Xaçmazda 30 ailəyə ziyan dəydi

Xacmaz-1

Xaçmazda əsən külək sakinləri xeyli ziyana salıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən axşam saat 20 radələrində Xaçmaz şəhəri, Mirzə Fətəli Axundov küçəsində yaşayan 48 ailənin elektrik təhcizatını həyata keçirən transformatordakı qısaqapanma əməlli-başlı problemə səbəb olub.

Belə ki, 30-a yaxın ailənin bütün məişət avadanlıqları (televizor, soyuducu, hamam qızdırıcıları, peyk antennaları və s.) sıradan çıxıb. Dərhal yaranmış problemlə bağlı Xaçmaz elektrik şəbəkəsi sakinlər tərəfindən məlumatlandırılıb. Hadisə yerinə gələn elektriklər yaranmış texniki nasazlığı küləklə izah etməyə çalışıblar. Elektriklər yaranmış problemi 3 saat ərzində həll edib və evlərdə sıradan çıxmış məiçət avadanlıqlarına baxış keçiriblər.

Lakin elektrik şəbəkənin əməkdaşları sakinlərə dəymiş külli miqdarda ziyanın ödənilməsi ilə bağlı heç bir söz deməyiblər. Yaranmış problemlə əlaqədar Xaçmaz rayon icra hakimiyyəti də məlumatlandırılıb. İcra Hakimiyyəti problemi araşdırmağı tapşırıb.

Bununla belə hələ açıq qalan bir sual var: Sakinlərə dəymiş ziyanı kim ödəyəcək?