Vahid Əhmədov: Vergi Məcəlləsi yenidən hazırlanmalıdır

Vergi yoxlamaları ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklə vergi yoxlamaları zamanı vergi ödəyicisinin işgüzar nüfuzuna xələl gəlməməsinə xüsusi diqqət yetirilməlidir.

XALQ.AZ xəbər verir ki, bunu “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda millət vəkili Vahid Əhmədov deyib.

O qeyd edib ki, elektron qaimə fakturası məsələsində də ciddi problemlər var:

“Son vaxtlar vergilər nazirinin tələbləri ilə sənədləşməyə çox ciddi diqqət yetirilir. Hesab edirəm ki, sənəd məsələsini birdəfəlik ləğv etmək qeyri-mümkündür. Lakin sənəddən başlamış istehlakçıya qədər bütün məsələlər şəffaf olmalıdır.

Xahiş edirəm ki, nazirlik sənədləşmə işində ehtiyatlı olsun ki, sahibkarlar da əziyyət çəkməsin. Eyni zamanda, hər il Dövlət Neft Fonduna transfertləri nəzərə almasaq, Vergilər Nazirliyi xətti ilə büdcəyə 6,5-7 milyard manat həcmində vəsait daxil olur.

Bu vəsait kifayət qədər böyükdür və onun yığılmasında çətinlik yaranır. Təklif edirəm ki, İqtisadiyyat və Vergilər  Nazirliyi proqnozlar verəndə bunu razılaşdırsınlar ki, proqnozlar həqiqətə uyğun olsun. Proqnoz məsələsində ciddi olsunlar”.

Millət vəkili deyib ki, Vergi Məcəlləsi yenidən işlənib-hazırlanmalıdır:

“Yerli vergiləri yerli büdcələrə verməyi təklif edirəm. Nazirliyin bu məsələyə xüsusi diqqət yetirməsi xahiş olunur. Bundan başqa, sadələşdirilmiş verginin faizi çox aşağıdır. Əsas səbəb isə dövriyyənin iki yüz min manat olmasıdır.

Ötən müddətdə manat devalvasiyaya uğradı, ucuzlaşdı, amma bu məbləğ üçün sadələşdirilmiş vergini saxlamışıq. Sahibkarlar ya məcbur olub şirkətlərini bağlayır, ya da yeni şirkət yaradırlar.

Təklif edirəm ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu əldə etmək üçün müəyyənləşdirilən bu məbləğə yenidən baxılsın və bu məbləğ 300-400 min manat səviyyəsinə qaldırılsın”.

RƏSUL