V Azərbaycan-Rusiya Regionlararası Forumu başladı

22

V Azərbaycan-Rusiya Regionlararası Forumu işinə başlayıb. Forum Qəbələ Konqres Mərkəzində “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda keçirilir.

Əvvəlcə forum iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və güllər qoyublar.
Sonra Azərbaycan və Rusiyanın nailiyyətlərini nümayiş etdirən sərgi-ekspozisiyalarla tanışlıq olub.

Plenar iclasda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Rusiyanın yüksək səviyyədə əməkdaşlıq etdiyini söyləyib.

İki ölkə arasında ticarət dövriyyəsi 2,6 mlrd. dollardır. Bu gün Azərbaycan Rusiya üçün ixracda 3-cü, idxalda isə 1-ci yerləri tutan ölkədir. Forumun yekununda Azərbaycan və Rusiya Federasiyası arasında sənədlər imzalanacaq.

Qeyd eədk ki, forumda təqribən 500 nümayəndə – hər iki ölkənin Prezident administrasiyalarının, nazirliklərinin rəsmiləri, parlamentlərin deputatları, yerli icra hakimiyyəti orqanlarının başçıları, Rusiya Federasiyasının bir sıra subyektlərinin rəhbərləri, habelə sahibkarlar, qeyri-hökumət təşkilatlarının əməkdaşları və jurnalistlər iştirak edirlər. Forumun təşkilatçıları Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiyanın Regional İnkişaf Nazirliyidir. Foruma hazırlıq iki ölkənin Prezident administrasiyalarının ümumi rəhbərliyi altında aparılıb.

İkigünlük forumda tərəflər energetika, nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcək, habelə turizm, investisiyalar, aqrar sahələrdə əlaqələrin genişlənməsi imkanlarını nəzərdən keçirəcəklər.

Forum çərçivəsində birgə sənədlərin imzalanması nəzərdə tutulub.