Valideynlər TQDK sədri ilə görüşdü

Meleyke

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə vətəndaşlarla görüş keçirib.
XALQ.AZ-ın TQDK-ya istinadla verdiyi məlumata görə, Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunmuş görüşdə Naftalan və Mingəçevir şəhərlərindən, həmçinin Goranboy rayonundan olan sakinlər iştirak ediblər.

Görüşdən öncə TQDK-nın sədri Naftalan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzüb.

Görüşə gələnlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. Bəzi vətəndaşlar isə ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqqlarının ödənilməsində yaranmış problemlərlə bağlı müraciət ediblər.

TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb. Digər müraciətlərin isə araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb.

Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.