Vladimir Putin Ukraynadakı müharibə haqqında: “Danışıqlara hazırıq”

Bunu Rusiya Prezidenti Vladimir Putin Hindistanda keçirilən G20 sammitinə videomüraciətində Ukraynada müharibə haqqında danışarkən deyib.

O bildirib ki, Ukraynadakı müharibəni necə dayandırmaq barədə düşünmək lazımdır: “Bu, faciədir”.

V. Putin söyləyib ki, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib.
O, hərbi əməliyyatları faciə kimi qiymətləndirib.
Rusiya liderinin sözlərinə görə, Rusiya Ukraynada ədalətə nail olmağa çalışır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.