Xəyalları reallığa çevirən lider – İlham Əliyev

Siyasi lider o şəxsdir ki,  xalqının, dövlətinin üzləşdiyi ən çıxılmaz mürəkkəb situasiyadan çıxış yolu tapıb problemlərini milli maraqla çərçivəsində həllinə nail ola bilsin. Azərbaycan xalqının  bu baxımdan bəxti gətirib ki, onun cənab  Prezident İlham Əliyev kimi problemlərini, üzləşdiyi ən çətin və mürəkkəb şəraitdən çıxarmağa qadir müdirk, uzaqgörən, qətiyyətli və cəsarətli bir siyasi lideri var. Bu gün əminliklə deyə bilərik ki, cənab İlham Əliyev nəinki ən çətin situasiyalarda mahir diplomat kimi davaranıb məsələni  millətinin və dövlətinin maraqlarına uyğun formada, o cümlədən xəyal etdiyi belə məsələləri reallığa çevirməyi bacaran liderdir.   Ermənistan-Azərbaycan münaqişəsinin həlli bunun bariz nümunəsidir. Hansı ki, 30 ilə yaxın müddətdə Azərbaycan xalqı bu münaqişənin həllini ancaq xəyal edirdi. Ancaq cənab Prezident, mahir  diplomat, sərkərdə, Ali Baş Komandan İlham Əliyevin  məqsədyönlü müdrik, qətiyyətli, cəsarətli  siyasi fəaliyyəti nəticəsində  Ermənistan-Azərbaycan münaqişəsi  Azərbaycanın milli maraqlarına uyğun şəçkildə həllini taparaq, ərazi bütövlüyü təmin edildi. Təcavüzkar Ermənistan  məğlub edilərək kapitulaysiya aktına  məcbur edildi və bununla da Qarabağ münaqişəsi tarixə qovuşmuş oldu. 

 Xəyalı reallığa çevirən lider

 Xəyal edilən Qarabağ  münaqişəsi heç də 44 günlük Vətən müharibəsi nəticəsində həll olunmadı. Bu münaqişənin həlli uzun zaman ərzində cənab Prezident İlham Əliyevin çox gərgin  məqsədyönlü diplomatik fəaliyyəti, eyni zamanda   həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün oldu. Hamıya bəllidir ki, Azərbaycan münaqişənin həllində təkcə Ermənistanla üz-üzə deyildi. Azərbaycan eyni zamanda Ermənistanın havadarları ilə qarşı-qarşıya idi. Təsadüfən deyil ki, cənab Prezident çıxışlarının birində  Ermənistana  açıq mesaj ünvanlayaraq, əgər bacarırsansa gəl təkbətək döyüşək. 

Məhz cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici və beynəlxalq siyasət nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin həllində situasiyanı ölkəmizin xeyrinə dəyişə bildi. İqtisadi,  hərbi cəhətdən qüdrətli olan Azərbaycan diplomatik, informasiya  müstəvisində də qələbə çalmaqla, daxildə   xalqın  yumruq kimi birliyini təmin edərək  düşməni məğlubiyyətə uğratdı.  Bu bacarıq və qabliyyəti ilə cənab İlham Əliyev dünya səviyyəli bir lider olduğunu ortaya qoydu və dünya birliyi onun liderliyini qəbul etməli oldu.

Azərbaycan Prezidenti daxili və xarici siyasətdə həyata keçirdiyi proqramlar sayəsində müstəqil dövlətçiliyi yeni yeni zirvələri fəth etməkdədir. Bunların fonunda Prezident İlham Əliyevin simasında yeni siyasi lider modelinin formalaşdığı aydın görünür. İlham Əliyev hazırda XXI əsrin milli liderliyinin uğurlu nümunəsidir. Həmin kontekstdə Azərbaycan Prezidentinin fəaliyyətinin bir sıra mühüm saydığımız məqamları üzərində geniş dayanmağa ehtiyac duyuruq.

 
Siyasət və vətənpərvərlik: Azərbaycanda sintezi

İndiki tarixi mərhələdə hər bir siyasi liderin fəaliyyətini bütün dünya izləyə bilir. İnformasiya-kommunikasiya vasitələri elə inkişaf edib ki, dövlətə başçılıq edən şəxsin gördüyü işlər sürətlə hər yerə yayılır. Bu, bir tərəfdən, liderlərin göz önündə olmasını təmin edir. Digər tərəfdən, hər bir siyasətçinin fəaliyyətinə dünya miqyasında qiymət vermək işini asanlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti haqqında dünyanın aparıcı dövlətlərinin rəhbərləri dəfələrlə fikir bildiriblər. Onların hamısı Azərbaycan Prezidentindən müdrik, uzaqgörən, əməkdaşlığa açıq və etibarlı, dövlət işlərini dərindən bilən və yüksək diplomatik bacarığa sahib lider kimi bəhs ediblər.
Əlbəttə, hər bir azərbaycanlı üçün ölkənin başçısına digər ölkələrin rəhbərlərinin yüksək qiymət verməsi qürur mənbəyidir. Həm də bu hörmətin arxasında İlham Əliyevin gərgin zəhmətinin, yüksək ailə, siyasətçi tərbiyəsinin, Vətənə böyük sevgisinin dayandığını anlamaq gərəkdir. Belə qiymətlər heç zaman asan verilmir – onu qazanmaq lazımdır, konkret əməldə layiq olduğunu göstərmək gərəkdir. Müqayisə üçün deyək ki, Cənubi Qafqazda heç bir siyasi lider barəsində bu cür fikirlər bildirmirlər. Bunlar İlham Əliyevin siyasətçi, lider və şəxsiyyət kimi dərindən öyrənilməsinə  böyük ehtiyac duyulduğunu göstərir.

Burada bir vacib məqamı vurğulamaq gərəkdir. Ulu öndər Heydər Əliyevin İlham Əliyev kimi liderin yetişməsində zəhməti və xidməti olduqca böyükdür. Ümummilli liderin fəaliyyətinə yaxından bələd olması ilə bərabər, onun təcrübəsini də tam əxz edib, praktiki fəaliyyətdə tətbiq etmək, əlbəttə, insanın özündən yüksək bacarıq tələb edir. Bununla yanaşı, Heydər Əliyevin yeni siyasi lider yetişdirmək qabiliyyətinin çox yüksək səviyyədə olduğunu etiraf etmək gərəkdir. Bütün bunlara görədir ki, Heydər Əliyev məktəbini keçmiş bir Prezidentin, siyasi liderin və şəxsiyyətin müstəqil dövlət quruculuğunda əldə etdiyi nailiyyətlər təsadüf sayıla bilməz. İlham Əliyev uğurlu siyasi varisliyin ən gözəl nümunəsidir!

Alimlər bir məqama diqqət çəkirlər: İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi on yeddi il müstəqillik dövrünün yarıdan çoxunu təşkil edir. Bu müddətdə Azərbaycan müstəqillik və suverenlik yolunda böyük məsafə qət edib. Konkret deyilsə, on yeddi il mürəkkəb bir geosiyasi məkanda yerləşən dövlət üçün daim uğurlar ili olub. Buna nail olmağın nə qədər çətin olduğunu sübut etməyə ehtiyac yoxdur. Adi müqayisələrdə həmin reallığı açıqca görmək mümkündür. Burada başqa bir məqam önəm kəsb edir.

Son on yeddi ili dövlət quruculuğu prosesi kontekstində üç aspektdə əhəmiyyətli hesab etmək olar. Birincisi, bu illər keçid proseslərinin yekunu baxımından əhəmiyyət daşıyır. İkincisi, keyfiyyətcə yeni inkişaf mərhələsinə start verilib. Üçüncüsü, cəmiyyətin bütün sferaları bir-biri ilə həmahəng şəkildə hərəkətə gətirilib və sürətli, davamlı inkişaf xətti müəyyənləşdirilib. Vurğulanan faktorların hər birinin dövlət quruculuğunda konkret yeri və rolu vardır. Onlar bir-birini mərhələ kimi ideal şəkildə tamamlayırlar. Bu şərt bütövlükdə dövlət quruculuğunu sistemli və müntəzəm olaraq həyata keçirməyə imkanlar yaradır. Onun müəllifi isə Prezident İlham Əliyevdir.
 

Liderlik keyfiyyəti: İlham Əliyev nümunəsi


Bütün dünya liderləri etiraf edirlər ki, İlham Əliyev mükəmməl və səmərəli enerji siyasəti yeridən Prezidentdir. Bu baxımdan 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin (uzunluğu 980 kilometrdir) istifadəyə verilməsi mühüm tarixi hadisə kimi qəbul edilir. Bundan əlavə, 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməlinin qoyulması növbəti strateji xarakterli uğur sayılır. Bu, layihənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynadığının faktiki təsdiqidir.
Bölgədə ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin uzunluğu 3500 kilometr, ümumi dəyəri isə 40 milyard dollardır. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. Nəhayət, bu ilin payızında Türkiyədə TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilib.
Onu da xatırladaq ki, 2017-ci il sentyabrın 14-də “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddətinin 2050-ci ilə qədər uzadılması ilə bağlı sənədlər imzalanıb. Yeni şərtlərə görə, SOCAR-ın payı 11 faizdən 25 faizə qaldırılmalı və mənfəət neftinin 75 faizi Azərbaycana verilməlidir. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəkdir.
Bunların fonunda Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin Cənubi Qafqazda geosiyasi qovşağı olması ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Bütövlükdə isə Azərbaycan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində aktiv bir iştirakçıdır. Bütün bunlar birbaşa İlham Əliyevin xidmətləri ilə bağlıdır.
Əlbəttə, İlham Əliyevin xarici siyasət kursunun uğurları müstəqil dövlətçiliyimizin inkişafı aspektində böyük əhəmiyyət kəsb edir. Hələ 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdi. Ölkəmiz 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edir.

 Cənab Prezidentin beynəlxalq müstəvidəki fəaliyyətində əldə etdiyi uğurlar hamıya məlumdur. Həmin kontekstdə ölkə rəhbərinin sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələr çox qiymətlidir. İlham Əliyev bu sferada bir çox təşəbbüslər irəli sürüb və onlar uğurla həyata keçirilir. Məsələn, “Bakı prosesi” və Bakı Beynəlxalq Humanitar Forumu buna nümunədir. Regional əməkdaşlığın yeni formatları da həmin bağlılıqda olduqca yüksək qiymətə layiq nəticələr verməkdədir. 
Vurğulanan məqamlar onu deməyə əsas verir ki, İlham Əliyev müstəqil Azərbaycan tarixində yeni bir eradır. Bu eranın başlıca xüsusiyyəti məxsusi inkişaf mərhələsi olmasındadır. Eyni zamanda, bu mərhələ müstəqil dövlətçiliyin özünütəsdiq dövrüdür. Dövlətçiliyin özünütəsdiqi tarixi əhəmiyyətli hadisədir. Təcrübə göstərir ki, heç də bütün ölkələr bu mərhələni uğurla keçə bilmirlər. Onlar bir sıra hallarda, ümumiyyətlə, müstəqil dövlətçiliyin özünütəsdiqinə nail ola bilmirlər.

Azərbaycanda isə bu mərhələ uğurla keçilib. Bütün dünya Azərbaycanı müstəqil, suveren, özünün inkişaf kursu olan ölkə kimi qəbul edir. Cənubi Qafqazda ancaq Azərbaycan həmin istiqamətdə sistemli fəaliyyət göstərir. Burada siyasi liderlərin və ekspertlərin vurğuladığı bir özəlliyi də xatırlamağa dəyər. Onlar qeyd edirlər ki, Azərbaycan nəinki regional təhlükəsizliyin təmintaçılarından biri, həm də yeni təhlükəsizlik modelləri təşəbbüsünü göstərən aktiv regional geosiyasi oyunçudur. Bu, İlham Əliyevin həyata keçirdiyi siyasi kursdan məntiqi olaraq alınan nəticədir.

İlham Əliyevin xarici siyasət kursunda təhlükəsizlik modelinin əsasında regional əməkdaşlıq fəlsəfəsi dayanır. Regional əməkdaşlıq qarşılıqlı fayda gətirən, bərabərhüquqlu və bir-birinin daxili işlərinə qarışmadan həyata keçirilən proqramların sintezidir. Bu üsulla regionda yerləşən dövlətlər ancaq qarşılıqlı fayda verən və kimsənin haqqını pozmayan münasibətlər çərçivəsində fəaliyyət göstərirlər. Bununla da regional təhlükəsizlik səmərəli əməkdaşlıq prinsipləri üzərində bərqərar olan proses kimi özünü təsdiq edir.
İlham Əliyevin bu siyasi xətti özünü tam doğruldur. Regionun ən böyük dövlətləri səmərəli əməkdaşlıq edə bilirlər. Onların maraqlarının balanslaşmasında isə Azərbaycan ciddi rol oynayır. Bunlara görədir ki, Azərbaycan Prezidentinə regionun bütün böyük dövlətlərinin başçıları xüsusi hörmət və rəğbətlə yanaşırlar.

Onu da qeyd etmək yerinə düşər ki, Qarabağ münaqişəsinin həlli isə regional və regionlararası əməkdaşlıq üçün yeni imkanlar açır. Qarabağ münaqişəsinin həlli  bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və  inkişafında xüsusi rol oynayacaq.  Bu da cənab İlham Əliyevin  mürəkkəb xarakterli  münaqişəni həll edən lider olduğunu  sübut etdi.
Bütün bunlar, eyni zamanda, İlham Əliyevin XXI əsrin xarizmatik milli lideri olduğunu göstərən özəlliklərdir. XXI əsrdə milli lider obrazı özlüyündə zəngin çalarlara malikdir. İlham Əliyev Cənubi Qafqazın mürəkkəb geosiyasi özəlliklərinə və Azərbaycanın keçdiyi xüsusi dövlətçilik tarixi yoluna görə son dərəcə maraqlı keyfiyyətlərə sahib liderdir. Şübhə yoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin liderlik və şəxsi keyfiyyətlərini geniş və dərindən təhlil edən araşdırmalar aparılacaqdır. Azərbaycan xalqının öz rəhbərinə inamı sonsuzdur!

Milli Məclisin deputatı Aydın Hüseynov