Ümumxalq partiyası

Yeni Azərbaycan Partiyasının yaranmasından 26 il ötür. Yüz minlərlə insanı ətrafında birləşdirən, sayı milyonu ötən təəssübkeş dəstəyə malik olan bir təşkilatın fəaliyyətində bu tarix əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin siyasi tarixində əlahiddə hadisə kimi səciyyələnir. Ən azı o baxımdan ki, YAP Azərbaycanda əldə edilən misilsiz uğurların şəriksiz müəllifi olan mövcud iqtidarın siyasi istinadgahı və hakim komandanı bilavasitə təşkil edən özəkdir.

Azərbaycanın siyasi flaqmanı

1990-1992-ci illər yaxşı xatirimizdədir. Böhran içində olan, müstəqilliyindən bəhrələnə bilməyən, Qarabağda erməni işğalı ilə, təxribatlarla üzləşən, vətəndaş müharibəsinin ərəfəsində olan respublikamız ümidsizlik ovqatında idi. Vətəndaşlarımız birmənalı olaraq anlayırdılar ki, Azərbaycanı məhv olmaqdan xilas edəcək yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Yüz minlərlə insan məhz ulu öndərin yaradacağı və rəhbərlik edəcəyi yeni siyasi gücdə təmsil olunmağı arzulayırdı. Bu mənada 26 il əvvəl YAP-ın yaranması xalqın və zamanın tələbi, sosial sifariş olaraq meydana çıxdı. Bu siyasi təşkilatın fəaliyyət salnaməsi isə əslində, elə müstəqil Azərbaycan dövlətinin tarixidir.

1993-cü ilin məlum iyun hadisələri xalqın tələbi ilə o vaxtkı iqtidarı Heydər Əliyevi Bakıya – ölkənin taleyini həll etmək üçün çağırmağa vadar etdi. Beləliklə də tarixi proseslər Heydər Əliyevə ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasına isə hakim partiya statusu həvalə etdi. Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşması və vətəndaş cəmiyyətinin qurulması prosesi başlandı. Bu, partiyalaşma prosesinə də öz ciddi təsirini göstərdi. Partiyamızın sədri Heydər Əliyevin uğurlu siyasi xətti ilk gündən YAP-ı Azərbaycanın siyasi səhnəsinin ön sırasına çıxardı.

Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən artıq üzvün birləşməsi, nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatına çevrilməsi ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi və hər zaman partiyanın fəaliyyətinə bələdçilik etdiyi “Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə, hörmətə malik olan siyasi partiyadır” fikrinin təsdiqidir. Fəxrlə deyə bilərik ki, YAP həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

2003-cü ildən sonra ulu öndər Heydər Əliyevin siyasi yolunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin ötən 15 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib. Bu baxımdan, YAP-ın fəaliyyətini həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin fəaliyyətləri çərçivəsində təhlil etmək lazımdır. Bu gün Azərbaycan dövlətinin inkişafında əldə olunan misilsiz nailiyyətlər, siyasi proseslərdə bərqərar olan mühüm təkmilləşmələr və demokratikləşmə də qüdrətli sədrlərimizin – ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyytlərinin nəticəsi və həm də YAP-ın siyasi töhfələri kimi səciyyələnməlidir.

YAP həm də uğur partiyasıdır. Bunu partiyamızın indiyədək keçirilmiş bütün seçkilərdəki qələbələri təsdiq edir. Bəli, bu illərdə keçirilən 6 prezident, 5 parlament, 4 bələdiyyə seçkilərinin qalibi YAP-ın namizədləri olmuşdur. Hər bir seçkidəki qələbə bir tərəfdən YAP-ın seçki kampaniyasının uğurunu, digər tərəfdən ölkəmizin siyasi-ictimai həyatındakı mövqeyini və rolunu bir daha nümayiş etdirir.

Son seçkilər YAP-ın möhtəşəm qələbəsi kimi tarixə düşdü

YAP bu gün ölkənin ən qabaqcıl siyasi avanqardı, müstəqil dövlətimizin kamil ideya, fikir məktəbidir. Bu ilin aprel ayında keçirilən prezident seçkiləri də bütün siyasi nəticələri ilə yanaşı, həm də YAP-ın qələbəsi və siyasi nailiyyəti kimi yaddaşlara həkk olundu. Bu seçkidə bir daha sübut olundu ki, Azərbaycan demokratiya yolu ilə inamla inkişaf edən dövlətdir. Eyni zamanda, prezident seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan ictimaiyyətinin mütləq əksəriyyəti mövcud siyasi kursu dəstəkləyir və ölkədəki inkişafın davamlı olmasını arzulayır. Hazırda Azərbaycan dövləti və xalqı qarşısında öz missiyasını ləyaqətlə davam etdirən YAP bundan sonra da Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edəcək.

YAP-ın Ağdaş rayon təşkilatı da yarandığı gündən böyük inkişaf yolu keçmiş, öz sıralarını daim genişləndirmiş, partiyamızın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirmişdir. Hazırda Ağdaş rayon təşkilatı partiyanın proqram vəzifələrinin həyata keçirilməsində, rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edir. İldən-ilə fəaliyyətini daha da canlandıran təşkilatımız hər seçkidə fəal olub. Həm seçicilər arasında maarifləndirmə işlərinin aparılmasında, həm də YAP-ın təbliğatının həyata keçirilməsində təşkilat tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir. Bütün bunlar hər seçkidə Ağdaş rayonu üzrə YAP-ın qələbəsinin təmin edilməsində mühüm rol oynamışdır.

Hazırda təşkilatımızda birləşən YAP üzvlərinin sayı 17 min 336 nəfərdir. Onların 52 faizini qadınlar, 42,5 faizini isə gənclər təşkil edir. Müqayisə üçün qeyd etmək istərdim ki, bu gün dağıdıcı müxalifət partiyalarının ümumilikdə üzvlərinin sayı YAP-ın bir rayon təşkilatının üzvlərinin sayına çata bilməz. Ağdaş rayon təşkilatında birləşən üzvlərimiz ölkənin, o cümlədən rayonun ictimai-siyasi, iqtisadi, mədəni həyatında və s. sferalarda fəal iştirak edir, öz əməlləri ilə dövlətimizin inkişafına xidmət edirlər.

Antiazərbaycançı şəbəkə iflasa məhkumdur

Başa çatmaq üzrə olan 2018-ci il Azərbaycan üçün bir sıra mühüm uğurlarla əlamətdardır. Qeyd etdiyimiz kimi, YAP-ın qələbəsi olan prezident seçkiləri həm də bu ilin əsas mühüm siyasi hadisəsi kimi tarixə düşdü. Bununla yanaşı, 2018-ci ildə respublikamızda iqtisadi sferada təqdirəlayiq inkişaf göstəriciləri qeydə alındı, qarşıya qoyulan vəzifələr yerinə yetirildi.

Lakin bir məsələni unutmamalıyıq ki, Azərbaycanın uğurları daim Qərbin bəzi siyasi mərkəzləri tərəfindən qısqanclıqla qarşılanır. Xüsusən, erməni təəssübkeşləri və Ermənistanın lobbiçiliyi ilə məşğul olanlar mütəmadi şəkildə Azərbaycana qarşı siyasi qarayaxma kampaniyası aparırlar. Respublikamızın sürətli inkişafından qıcıqlanan bu dairələr, onların təsiri altında olan bəzi avropalı siyasətçilər ölkəmizə qarşı apardıqları total informasiya müharibəsini son illərdə daha da genişləndiriblər. 2018-ci il də bu baxımdan istisna olmadı. Hələ prezident seçkiləri başlamazdan əvvəl ölkəmizə qarşı çirkin planlara start verildi.

Sosial şəbəkələr üzərindən başladılan bu kampaniyanın əsas iştirakçıları təəssüf ki, sapı özümüzdən olan baltalardır. Məsələ bundadır ki, antiazərbaycançı dairələr ölkəmizə qarşı növbəti çirkin planlarının icrasını Qərb ölkələrinə getmiş bəzi azərbaycanlılara, – əgər onlara azərbaycanlı demək mümkündürsə, – necə deyərlər, “yükləyiblər”. Bir vaxtlar Bakıda AXCP-nin mitinqlərində əllərində plakat tutan və qondarma siyasi iddialarla xarici ölkələrdə yaşamaq istəyən azərbaycanlılar isə aldıqları bütün əmrləri icra etməyə məcburdurlar. Çünki əks təqdirdə, onları bir müddət sonra deportasiya olunmaq təhlükəsi gözləyir.

Bu adamlar onlara verilən əmrləri ən çirkin formada yerinə yetirirlər. Xaricdə Azərbaycanın səfirliyi qarşısında mitinq keçirmək Azərbaycan dövlətinə qarşı çıxmaq anlamına gəlir. Belə olan halda səfirliyimiz qarşısında mitinq keçirən azərbaycanlının ermənidən nə fərqi var? Antimilli hərəkətlərinin insanlar tərəfindən dəstəklənmədiyini, qınandığını və tənqid olunduğunu görən bu insanlar daha çirkin vasitələrə əl atır, dövlətimizi və xalqımızı təhqir etməkdən belə çəkinmirlər.
Hər kəs öz vicdanı qarşısında cavabdehdir. Bu antimilli ünsürlər, orduxanlar və digərləri isə vicdanlarını və milli heysiyyətlərini çoxdan satıblar, indi onlar mənəviyyatsız bir həyat sürürlər. Azərbaycan xalqı onlardan artıq imtina edib. İstifadə müddətləri başa çatdıqdan sonra üz tutduqları ölkələrdəki antiazərbaycançı dairələr də mütləq onlardan imtina edəcəklər. Bax, əsl məşəqqətləri ondan sonra başlayacaq.
Bu gün Avropa ölkələrindən öz tarixi vətəninə qarşı çağırışlar edən sapı özümüzdən olan baltalar daim qarşılarında Azərbaycan xalqını, dövlətimizin təəssübünü çəkən YAP üzvlərini görəcəklər. Necə ki YAP üzvü olan gənclər elə sosial şəbəkələr vasitəsilə həmin milli satqınları tamamilə ifşa ediblər, onların antiazərbaycançı və ermənipərəst dairələrin əlində alətə çevrildiklərini sübuta yetiriblər.

Cavid OSMANOV,
Milli Məclisin deputatı,
YAP Ağdaş rayon təşkilatının sədri