Vəhhabilər Mosulu ələ keçirdi

Vahabi

İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Bir qədər əvvəl Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər. Silahlılar, eyni zamanda, bölgədə bir neçə televiziya binasını da tutublar.

Rəsmilər qrupun yerli həbsxanalardan birindən 1400 nəfəri azadlığa buraxdığını bildiriblər. Yüzlərlə insan zorakılıqlardan qaçmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıb.

Mosulun ətraf rayonlarında silahlı qarşıdurmalar gün ərzində davam edib. Hələlik qarşıdurmalar zamanı nə qədər insan itkisi olması barədə məlumat verilmir.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.