Ümummilli lider Heydər Əliyevin əvəssiz missiyası

Azərbaycan tarixi şərəfli və keşməkeşlidir. Dövlətçilik tariximizin ən parlaq günlərindən biri 1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun – Milli Qurtuluş günüdür.Bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın müstəqilliyində və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir lider – Heydər Əliyevdir.

Düşünürəm ki, hər bir şəxsin bu həyatda müəyyən missiyası vardır. Ulu öndər Heydər Əliyevin missiyası isə ölkəmizi xilas etmək idi. Onun uğurlu siyasətini illər və günlər keçdikçə daha da dərk və təqdir edirik. Bildiyimiz kimi, sosial-iqtisadi proqramların təşkili və ya hər hansısa dövlət əhəmiyyətli problemin uğurlu həlli stabil dövlətin mövcudluğundan asılıdır. O zamanlar isə təəsüf ki, bu günkü inkişaf edən və stabil Azərbaycandan əsər əlamət yox idi. Mövcud beynəlxalq arenada öz sözünü deyən, regionda lider olan, daxili nizam intizamı ilə nümunə olan Azərbaycanın banisi ulu öndər Heydər Əliyev qoruyucusu isə prezident İlham Əliyevdir. Müstəqillik əldə etdikdən sonra onu qoruyub saxlamaq daha da çətindir. Onun saxlanılması üçün xalqı birləşdirən milli ideologiyaya ehtiyyac var idi. Azərbaycançılıq milli ideologiyasını yaradıb tətbiq edən tarixi şəxsiyyət Heydər Əliyev beləliklə ölkəmizi birləşdirdi. Aydındır ki, birlikdə olan xalq güclü dövlət qurmaq iqtidarındadır. Ulu öndərin əsasını qoyduğu güclü siyasət prezident İlham Əliyev tərəfindən müasir dövrün bütün tələblərinə uyğun olaraq uğurla davam etdirilməkdədir. Müasir Azərbaycanımız dünyada etibarlı tərəfdaş olaraq böyük nüfuza malikdir. Beynəlxalq təşkilatların aktiv üzvü olan ölkəmizin təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr qurulur və inkişaf etdirilir. İqtisadiyyatımız müqayisə olunmayacaq dərəcədə inkişaf etmiş, ölkəmiz donor dövlətə çevrilmiş və hətta kosmik dövlətlər klubuna daxil olmuşdur. Əldə etdiyimiz uğurlar ilk növbədə dahi şəxsiyyət Heydər Əliyev, prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətlərinin bəhrəsidir. Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayıram.

Jalə Əhmədova
Milli Məclisin deputatı