Vüsal Hüseynov görüş keçirib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Sankt-Peterburq Hökumətinin üzvü – millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi üzrə komitənin sədri Oleq Kapitanov ilə görüşüb.

DMX-dən bildiriblər ki, görüşdə Xidmət rəisi Azərbaycan ilə Rusiya arasında mövcud tarixi əlaqələrdən, yaxın qonşuluq münasibətlərindən bəhs edib. O, dövlətlərimizin başçıları arasında sıx dostluq münasibətlərinin olduğunu, çoxsaylı görüşlərin qarşılıqlı faydalı əməkdaşlığın inkişafında xüsusi rolunu qeyd edib.

Görüşdə DMX tərəfindən görülən işlər, tətbiq olunan innovasiyalar, miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə məlumat verilib. Həmçinin təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin, iki ölkənin miqrasiya qurumları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

O.Kapitanov ölkələrimiz arasında sıx münasibətlərin olduğunu diqqətə çatdırıb, səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.