Vasif Süleyman.Dünya yaradan millət-türk

19

 

Bu dünyanı… bir kitabla… “addım-addım gəzmək” imkanı…

Zamanın darmacal vaxtıdır. Heç kimi harasa, nəyəsə yetişməməkdə qınamaq olmur. Hər kəs, şair dostumuz İbrahim İlyaslı demiş «dünya dolanması» ilə məşğuldur. Bəzən gündəlik nəzərdə tutduğun işlər ona sərf olunacaq zamanla tərs mütənasib olduğundan yarımçıq qalır. Vaxtın, zamanın azlığından gileylənənlərdən biri kimi bunun nə olduğunu yaxşı bilirəm. Amma elə şeylər var ki, ona gecikməyə özümə haqq qazandırmıram. Bu günlərdə «Ali və Nino» kitab dükanları şəbəkəsinin Park Bulvarda düzənlədiyi kitab təqdimatına da vaxt ayırmasam….. özümü bağışlamazdım. Azından Qənirə Paşayeva ilə addım-addım TÜRK DÜNYASIna xəyali səfərə çıxmaq imkanını itirəcəkdim…

O, bütün həyat və fəaliyyəti ilə bu ideyanın – TÜRK DÜNYASI varlığının qoruyucusu və daşıyıcısılarından biridir. Çoxşaxəli, zəngin fəaliyyəti bütövlükdə buna həsr olunub desək, – yanılmarıq. Qənirə Paşayevanın millət vəkili, ictimai-siyasi xadim olaraq bütün fəaliyyəti Türk dünyasının tərkib hissəsi olan Azərbaycan həqiqətlərinin dünyanın hər yerindən eşidilməsinə istiqamətlənib. Bütün bu fəaliyyətin kökündə, istisnasız olaraq, «Qənirə Paşayeva» imzalı namuslu bir qələm adamı dayanır. Onun yaradıcılığının daimi izləyicilərindən biri kimi bunu deməyə özümə haqq verirəm. Bu, mənim oxucu qənaətimdir. Eynən bu günlərdə nəfis tərtibatla işıq üzü görən, Qənirə Paşayeva ilə addım-addım TÜRK DÜNYASIna aparan yeni kitabından sonra gəldiyim qənaət kimi.

Annotasiyada qeyd olunduğu kimi, kitabda Bursa, İznik, Bayburt, Amasiya, Karabük və İsparta şəhərlərinin tarixi gəlişmələri, mədəniyyət özəllikləri haqqında dərin elmi-tarixi araşdırmaları, habelə bu bölgələrlə bağlı səfər təəəssüratları yer alıb.

Sadəcə bir təəssürat toplusu da deyil ki, «Türk dünyası»… Bu kitab o dünyanı Qənirə Paşayeva ilə addım-addım gəzmək imkanı y aradır. Sevinirsən ki, bələdçin məhz Qənirə xanımdır.

Bu kitab sadəcə xatirələr kitabı deyil, dedik. Heç də hamı gəzdiyi, gördüyü yerləri beləcə tarixin yaddaşına köçürmür. Dünyanın yarısını əriş-ərğac eyləyənlər hara, nə zaman, niyə getdiyini belə xatırlamırlar. Bu kitab xatirələr fonunda əzəmətli TÜRK TARİXİnə işıq salan dəyərli bir mənbədir. Müəllif haqlı olaraq Türkün tarixini sevin,- deyir, öyrənin deyir, sevə-sevə öyrənin, – deyir. Doğrudan da bir şeyi sevmədən qorumaq, yaşatmaq mümkün deyil.

Kitabda xatirələrin çözələndiyi ilk məkan Bursadır. Bursa, -deyib dünyaya təxminən 600 il hökmdarlıq edən Osmanlı imperatorluğunun ilk paytaxtına aparır oxucunu və onu «Türkiyənin mənəvi paytaxtı da adlandırırlar», -deyir. Ərtuğrul Qazi, Osman Qazi, Orxan Qazi kimi dövlət xadimləri, buradakı tarixi qalalar, türbələr, camilər haqqında geniş məlumat verir və böyük Mustafa Kamal Paşanın bu şəhər haqqında dediklərini oxucunun yadına salır: «Bursayı və bursalıları sevən ilk türk mən deyiləm».

Alimlər diyarı, «açıq hava muzeyi», 1080-ci ildə Səlcuq dövlətinin paytaxtı olan İznik haqqında da maraqlı bilgilər var kitabda. Osmalı dövrünün ilk camisi, mədrəsəsi və imarəti İznikdə inşa edilmişdir. Hacı Özbək Camisi, Davudi Kayseri Türbəsi, Əşrəfi-Rumi Camisi, 1388-ci ildə Osmanlı imperatoru I Muradın anası Nilufər xanımın şərəfinə inşa edilən «Nilufər Xatun İmarəti», xüsusi gözəlliyi ilə seçilir.

Kitabdan bildim ki, İznikdə Dərbənd kəndi var. İstər-istəməz Dəmirqapı Dərpbəndi xatırlayırsan.

Başqa maraqlı bir məqam haqqında müəllif yazır: «Yolüstü İbrahim bəy İznikdən cəmi bir neçə kilometr aralıda yerləşən Yenişəhərə baş çəkməyi təklif edir və maraqlı bir hadisə danışır: «Təxminən XVIII yüzildə Şamaxıdan Anadoluya köçmüş bir azərbaycanlı, Azərbaycan Türkü ailəsi özünə bu şəhərdə gözəl bir mülk qurur. Bİr müddət sonra isə həmin mülkü muzey kimi istifadə etmək üçün dövlətə bağışlayır. Tək istəyi həmin muzeyin adında vətənin bir parçası olan Şamaxının adının olması olur» və artıq neçə illərdir ki, «Bursa, Yenişəhər Şamaxı Evi Muzeyi» bu bölgənin və gələn turistlərin ən çox baş çəkdiyi məkanlardan biridir.

Bir muzeyə verilən adda Azərbaycanın bir parçası olan Şamaxının adının olması sadəcə görüntü deyil. Bunu görən hər kəs istər-istəməz onun yaranma tarixi ilə maraqlanacaq, Azərbaycanı bir daha tanıyacaq.

Əfsanələr şəhəri Bayburtdan danışan müəllif yenidən tarixə ekskurs edir: «Bayburtun adı Ağqoyunlular soyundan tutmuş Oğuz xana qədər uzanan bütün tarixi mənbələrdən ünlü bir isi m kimi keçməkdədir. Tarixi mənbə istinad verir ki, Ağqoyunlular XII əsrdə Azərbaycandan Doğu Anadoluya gəlib Urfa, Mardin və Bayburt bölgələrinə yetişmişdir, Kitabi-Dədə-Qorqud dastanın ayrı-ayrı boylarının yaranması və yayılmasında bir çox oğuz tayfaları ilə yanaşı, xalqımızın soykökündə duran Ağqoyunlu tafalarının mühüm rol oynadığı tarixi şəhadətdir».

Şahzadələr şəhəri Amasiya, beş min ildən artıq bir tarixi özündə daşıyan Karabük, «Türkiyənin gül bağçası» olan İsparta haqqında xatirələrə bilərəkdən toxunmadım. Elə bilirəm ki, Qənirə Paşayeva ilə addım-addım TÜRK DÜNYASInı ziyarət etmək hər bir sayğıdəyər oxucunun öz halal haqqıdır. Bu haqqı onun əlindən ixtiyarımız yoxdur.

Bu kitabı oxuyanda nədənsə yadıma Mirzə Fətəli Axundzadənin «Şətrənc oyunu» (Şahmat oyunu) adlı şeiri düşdü. Təxminən otuz əvvəl oxuduğum bu şeir mənə bir oxucu olaraq diqtə edirdi ki, şahmat oynaya bilməyən bir insan bu şeiri misra-misra oxumaqla gedişlər edə və nəhayətdə bu oyunu oynaya bilər. Bir neçə misrası hələ də yaddaşımdadır:

Bir şah, bir vəzirdir -iki fili-nər,

İki at, iki top durub səfərbər.

Səkkiz piyada var ikinci səfdə,

Şaha keşik çəkir qabaq tərəfdə.

Altmış dörd xanadır oyun məclisi,

Qaradır bəzisi, ağdır bəzisi.

Sakit gedə bilər şah xana-xana,

İrəli ya geri, bütün dörd yana.

Vəzir həm çəp gedər, həm də düzünə,

Meydanda açıqdır hər yan üzünə.

Atların yürüşü olar çətəndaz,

Toplarsa düz gedər çəpinə vurmaz.

O iki xananı adlayar birdən,

Sağdan sola düşər qalxdığı yerdən.

Və şeirin sonunda yazır ki;

Onda mat bil onu son zamanıdır,

Əsirdir, dünyadan köçmək anıdır.

«Nədənsə» desəm də, əslində niyə xatırladığımın da fərqindəyəm. Bilirəm ki, uzun illərin sınağından çıxan bir həqiqət var. Bir dəfə görmək yüz dəfə eşitməkdən yaxşı olsa, o bir dəfəni görməyənlər üçün yazılı mənbələr hər şeydən dəyərlidir. Mirzə Fətəli Axundzadənin «Şətrənc oyunu» şeirini oxumaqla şahmat oynamaq mümkün olduğu kimi, Qənirə Paşayevanın «Türk dünyası» kitabını oxumaqla xəyali də olsa o yerləri gəzmək və görmək olur. Yazılı mənbənin ən böyük uğuru da məhz bundadır. Türkiyədə mən də olmuşam, ancaq sırf işimlə bağlı. Ta mənim «Türk dünyası» kitabındakıları nə görmək, nə yazmaq imkanım olmayıb. Müəyyən mənada oxucuya türk dünyası haqqında bilgini «Türk dünyası» kitabı verə bilir. Və bunun özəlliyi bu dünyanı Qənirə Paşayeva ilə addım-addım gəzməkdir.

Sonda bu kitabı araya-ərsəyə gətirənlərdən Əkbər Qoşalının, Sərvaz Hüseynoğlunun, Arzu Məmmədovanın, Ayla Quliyevanın, Arzu Hacıyevanın da bir VAR OLUN payını da əsirgəməyək. Əsirgəməyək ki, onlar hələ bizi TÜRK DÜNYASINI başa-baş gəzdirəcək Qənirə Paşayevaya gələcəkdə də dəstək olsunlar.

Bu kitabla baş-başa qalın. Baş-başa qalın ki, DÜNYA yaradan bir MİLLƏTin – TÜRK DÜNYASI ilə yaxından tanış olun. Hələ bu, birinci cilddir…