Vətəndaşlar necə aldadılır?

“İlk olaraq qeyd edim ki, bələdiyyələr çıxarış verə bilməz. Yəni, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatını Daşınmaz Əmlakın Dövlət Reyestri aparır və çıxarışları da ancaq onlar verir”. Bu sözləri hüquqşünas Əkrəm Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda mülkiyyətin üç forması var: “Bunlara dövlət, bələdiyyə və özəl (xüsusi) mülkiyyət forması aiddir. Yəni, kimsə nə isə satırsa, hətta mən dövlətdən nə isə alıramsa, dövlətin hər hansı bir orqanı ilə müqavilə bağlayıram. Yekunda Daşınmaz Əmlakın Dövlət Reyestri çıxarış verməlidir ki, mənim mülkiyyət hüququm tanınsın. Eynilə bələdiyyə də belədir. Əgər, mən bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlayıramsa, bu ilk öncə notarial olmalıdır. Həmin müqaviləni aparıb Daşınmaz Əmlakın Dövlət Reyestrinə verməli və çıxarış almalıyam. Belə çıxarışı başqa heç kim verə bilməz. Yəni, bələdiyyə çıxarış verə bilməz, ancaq müqavilə bağlaya bilər. Müqavilə də heç bir daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd deyil. Əgər müəyyən olunsa ki, ümumiyyətlə bələdiyyənin həmin ərazini satmaq hüququ yoxdur, buna görə də məsuliyyət daşıyırlar”.