“Ümumi iqtisadi göstəricilər arasında qeyri-neft sektorunun payı da artmaqdadır” – Deputat

Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində iqtisadiyyatımızda son illər müsbət artım tempi müşahidə olunur. Ümumi iqtisadi göstəricilər arasında qeyri-neft sektorunun payı da artmaqdadır.

Ölkənin iqtisadi və sosial vəziyyətinə təsir edən əsas sahələrdən biri tikinti sektorudur. Son illərdə Azərbaycanda tikinti-quruculuq işləri böyük vüsət almağa başlayıb. Tikinti sektorunun dinamik inkişafı ilə bərabər, təəssüf ki, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən qayda və tələblərdən yayınma müşahidə olunur. Bu da öz növbəsində həmin tikililərin dayanıqlıq və möhkəmlik baxımından etibarlılığının qiymətləndirilməsini və əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını çətinləşdirir. Beləliklə, mövcud vəziyyət tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi zərurətini yaratmışdır. Bütün bunlar nəzərə alınaraq tikinti və şəhərsalma sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilmişdir.

Eyni zamanda qeyd etmək istərdim ki, 2019-cu ildə  cənab Prezident tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərman imzalanmışdır. Fərmanın icrası nəticəsində mənzillərin ümumi sahəsi 8,5 milyon m2 olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının (çoxmənzilli yaşayış kompleksinin) dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinə edilmiş, həmin müayinələrin müsbət nəticələri əsasında istismarına icazə verilmişdir.

Bu istiqamətdə növbəti addım olaraq qeyri-yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər  haqqında”  14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanmışdır. Burada 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan  qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur.

Digər dəyişiklik isə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Ümumillikdə bu istiqamətdə atılan addımlar qanuni əsas olmadan tikilmiş qeyri yaşayış obyektlərinin təhlükəsiz istismarının təmin edilməsinə, istismara yararlı tikinti obyektlərinin qanuniləşdirilməsinə və gələcəkdə belə tikililərin ərsəyə gəlməsinin qarşısının alınmasına xidmət edir.

Əminəm ki, tikinti sahəsində son zamanlar qəbul olunan qanunlar müasir standartlara cavab verən binaların tikintisinə imkan yaratmaqla yanaşı yüksək keyfiyyətli tikinti materiallarının istifadəsinə və istehsalına dəstək verəcəkdir. Bununla yanaşı qeyd etmək istərdim ki, bu qanunların tətbiqi nəticəsində ölkəmizdə daha müasir, keyfiyyətli və davamlı binalar inşa ediləcəkdir ki, bu da öz növbəsində vətəndaşların rifah halının yaxşılaşdırılmasına və təhlükəsizliyinə xidmət edir.

Emin Hacıyev

Deputat