Ülviyyə Ağayeva: Tariximizin yeni yüksəliş dönəmi İkinci Qarabağ müharibəsindən başlayır

Hər bir xalqın tarixində yüksəliş və eniş dönəmləri olur, qələbə və məğlubiyyətlər, azadlıq, əsarət, itkilər dolu illər yaşanır. İyirminci yüzillikdə, təəssüf ki, Azərbaycan xalqı uğurlu, yaddaqalan möhtəşəm hadisələrlə yanaşı, daha çox qazandıqlarını itirməklə də üzləşib. XVIII əsrdən başlayaraq, hissə-hissə çar Rusiyasının işğalına məruz qalan ölkəmiz 1920-ci ildə torpaqlarının daha bir hissəsini itirməklə də olsa, qalan digər hissəsində müstəqil dövlət qurmağa nail olmuşdu. Bu, həm də bütün müsəlman Şərqində ilk idi. Ancaq yenə də bu torpaqlar yağlı tikə kimi çoxlarının tamahına səbəb olurdu. Cəmi iki il müstəqilliyin dadını görmüş Azərbaycan bu dəfə 70 illik müstəmləkə həyatı yaşadı. Səksəninci illərin sonundan isə tariximizin, bəlkə də ən utancverici, ağrılı-acılı dönəmi başlandı. Əgər XXI əsrdə ölkəmiz iqtisadi yüksəliş dövrünü yaşamağa bağladısa da, siyasi məğlubiyyətimiz, itirilmiş – işğal edilmiş torpaqlarımız, yurd-yuvalarından didərgin salınmış qaçqın və məcburi köçkünlərimizin ağrı-acısı, baş verənlərin yaratdığı məğlubluq sindromu bu yüksəlişin sevincini tam yaşamağa imkan vermirdi.

Bunu Milli Məclisin deputatı Ülviyyə Ağayevanın bildirib. Millət vəkili qeyd edib ki, “Hər qaranlıq gecənin bir nurlu sabahı var… Doğru deyilib. Bizim üçün bu nurlu sabaha yol 2020-ci ilin 27 sentyabrında açıldı və igid oğullarımızın qanı və canı bahasına, Ali Baş Komandanımızın müdrik və uzaqgörən siyasəti sayəsində 30 il davam edən qaranlıq 44 gün ərzində işıqlandırıldı. Bu, İkinci Qarabağ müharibəsinin tarixidir. Bizim tariximizin yeni yüksəliş dönəmi buradan başlayır.

Bu yol nə qədər uzun, nə qədər məşəqqətli oldu. Ancaq bu şanlı tarixin yazılması təsadüfi deyil. Burada bir qanunauyğunluq mövcuddur. Bizi bu qələbəyə çatdıran mühüm amillər danılmazdır: dövlət başçısının müdrik siyasəti, düşmən üçün dəmir yumruğu, hərbçilərimizin peşəkarlığı, döyüşçülərimizin qəhrəmanlığı, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi, texniki təchizat (Azərbaycan Ordusunun ən müasir silahlarla təmin olunması, döyüş zamanı əsgərlərimizə verilmiş bütün zəruri silah, tibbi ləvazimat və s. bu gün bütün dünyada müzakirə olunur) və ən əsası, torpaqlarımız işğal edildikdən sonra doğulmuş, həmin torpaqları əksəriyyətinin görmədiyi gənclərdə yaşlılardan da güclü vətənpərvərlik hissi, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik, iqtisadi durum və xoş ovqat, haqq işinə inam bizi bu qələbəyə addım-addım gətirib çıxarmışdır. Ən xoş olan da budur ki, bu gün də hamı həmin hisslərlə yaşayır. Üç minə yaxın şəhid verdik. Övladını itirmiş analar, ərini itirmiş gənc gəlinlər, qardaşlarını itirmiş bacılar və atalarını itirmiş məsum körpələr qürurla “Vətən sağ olsun!” deyirlər.

Müharibədə əlini, qolunu, ayağını, gözünü itirmiş igidlərimiz “peşman deyiləm, Vətən çağırsa, yenə gedərəm” deyirlər. Bu şanlı tarixi bu insanlar yazdı. Vətən, dövlət də bunu layiqincə dəyərləndirir.

Müharibədə sağlamlığını itirmiş döyüşçülərimiz üçün ən müasir protezlər sifariş olunub, imkan daxilində onların cəmiyyətə tam inteqrasiyası üçün şərait yaradılır, onlar rəsmi və qeyri-rəsmi şəkildə, məsul şəxslər və könüllü olaraq vətəndaşlar tərəfindən qayğı və diqqətlə əhatə olunmuşlar. Axı, bizə bu başucalığını onlar yaşatmışdır. Bir şəhidin atası demişkən, “onlar bizim yerə düşmüş papağımızı qaldırıblar”.

Bu günə kimi İkinci Qarabağ müharibəsinin 100-dək qazisi dünyanın aparıcı firmalarının istehsalı olan ən yüksək keyfiyyətli protezlərlə təmin olunmuşdur və bu protezlər onları normal həyata qaytarır. Bu günlər sosial şəbəkələrdə paylaşılan xəbər hamını sevindirdi: Xüsusi Təyinatlı Qüvvələrin mayoru qazimiz Rzayev Poladın hər iki ayağına protez qoyulub. Bu gəncin yenidən ayaq tutub gəzməsi ananın övladının ilk addımı kimi kövrək duyğular oyadır. Əminik ki, bütün qazilərimizin tədricən sağlamlıqları bərpa ediləcək.

Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib. Bu qayğı müvəqqəti deyil, onlar yaşadıqca, həmişə qayğı və diqqətlə əhatə olunacaqlar, şəhidlərimizin isə bizə əmanət qoyduqları valideynləri, övladları həmişə, hər yerdə ehtiramla qarşılanacaq, qayğı ilə əhatə olunacaq. Buna heç kimin şübhəsi ola bilməz. Əks halda, igidlərimizin qanı ilə suvarılmış torpaqlarımız bizə bunu bağışlamaz!”