Universitetlərdə təhsil müddəti endirilir?

Son günlər sosial şəbəkələrdə təhsil müddətinin qısaldılacağı ilə bağlı məlumatlar yayılıb. Belə ki, yayılan xəbərlərə görə, bakalavr pilləsində tədrisin müddəti 4 ildən 3 ilə, magistratura pilləsində isə 2 ildən 1 ilə endiriləcəyi ilə bağlı xəbərlər yayılıb. Bəs bu xəbərlər nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsil haqqında qanun kifayət qədər gec – 2009-cu ildə qəbul olundu. Bu, təhsil sistemini əhatə edən yeganə qanunvericilik bazası idi. Ardınca 2011-ci ildə ümumi təhsil haqqında qanun, sonra isə peşə təhsili haqqında qanun qəbul edildi. Hazırda Azərbaycanda 42 ümumi, xüsusi təyinatlılarla birlikdə isə 51 ali təhsil müəssisəsi var. Burada 182 min tələbə təhsil alır. Onun böyük əksəriyyəti – 167 mini – bakalavr, yerdə qalan hissəsi isə magistratura pilləsində təhsil alır. Etiraf edək ki, ali təhsil müəssisələrinin məzunları əmək bazarının tələblərinə kifayət qədər cavab vermir. Müəssisə standartlarından uzaq kadr hazırlığı həyata keçirilir. Bunun əsas səbəbi ali təhsil müəssisələrinin idarə edilməsindəki boşluq, eyni zamanda ali təhsil müəssisələrinin texniki bazasının zəif olmasıdır. Artıq Milli Məclisdə ali təhsil haqqında qanun müzakirə edilir. Burada çox ciddi islahatlar gözlənilir.

Qeyd edim ki, islahatlar fonunda istər sosial şəbəkələrdə, istərsə də mətbuatda yayılan bir çox xəbərlərdə ixtisasların bakalavr pilləsinin 3 illik, magistr pilləsinin isə 1 illik olması gözlənilir. Məsələ qanunda da öz əksini tapır. Amma bu, bütün ixtisaslara aid deyil. O ixtisaslar ki, özündə birbaşa elmi potensialı əks etdirmir və birbaşa istehsalatla bağlıdır, həmin ixtisaslar bakalavr pilləsində 3 illik, magistr pilləsində isə 1 illik olacaq. Elmi tədqiqatı özündə əks etdirən digər sahələr isə, əvvəlki qaydada, bakalavr pilləsində 4 illik, magistr pilləsində isə 2 illik olacaq.

Turzim, elektronika mühəndisliyi və s ixtisaslar uzun müddət elmi tədqiqatla məşğul olan sahə deyillər. Eyni zamanda, bədən tərbiyəsi, təsviri incəsənət kimi bəzi qabiliyyət tələb edən ixtisaslar var ki, təhsil alanların 4 il oxumasına ehtiyac yoxdur.

Digər tərəfdən, bizim ali təhsil müəssisələrimizdə tədris zaman kifayət qədər əlavə fənlər keçirilir. Məsələn, tarix fənni ixtisasında oxuyanlara riyaziyyat fənni keçirilir. Bu da tədris ilinin uzanmasına gətirib çıxarır. Hesab edirəm ki, müddətin azaldılması deyiləndə qeyri-ixtisas fənlərinin tədrisinin dayandırılması nəzərdə tutulur. İkinci vacib bir məqamı qeyd edim ki, bu müddətin azaldılması təhsil haqlarına da təsir edəcək.
Bir daha vurğulayım ki, tədris müddətinin qısaldılması bütün ixtisaslara şamil edilməyəcək. Bu müddətin azaldılması, birinci növbədə, Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyasına gətirib çıxaracaq”.