“Vəhşicəsinə qətllər, çoxsaylı yaralılar Azərbaycan xalqının əzmini qıra bilmədi” – Deputat

20 Yanvar hadisələrinin 34-cü ildönümündə,  həm xronoloji, həm siyasi baxış  metodologiyası proseslərin səbəb və nəticəsi arasında əlaqəni tapmağa, məsələni daha aydın formada dərk etməyə imkan yaradır. Xüsusən, torpaq və sərhəd bütövlüyünü, bütün ərazilərində konstitusiya quruluşunu bərqərar etmiş qalib ölkənin vətəndaşı olaraq proseslərə daha aydın rakursdan baxa bilirik.

Xronoloji zəmində diqqət yetirərək, 20 Yanvar ilk növbədə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən soyqırım cinayətləri ilə üzvi formada bağlı olan mütəşəkkil fəaliyyətin davamıdır. 1987-ci ildə, Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsindən azad olunduqdan sonra istər Ermənistan, istərsə də  Azərbaycan ərazisində yaşayan soydaşlarımız məhz başsız qaldıqları üçün rahatlıqla hədəfə alına bilirdi. Azərbaycanın o zamankı rəhbərliyi isə Qorbaçov komandasının xeyir-duası ilə, azərbaycanlıların təzyiq və qətliamlara məruz qalaraq indiki Ermənistan ərazisindən qovulmasına sadəcə xəyanətkarcasına susurdu. Nəticədə, Ermənistan SSR Ali Soveti Qorbaçovun dəstəyindən və Azərbaycanın o zamankı rəhbərliyinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd qorxaq mövqeyindən “cəsarətlənərək”, 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR ilə birləşməsi haqqında qərar qəbul etdi. 20 Yanvar hadisələrindən cəmi 4 gün əvvəl, 1990-cı il yanvarın 15-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyətin elan olunması haqqında” fərmanı imzalandı və bu məqsədli qərar prosesin daha da dərinləşdirilməsinə gətirib çıxardı. Mərkəzin Azərbaycana qarşı qərəzli siyasət yeritməsi, respublika rəhbərliyinin xalqın taleyinə açıq-aşkar laqeydliklə yanaşması, cənab İlham Əliyevin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncamında ifadə etdiyi kimi, “Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları” xalq içində ciddi hiddət yaradır və etirazlara səbəb olurdu. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, “Xalqın bütün məsuliyyəti öz üzərinə götürməkdən, bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün ayağa qalxmaqdan başqa bir yolu qalmamışdı”. Düyün nöqtəsi və Qorbaçov rejiminin özünü ifşası da məhz buradan başlandı. Sovet ordusunun, xüsusi təyinatlı dəstələri və daxili qoşunların böyük kontingenti Bakıya və Azərbaycanın digər bölgələrinə yeridildi. Bu, SSRİ rəhbərliyinin Azərbaycanda haqq-ədalətin bərqərar edilməsini tələb edən xalqa açıq divan tutmaq niyyətinin bəyan edilməsi idi. Çünki Sovet İttifaqının Bakıda da, Azərbaycanın digər bölgələrində də dislokasiya olunmuş ordu, o cümlədən Daxili Qoşun hissələri mövcud idi. Lakin azərbaycanlılarla birgə yaşayan bu hərbi hissələrin arzu olunan formada amansız davranacağı və xalqın milli mənliyini alçaltmaq üçün Sovet hərb maşınının gücünü lazımi səviyyədə nümayiş etdirəcəyi şübhə doğururdu. Qorbaçov rejimi çıxış yolunu digər İttifaq respublikalardan qoşun yeritməkdə görmüş və nəticədə 1990-cı il yanvarın 20-də Bakıda və ölkənin digər bölgələrində misli görünməmiş vəhşiliklər törədildi. Totalitar kommunist rejimi xüsusi qəddarlıqla müşayiət olunan hərbi təcavüzə azərbaycanlıların iradəsini qırmaqla yanaşı, həm də onların Qərbi Azərbaycandan zorakılıqla qovulması və o zamankı “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi reallıqlarını qəbul etdirmək vasitəsi kimi niyyəti güdürdü. Nəticədə, yalnız bir gecə ərzində Bakıda və Azərbaycanın rayonlarında bütövlükdə 131 nəfərin şəhadətə ucalması, 4 nəfərin itkin düşməsi, 744 nəfərin yaralanması və 400 nəfərin həbsi ilə müşayiət olunan dəhşət yaşandı. Lakin Sovet rejimi öz məqsədinə nail ola bilmədi və Ümumilli Lider Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına 29 dekabr 2000-ci il müraciətində də bəyan etdiyi kimi, “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.

Göründüyü kimi, 20 Yanvar qırğını yalnız Bakıda Sovet rejimi əleyhinə etirazların amansızlıqla yatırılmasında ehtiva olunacaq qədər sadə məzmuna malik deyil. 20 Yanvar hadisəsi mərkəzin və yerli dairələrin maraqlarının uzlaşdığı mürəkəb konfiqurasiyanın pik nöqtəsidir. Daha dəqiq desək, Moskvada Qorbaçovun və komandasının öz maraqları, Bakıda isə həm Mütəllibovun, həm də müxalifət  funksiyasını yerinə yetirən Xalq Cəbhəsi rəhbərliyinin öz niyyətləri var idi. Hər üç qüvvə 20 Yanvara hədəfləri naminə fürsət kimi baxırdı. Qorbaçov üçün 20 Yanvar hadisələri azərbaycanlıların milli iradəsinin qırılması üsulu, Azərbaycanın o zamankı hakimiyyəti üçün iqtidarda qalmaq, Azərbaycan Xalq Cəbhəsi üçün isə hakimiyyətə gəlmək imkanı idi. Bu prosesdə Sovet totalitar maşınının amansızlığı qədər azərbaycanın yerli hakimiyyətinin qorxaqlığı və prinsipsizliyi, Azərbaycan Xalq Cəbhəsinin isə xəyanətkarlığı ikrah doğurur.

Törədilmiş cinayət və nəticələri təkzibedilməz olsa da, o zamankı respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini ört-basdır etməyə çalışmış, xüsusən informasiya blokadası yaradılması üçün bütün imkanlar səfərbər edilmişdi. Ölkənin siyasi və dövlət rəhbərlərinin əksəriyyəti şəhidlərin dəfn mərasiminə və Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də faciə ilə bağlı çağırılmış sessiyasına gəlməyə lüzum görməməklə törədilmiş qırğınlarda öz təqsirlərini dolayısı ilə etiraf etmiş oldular. Lakin xəyanətkar gedişlər bununla kifayətlənmədi. 20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları həmin dövrdə heç bir istintaq tədbiri həyata keçirməmiş, dövlət istintaq komissiyasına təhvil verilmiş konkret dəlil və sübutların mühüm hissəsi qəsdən məhz Mütəllibovun komandası tərəfindən Azərbaycandan çıxarılıb aparılmış, həmçinin cinayətlə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv məlumatları məhv edilmişdi. Nəticə etibarilə, Baltikyanı ölkələrdə, Gürcüstanda, Orta Asiyada baş vermiş analoji hadisələr İttifaq səviyyəsində müzakirə edilsə də, 20 Yanvar faciəsinin üzərindən, demək olar ki, sükutla keçilmişdi.

20 Yanvar cinayət üçbucağının üçüncü bucağı isə qeyd edildiyi kimi, Azərbaycan Xalq Cəbhəsidir. Qorbaçov Yenidənqurmasını dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alınan Azərbaycan Xalq Cəbhəsi komendant saatı elan edilməsinə baxmayaraq, məhz özlərinin maraqlarını rəhbər tutaraq xalqa qanunsuz çağırış etməklə, əslində milli iradəni qırmaq üçün fürsət gözləyən totalitar rejimə güc göstərmək fürsəti yaratdı. Düzdür, bu gün Xalq Cəbhəsi xalqı küçələrə çağırmağı milli mübarizə elementi kimi xarakterizə edir, lakin bu məqamda başqa bir sual çıxır, bəs 20 Yanvar hadisələrində xalqı meydanlara səsləyənlər özləri harada idi? Əgər Cəbhə Sovet rejiminə qarşı çıxmaqda səmimi idisə, özü də xalq kütlələrinin qabağında olmalı idi. Sonralar yayılan çoxsaylı faktlar sübut edir ki, Azərbaycan Xalq Cəbhəsinin yeganə məqsədi xalqın qanı hesabına hakimiyyəti zəbt etmək idi.

Təsadüfi deyil ki, 20 yanvar 1990-cı ildə, xalqın qanı hesabına ilk cəhddə hakimiyyətə gələ bilməyən bu qüvvələr, 1992-ci ildə Xocalı faciəsi və bir neçə rayonun qurban verilməsi hesabına hakimiyyəti zəbt etmişdilər. Yəni əslində Cəbhə üçün maraqlı olan xalqın faciəsinə siyasi-hüquqi qiymətin verilməsi yox, iqtidara gəlmək idi və bu mənada, 20 Yanvar faciəsi ilə bağlı proseslərin araşdırılmasında elə Azərbaycan Xalq Cəbhəsi özü də mahiyyətcə kommunist hakimiyyəti qədər maraqlı deyildi. Cəbhəçilərin kafi miqyasda təmsil olunduğu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 20 Yanvar hadisələrinə hüquqi qiymət adı ilə xalqa sırıdığı 1992-ci il 19 yanvar tarixli qərarın səthi xarakter daşıması və özünü doğrultmaması bunu bir daha sübut edir. Ümummilli Lider Heydər Əliyev 1994-cü il yanvarın 12-dəki məhşur çıxışında həmin qərarı elə 20 Yanvar hadisələrinin özü miqyasında cinayət hesab edirdi. “Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir”.

İqtidara gələnə qədər populizm naminə, hakimiyyətin devrilməsi üçün situasiya formalaşdırmaq üçün 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə “çıxış edən” Azərbaycan Xalq Cəbhəsi özü hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün konkret bir addım atmamış, keçmiş SSRİ-nin və Azərbaycanın o zamankı rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş ağır cinayət yenə də bağlı qalmışdı. Əslində bu bir daha göstərdi ki, 1992-ci ilin may-iyun aylarında hakimiyyəti zəbt edən Cəbhə-Müsavat birliyi özündən əvvəlki hakimiyyətdən heç də üstün deyil, əskinə Ulu Öndərin də ifadə etdiyi kimi, “Əgər Mütəllibovun hakimiyyəti dövründə ziddiyətli daxili və xarici siyasət yeridilirdisə, dövlət idarəçiliyi Moskvanın diqtəsi ilə aparılırdısa və hər şey SSRİ-nin bərpa olunmasına tabe edilirdisə, indi beynəlxalq siyasətin obyektiv reallıqlarına, Azərbaycan vətəndaşlarının istək və arzularına zidd, obyektiv gerçəkliyi nəzərə almayan, məqsəd və məramı aydın olmayan, dövlət üçün xüsusi təhlükə kəsb edən siyasət yeridilirdi”. Bu isə elə mahiyyətcə Azərbaycanda daha zərərli bir tendensiyanın, neobolşevizm ab-havasının bərqərar olması demək idi.

Dünya birliyinin reaksiyasına gəlincə, bu gün “azadlıq, insan haqları və demokratiyadan” dəm vuran Qərb o zaman da riyakarcasına davranaraq, 20 Yanvar cinayətini Qorbaçovun “İslam hərəkatı” üzərində qələbəsi kimi təqdim etdilər. Hətta o zaman ata Buş, Marqaret Tetçer və bəzi dirgər qərb siyasiləri əli qanlı Sovet liderinə təbrik teleqramları göndərmişdilər. Bu hələ o zaman Qərbin ikiüzlü mahiyyətinin ifşası idi.

Beləliklə 20 Yanvar hadisələri həm də xəyanətkar və riyakar dairələrin üzə çıxması üçün barometr rolunu oynadı. Xalq xüsusən ölkənin faciəsi üzərindən siyasi divident güdən dairələri tanıdı. Bütün xəyanətlər fonunda xalqın milli ruhu sınmadı və tariximizin bütün taleyüklü dövrlərində olduğu kimi, 20 Yanvar hadisələrində də xalqın əzminin qırılmamasında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynadı. O zaman Moskvada təcrid edilmiş vəziyyətdə yaşayan dahi Lider faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə həyatlarını təhlükəyə ataraq, Azərbaycanın SSRİ paytaxtındakı daimi nümayəndəliyinə gələrək bu qanlı əməliyyata və partiya rəhbərliyinə kəskin etirazını bildirdi. Məhz bu hadisədən dərhal sonra Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştiraka qatıldı. O zamankı hakimiyyətin qorxaq və satqın mövqeyindən fərqli olaraq dahi Lider Azərbaycana, Naxçıvana döndükdən sonra, 1990-cı ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 20 Yanvar faciəsinə hüquqi qiymət verərək baş verənləri Azərbaycan xalqının suveren hüquqlarına qəsd elan etdi. Qəbul olunan sənəddə Ali Məclis 20 Yanvar hadisələrini işğalçı siyasət, dəqiq düşünülmüş hərbi təcavüz, İnsan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması və Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirdi.

Sonrakı dövrlərdə də Ulu Öndərin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi istiqamətində ardıcıl səyləri davam etdi və Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev bir daha 20 yanvar məsələsini gündəmə gətirdi: “Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.

1991-ci il iyunun 19-da Ulu Öndər SSRİ Nazirlər Kabinetinə məktub göndərərək 20 Yanvar hadisələrinə yenidən diqqət çəkərək totalitar rejimi bir daha ifşa etdi. “Yanvar hadisələrindən ilyarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

Nəzərə alaq ki, Ümummilli Lider bu cəhdlər zamanı ölkədə siyasi hakimiyyətdə deyildi, əksinə özü də təqib olunurdu. Lakin O öz nümunəsində bir daha sübut etdi ki, xalqın mənafelərini qorumağa vəzifə borcu yox, həyat amalı kimi baxıb.

Ulu öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra isə ölkə rəhbəri kimi bu istiqamətdə mühüm addımlara start verdi. Ümummilli Lider Prezident seçildikdən cəmi 3 ay sonra isə “20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı” 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsini tövsiyə etmiş, Parlament isə məsələyə xüsusi sessiya həsr edərək, bir neçə gün davam edən iclaslarında proseslərin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları ifşa etmişdir. 1994-cü il mart ayının 29-da Milli Məclisin “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etməsi ilə, nəhayət, ölkə səviyyəsində bu qətliamlara hüquqi mövqe sərgiləndi.
Bu gün ötən 34 illik perioda diqqət edərkən bir şeyi qəti olaraq deyə bilərik, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi həm beynəlxalq, həm dövlətdaxili hüquq müstəvisində baxdıqda, eyni zamanda əməlin subyektiv cəhətini, motiv və məqsədini təhlil etdikdə, Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə cinayət və soyqırım olmaqla, əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Amma vəhşicəsinə qətllər, çoxsaylı yaralılar Azərbaycan xalqının əzmini qıra bilmədi, Prezident İlham Əliyevin dediyi kimi, 20 Yanvar  bizim böyük faciəmiz, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə çevrildi. Qəhrəmanlıq prizmasından baxdıqda isə 20 Yanvar hadisələrinin çoxsaylı xəyanətkarları və cinayətkarları qarşısında yalnız iki qəhraman obrazı var, Heydər Əliyev və Azərbaycan xalqı. Məhz bu prosesdə Xalq  bir daha Heydər Əliyev böyüklüyünün fərqinə varıb
məqsədli şəkildə formalaşdırılan anti-Əliyev təbliğat pərdəsini darmadağın edərək yenidən Ona üz tutdu. Yenidən Heydər Əliyev yoluna uz tutmaq əslində milli oyanışa, qələbələrə, inkişafa gedən yolun başlanğıcı oldu. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror tədbirlərindəki Zəfərlərimizlə işğala, təcavüzə, separatizmə son qoymaqla həm də özünün ən qüdrətli dövrünə qədəm qoyan Azərbaycan dövlətinin hər bir vətəndaşı bu reallıqları dərk edir, milli qisasımızı məhz hərbi-siyasi qələbələrimizlə alınmasının qürurunu yaşayır.

Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı