“UNİBANK” müştərilərinə təminat verə bilmir

Uni

Bir neçə gün əvvəl “UNİBANK”-ın müştərisi Kamran Mirzəyevin müraciətini dərc etmişdik. Müraciətin qısa məzmunu belə idi: “ 17 fevral 2014-cü il tarixdə ərizə ilə UNİBANK-a müraciət edərək həmin gün mənə SMS bildirşlərinin gəldiyini və mənə məxsus olan kartdan əməliyyatlar həyata keçirildiyini, 5000 manat pul çıxarıldığını, bu əməliyyatların Tailanddan həyata keçirildiyini bildirmişəm. Bu əməliyyatın mənim iradəmdən kənar həyata keçirildiyini, pulun kimlər tərəfindən çıxarıldığından xəbərim olmadığını bildirərək ərizəmin araşdırılmasını xahiş etmişəm. Hətta bununla kifayətlənməyərək, başıma gələn hadisənin Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qəsd hesab edərək Milli Təhlükəsizlik naziri hörmətli Eldar Mahmudova müraciət edərək tədbir görməsini xahiş etmişəm”. Zərərçəkən onu da qeyd edirdi ki, mən heç zaman Tailandda olmamışam və bununla bağlı banka sənəd təqdim etmişəm. Müştəri haqlı olaraq onu da qeyd edir ki: “ Bank öz müştərilərinin əmanətinin təhlükəsizliyi üçün mövcud imkanlardan istifadə edir ki, bunlardan biri də 3D sistemidir. Yəni müştəri tərəfindən hər hansı ONLAYN ödəniş edilərkən Bank dərhal müştəriyə bu ödənişin təsdiqi üçün PAROL ŞİFRƏ göndərir və müştəri həmin parol şifrəni yığmaqla bu əməliyyatı təsdiq edir. Mənə isə parol şifrə göndərilməmişdir. Hətta Tailand hazırda problemli ölkələr kateqoriyasına daxil olduğundan orada bir neçə dəqiqə ərzində mənim kartımdan 5-6 dəfə böyük məbləğdə pul çıxarılarkən bank dərhal əməliyyatı dayandırmalı olduğu halda bunu etməmiş və bununla da məhz bankın məsuliyyətsizliyi səbəbindən mən həmin məbləğdən məhrum olmuşam”. Bütün bunlara aydınlıq gətirmək üçün Kamran Mirzəyevin vəkili Vüqar Məmmədovla əlaqə saxladıq. O, bildirdi ki: “ Məhkəmə prosesində bankın nümayəndəsi bildirdi ki, ola bilər ki, pulu saxta kartla çəkiblər, əgər belədirsə niyə mənim müştərim məsuliyyət daşımalıdır. Deməli, bank müştəriyə təminat vermir. İstənilən cinayətkar bankdan pulu çıxarda bilər”. Bankın adının çəkilməsini istəməyən əməkdaşı isə müxbirimizə bildirib ki, yəqin ki, Kamran Mirzəyevin xəbəri olmadan pul hesabdan çəkilib. (qafqaznews.az)