“Ulu Öndərin qayıdışı xalqın qurtuluşu idi”

Neriman

 Əliyev: “Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi”

“Dünyanın ən görkəmli liderləri Ümummilli Lider Heydər Əliyev siyasətinin qarşısında böyük anlamda qibtə ediblər. Çünki Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir”.

Bu fikirləri açıqlamasında millət vəkili Nəriman Əliyev 15 iyun Qurtluluş gününə münasibətini açıqlayarkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyi ondadır ki, onun Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyəti var: “Bu şəxsiyyətin böyüklüyü xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvəzi yoxdur. Məhz bu baxımdan 15 iyun 1993-cü ili Azərbaycan xalqının tarixinə ən əlamətdar bir tarixi hadisə kimi daxil olmuşdur. Çünki bu tarix Azərbaycanın xilas və nicat tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı. Geniş ictimaiyyətin davamlı çağırışlarını nəzərə alan Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin il oktyabrın 3-də isə Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Ümummilli Liderimiz hakimiyyətə qayıdandan cəmi bir il sonra – 1994-cü ildə dərindən düşünülmüş neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nın imzalanmasına nail oldu. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açaraq, dinamik inkişafın təməlini qoydu. Müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada bənzəri olmayan sürətlə davamlı inkişafına zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz İlham Əliyevdir”.

“Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir”,- deyə qeyd edən Nəriman Əliyev eyni zamanda vurğulayıb ki, Prezidentimizin apardığı dərin düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır: “Bu faktor isə Azərbaycanı beynəlxalq aləmdə, eləcə də bütün dünyada lider dövlətə çevrildiyini şərtləndirir”.

SİA