan Rüfət müəllim 1995-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir, iqtisad elmləri doktoru, professor, kafedra müdiridir. Eyni zamanda Taras Şevçenko adına Kiyev Milli Universitetinin professorudur. III, IV,V, VI çağırışlarda Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının iqtisadiyyat və maliyyə komissiyasının sədr müavinidir.
Atakişi müəllimin qızı Sevinc xanım yüksək ixtisaslı tarix müəllimidir. Nəvələri Toğrul, Orxan və Gövhdər ali təhsilli iqtisadçıdırlar. Atakişi müəllimin ömür-gün yoldaşı Tahirə xanım Zaqataladandır. Gələn il ailə həyatı qurmalarının 60 illiyini qeyd edəcəklər. Əl-ələ verərək şərəfli ömür yolu keçiblər, cəmiyyətimizə layiq övladlar, nəvələr bəxş ediblər. Quliyevlər ailəsi bu gün ölkəmizin sayılan-seçilən xoşbəxt ailələrindən biridir. Ötən 60 il ərzində rayonumuzun sevimli kürəkəni olan Atakimi müəllim tez-tez Zaqatalada olmuş, idarə, müəssisə rəhbərləri, ziyalılar arasında çoxlu dost qazanmışdır. Misal olaraq Cücüy Yaliyev, İrfan Əfəndiyev, Şəhid Muxtarov, Rüfət İsmayılov, Ənvər Məhyəddinov, Sabir İsakov, Adil Cəfərov və başqalarının adlarını çəkə bilərik. Atakişi müəllim hazırda haqq dünyasında olan bu dostları ilə bağlı xatirələrini danışarkən göz yaşlarını saxlaya bilmir.
Ötən əsrin 70-80-cı illərində Azərbaycanda gedən quruculuq işləri Zaqatalada da böyük vusətlə aparılırdı. Rayonumuzun sevimli kürəkəni olan Atakişi müəllim bu işlərə həmişə öz töhfəsini verirdi. Beləki, o zamanlar tikinti materialları, birinci növbədə sement yalnız ayrılmiş fond üzrə buraxılırdı. Buna baxmayaraq, o bütün məsuliyyəti üzərinə götürərək rayonumuzun idarə və təşkilatlarına fonddankənar kömək edirdi. Atakişi müəllim həmçinin elmi, bədii, publisistik fəaliyyətlə məşğul olur. O, 3 kitabın və çoxlu məqalənin müəllifidir. Onun ilk kitabı “Daş karyerlərindən keçənli ömrümi” adlanır. Son dərəcə oxunaqlı bir dildə yazılmış bu əsərində müəllif keçdiyi şərəfli və keşməkeşliömür yolundan bəhs edir. Müəllif yeri gəldikcə rastlaşdığı ibrətamiz hadisələri yığcam hekayələr şəklində oxuculara təqdim edir. Bu kiçik hekayələrin əsas leytmotivini yaxşılıq, xeyirxahlıq, edilən yaxşılıqların itməməsi kimi nəcib əxlaqi sifətlər təşkil edir. müəllif əsərin sonunda “Müəssisə rəhbərinin həyat təcrübəsindən bəzi məqamlar:” başlığı ilə gənc müəssisə rəhbərlərinə uzun illər boyu əldə etdiyi təcrübələrə istinad edərək 40 tövsiyəsini-məsləhətini də təqdim edir.
-Kiçik və ya böyük idarələrə, şirkətlərə, birliklərə, səhmdar cəmiyyətlərinə və s. kollektivlərə rəhbərlik edən hər bir şəxs mənim-Azərbaycanın Əməkdar Mühəndisinin, 30 illin rəhbərlik və zəngin həyat təcrübəsi olan bir insanın tövsiyələrindən istifadə etsə, onun daim şəxsi həyatda və əmək fəaliyyətində uğurların müşayət edəcəyinə şübhəm yoxdur.
Allahtəala Sizlərə kömək olsun!
Biz də bir yaradıcı ziyalı kimi inanırıq ki, gənclər, gənc idarə və müəssisə rəhbərləri el ağsaqqalı, canlı ensiklopediya olan Atakişi müəllimin hər biri qulaqlarda sırğa ediləcək 40 tövsiyəsini işlərində rəhbər tutacaq və böyük uğurlara imza atacaqlar.
Görkəmli Azərbaycan filosofu Nəimi deyir:
-Kamil insan günəşdən, aydan, ulduzlardan da əzəmətlidir.
Haqqında sevə-sevə söz açdığımız Atakişi müəllim məhz belə kamil insandır. Onun keşməkeşli ömür yollarına nəzər salanda görürük ki, bu ömrün hər bir səhifsəi mübarizələrlə doludur. O, həyatda nəyə nail olubsa, öz zəhməti, əməyi, istedadı, mübarizəsi ilə nail olub. Mənalı və şərəfli ömür yolunda uğurlarına sevinənlər olduğu kimi, qələbələrini gözü götürməyənlər, paxıllığını çəkənlər də çox olub. Zəngin mənəviyyatlı bu insan öz sarsılmaz iradəsi, səmimiyyəti, sadəliyi ilə bu cılız mənəviyyatlı insanların cavablarını verib və onlardan qat-qat yüksəklikdə durduğunu sübut edib.
Filosloflardan birinin belə bir sözü var: “İstedad, düha 1 %-dir, 99%-i isə zəhmətdir, əməkdir. Bəli, Atakişi müəllim məhz öz əməyi, zəhməti ilə bu zirvəni fəth etmişdir. Doğum gününüz mübarək, Atakişi müəllim. Yüz illik yubileyinizdə görüşənədək.
Həşim İsmayılov
Pedaqogika üzrə fəlsəfə doktoru
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı.
Zaqatala rayonu Sumaylı kəndi