Xalq və onun Səsi: seçkilər nəyi göstərdi?

 

66

Seçimlər başa çatdı. Təxminən 2 ay ərzində müxtəlif məzmunlu seçki sloqanlarının təqdim  olunması ilə, bütün iddialı qurumlar tərəfindən xalqa ünvanlanan siyasi çağırışlarla, və get-gedə güclənən siyasi ehtiraslarla müşayət olunan proses nəhayət oktyabrın 9-da özünün kulminasiya həddinə çatdı və seçkiyə bir gün qalmış sakitləşərək seçicilərin  qərarını gözlədi. Bütün olayları səbrlə, təmkinlə izləyən seçicilər qərarlarını Ana Yasamızda nəzərdə tutulduğu kimi,  öz səsləri ilə ifadə və təsdiq etdilər. Heç bir möcüzə baş vermədi.

Əslində əvvəlki dəfələrdən fərqli olaraq bu dəfə onsuz da heç bir tərəf artıq möcüzəyə ümid etmirdi və yəqin ki, hər bir namizəd öz nəticələrini əvvəlcədən də aydın təsəvvür edirdi. Buna baxmayaraq möcüzəsiz də ötüşmədi. Eyni masa arxasında oturub seçki prosesinin nəticələrini şərh edən siyasi qonaqlarımız azərbaycanlılardan daha çox özləri bir-birini təəccübləndirdilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəsmisinin açıqlamasından sonra mətbuat konfransının keçirildiyi zalda yaranan ajiotaj qonaqları şaşırdı. Elə həmin masa arxasında oturub açıqlamanın hələ davam etməkdə olan tərcüməsini dinləyən ATƏT–in qısamüddətli Müşahidə Missiyasının rəhbəri Mişel Vuazənin təəccübdən bir müddət özünə gələ bilməməsi şəraitində davam edən konfrans, nəhayət onun, yəni Mişel Vuazənin yanında oturan həmkarının şərhi ilə razılaşmadığını bəyan etməsi ilə öz məcrasına qayıtdı.  Zaldan gələn etirazlı suallara cavab tapa bilməyən DTİHB rəsmiləri mətbuat konfransını yarımçıq tərk etməli oldu. Cənab Vuazən isə özünün rəhbərlik etdiyi Müşahidə Missiyasının qənaətinə görə Azərbaycanda  demokratik, şəffaf və ədalətli seçkilər keçrildiyini elan etdi və digər beynəlxalq qurumların da  prezident seçkilərinə münasibətinin oxşar olduğunu bildirdi.

Bu mətbuat konfransı bəzi epizodları ilə 2003-cü il seçkilərindən sonrakı mətbuat konfransını xatırladırdı.  Bu iki səhnə arasında mühüm bir eynilik və həm də mühüm bir fərq var idi. 2003-cü il seçkilərindən sonra Müşahidə Missiyasının şərhi səslənərkən də ajiotaj yaranmışdı. O zaman da DTİHB-nun ilkin hesabatında səslənən “…seçki prosesi Avropa standartlarının bəzi müddəalarına tam cavab vermədi…” açıqlaması zalda oturanlar tərəfindən alqışlarla qarşılanmışdı. Bu alqışlarla Azərbaycan səslənən tənqidi qeydləri səmimyyətlə qəbul etdiyini ifadə etmişdi. On il sonra eyni qurumun nümayəndəsinin açıqlamasından sonra səslənən alqışlar yenə da Azərbaycanın səmimiyyətini nümayiş etdirdi. Amma bu səmimiyyət ilkin hesabatda səslənən tənqidi fikrə deyil, Azərbaycan dövlətinə, onun təmin etdiyi azad, şəffaf və demokratik seçkilərin nəticələrinə inamı ifadə edirdi.  Ona görə də 2003-cü ildəkindən fərqli olaraq bu dəfəki alqışlar həm də səslənən fikirlərə etiraz edən hayqırtılarla müşaiyət olundu. Hər iki halda auditoriya  öz səmimiyyətini ifadə etdi. Mühüm fərq isə auditoriyanı bürüyən alqışların ünvanında və məqsədində idi. 2003-cü il alqışları onların açıqlamasını dəstəkləyirdisə, 2013-cü il alqışları  qərəzli və saxta faktlar əsasında hazırlanmış  çıxışı  yarımçıq dayandırmağa məcbur etdi. Daha sonra zalın  etiraz uğultusu altında DTİHB-nun tribunanı tərk etməsi Avropa iqtisadiyyatını bürümüş böhranın onların siyasətində və mənəviyyatında da kök saldığını və əslində, haqqında çox danışılan qlobal iqtisadi böhranın məhz onların yanlış siyasətindən qaynaqlandığını bir daha sübuta yetirdi.

DTİHB–dan fərqli olaraq, AP, ATƏT Parlament Assambleyası, AŞPA, MDB, GUAM, TÜRKPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq və regional qurumların seçkiləri izləmiş Müşahidə Missiyalarının rəhbərləri, eləcə də Fransa, Pakistan, İtaliya, ABŞ kimi ölkələrin qanunvericilik orqanlarını təmsil edən müşahidəçilər, bir sözlə dünyanın bütün qitələrindən seçkiləri müşahidə etmək üçün gəlmiş minə yaxın siyasətçilər seçkilərin demokratik bir mühitdə, azad və şəffaf şəkildə keçirildiyini və tələb olunan standartlara cavab verdiyini təsdiq etdilər. Seçkinin yekunlarına dair mətbuat konfransında çıxış edən Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti Firello Provera seçki prosesində heç bir pozuntu halına rast gəlinmədiyini söyləməklə yanaşı,  DTİHB-nun hesabatına da münasibətini bildirdi: “…Bəzi ölkələrdə bəzi qruplar, bəzi insanlar öz vətənlərində olmayan demokratiyanı başqa ölkələrdə görmək istəyirlər…. Mənə bəzi tənqidi fikirlər çatıb. Azərbaycanda 9 jurnalist müxtəlif səbəblərdən həbsxanadadır. Qeyd etməliyəm ki, mənim vətənim İtaliyada 4 jurnalist diffamasiyaya görə həbsdədir. Onlardan birinin yaşı 74-dür. Tənqid olunan başqa bir məqam namizədlərin arasında qadının olmamasıdır. Bunu deyənlərin yadına salmaq istəyirəm ki, ABŞ-da da namizədlərin arasında qadın olmayıb. Amma heç kim deyə bilməz ki, ABŞ demokratik ölkə deyil”. Seçki şərhlərindən belə sitatları çox gətirmək olar. Lakin vacib olanı odur ki, Avropalı müşahidəçilər bunu yalnız Azərbaycanda olarkən deyil, Avropa Birliyinin mötəbər qurumlarında da təsdiq etməkdə davam edirlər. ATƏT PA Müşahidə Missiyasının tərkibində seçkiləri müşahidə etmiş  Avstriyalı  deputat Volfqanq Qrossruk oktyabrın 13-də ATƏT PA-nın payız sessiyasında çıxış edərək, Azərbaycanda seçkilərin azad, şəffaf və deokratik mühitdə keçirildiyini, seçkilərin texniki cəhətdən, seçki komissiyalarının formalaşdırılması və təkmilləşdirilməsi baxımından böyük irəliləyişlərə nail olunduğunu bildirmişdir. DTİHB-nun ilkin hesabatına öz münasibətini bildirən cənab Qrossruk demişdir: “Təəssüflə qeyd etməliyəm ki, bu qurum hər dəfə öz müşahidələrində daha çox Qərb və Avropa mətbuatında dərc edilmiş qərəzli yazılara və fikirlərə əsaslanır. Bu dəfə də belə oldu.”  DTIHB-nun fəaliyyətini tənqid edən Qrossruk həmçinin bildirmişdir ki, bu qurumun seçkilərlə bağlı metodologiyasını dəyişmək lazımdır və ATƏT PA ilə DTİHB arasında yeni iş prinsiplərinə söykənən münasibətlər yaradılmalıdır. Oxşar məzmunlu şərhlər həm Avropa və Amerikada, həm də bir çox digər ölkələrdə bu gün də səslənməkdədir.

Əlbəttə, seçki prosesində əhəmiyyətsiz xırda pozuntuların baş verdiyini nə əcnəbi müşahidəçilər, nə də özümüz istisna etməməliyik. Çünki biz özümüzü hamıdan yaxşı tanıyırıq. Hətta belə bir atalar sözümüz də var: “Pişik öz balasını çox istədiyindən yeyər”. Bir sıra insanların, xüsusən də xırda məmurların bəzən yersiz canfəşanlığından irəli gələn lüzumsuz cəhdlər  nə dövlətin, nə namizədlərin , özəlliklə  də seçilməyə ən çox şansı olan namizədin maraqlarına uyğun ola bilməzdi.  Əgər doğrudan da, bəzilərinin iddia etdiyi kimi, başqalarının əvəzinə səs vermə faktı, hesabatda “izlərinin göründüyünə” eyham edilən “ topa ilə bülleten atılması” faktı  baş veribsə, bunu edənlər həm Prezidentə, həm ölkəmizin imicinnə, həm də çox böyük zəhmət nəticəsində seçkiləri yüksək səviyyədə hazırlayıb həyata keçirən MSK-ya “Ayı xidməti” göstərmiş olublər. Çox güman ki, əlaqədar qurumlar iddia edilən faktları yoxlayaraq bunun baş verib-vermədiyini aydınlaşdıracaqlar. Bu kimi faktların təsdiq olunacağı halda əminəm ki, ölkənin nüfuzuna və insanların inamına xələl gətirən günahkarlar  ən ciddi şəkildə cəzalandırılmalıdır. Amma hələlik Youtube-da yer almış  bu çəkilişlərdən birinin üzərində onun hələ oktyabrın 8-də, yəni seçkilərdən bir gün əvvəl yerləşdirildiyi açıq-aydın görünməkdədir. Belə saxta faktlarla təşkilati cəhətdən son 20 ildə keçirilmiş ən uğurlu seçkilərə kölgə salmağa cəhd edənlərin məqsəd və məramını isə milli təəssübkeşlik bucağından izah etmək və anlamaq mümkün deyil. DTİHB-nun məhz bu kimi faktlara və adı açıqlanmayan müəmmalı “etibarlı mənbələrə” əsaslanaraq qərəzli hesabat hazırlamasının səbəbləri isə onsuz da az deyil.

Birincisi, köhnə formatda idarə olunması get-gedə çətinləşən dünyada öz hegemonluq rolunu itirmək istəməyən dövlətlər fürsət düşdükcə dünyanın digər ölkələrində ictimai-siyasi şüurun aşağı səviyyədə olduğunu və buna görə də onları idarə etməyin zəruri olduğunu sübut etməyə və beləliklə, artıq mənəvi cəhətdən çoxdan layiq olmadıqları “hakimlik” rolunu sürdürməkdə davam etməyə çalışırlar.

İkincisi, bütün dünyaya car çəkdikləri bu kimi saxta hesabatlarla onlar xüsusilə gənc dövlətlərin müstəqil siyasətini təftişçilik imtiyazlarına bəraət qazandırmağa, təftiş etdikləri ölkələrin siyasi elitasını özlərindən asılı vəziyyətdə saxlamağa və bu yolla öz ölkıələrinin siyasi milli maraqlarını təmin etməyə nail olurlar.

Üçüncüsü, hegemon dövlətlərin belə hesabatlarla manipulyasiya edərək enerji resurslarına malik olan ölkələrin onlarla iqtisadi əməkdaşlıq siyasətinə təsir və təzyiq etmək istəyi də çoxdan heç kimə sirr deyil.

Dördüncüsü, Qərbdə  Azərbaycanın imicini zədələməklə sivil dünya tərəfindən geri itələnməsini və nəticədə Avrasiya İttifaqı kimi absurd regional qurumlara girməyə məcbur edilməsi niyyətini güdən tərəflərin də mənfi Hesabatın hazırlanmasında maraqlı olduğunu və seçki ərəfəsində məhz buna çalışdığını istisna etmək olmaz.

Beşincisi, saxta hesabatı səsləndirən DTİHB rəsmilərinin bu manipulyasiyada iştirak marağı da aydın və daha bəsitdir. Əgər bütün ölkələrdə demokratik təsisatlar normal fəaliyyət göstərir və insan haqlarının müdafiəsi heç də Avropadan və Amerikadan pis təmin olunmursa, o zaman bu qurumun fəaliyyətinə də ehtiyac qalmır, deməli həm də quruma ayrılan vəsaitlərin həcmi və bu qurumda çalışan siyasətçilərin iş yerləri azalır. Qərbdə işsizliyin artdığı və kütləvi ixtisarların baş verdiyi bir şəraitdə DTİHB rəsmilərinin özləri də işsizlər ordusuna üzv olmaq istəmirlər və ona görə də təftişçilik fəaliyyətində “rəngləri tündləşdirməyə” daha meyllidirlər.

Bütün bunların və sadalamadığım digər səbəblərin fonunda əsasən qlobal güc sahiblərinin donorluq etdiyi DTİHB və buna bənzər bir sıra qurumların müxtəlif ölkələrdəki siyasi hadisələri həmişə obyektiv qiymətləndirməsi mümkün görünmür. Bunun əksinə inananlar Ermənistanda keçirilən seçkilərə dair DTİHB-nun müsbət rəyini və həmin seçkilərin Avropa standartlarına uyğun keçirildiyini də qəbul etmək zorunda qalır. Bu məntiqlə DTİHB hesabatının obyektivliyinə istinad edərək  və bundan ruhlanaraq itaətsizliyə çağırışlar edən Milli Şura da dolayısı ilə Ermənistanda keçirilmiş seçkilərin beynəlxalq standartlara uyğun və demokratik şəkildə baş tutduğunu təsdiq  etmiş olardı.  Ermənistanda seçki öncəsi ən şanslı namizədlərdən birinin sui-qəsd cəhdi nəticəsində yaralanması və seçkidən sonra onlarla etirazçının  öldürülməsi ilə müşaiyət olunan 2003 və 2008-ci il seçkilərinin məhz DTİHB-nun Hesabatına görə  Avropanın  demokratik, azad və şəffaf seçki etalonuna uyğun gələ bilməsini isə əsl möcüzə hesab etmək olar.

Göründüyü kimi, DTİHB-nun obyektivliyində onun özü üçün də izahı mümkün olmayan paradokslar kifayət qədərdir. Bəs görəsən öz missiyasında DTİHB-nu qeyri-obyektivliyə sövq edən nədir?  Əvvəlki məqalələrimdə (“Beynəlxalq  siyasətdə transformasiya zərurəti” , “Avropanın Axilles dabanı” və s.) Avropada hökm sürən iqtisadi və mənəvi böhranın, özləri etiraf etməsə də, məhz siyasi böhrandan irəli gəldiyini iddia etmişdim. Bu gün AB ölkələrinin KİV-lərində müsahibələr verən, AB-nin çoxsaylı qurumlarında keçirilən ardı-arası kəsilməyən dinləmələrdə Avropanın bu günü və gələcək taleyi ilə bağlı çıxışlar edən siyasətçilər öz  vəziyyətlərini doğrudan da “avropadaxili siyasi böhran” adlandırmaqdan çəkinmirlər. Belə olan halda, biz də etiraf etməliyik ki, bu gün Avropa siyasəti xəstədir. Simptomları çoxdur, ən başlıcası və siyasətçi olmayanlar tərəfindən də açıq-aşkar  seziləni  isə beynəlxalq siyasətə yanaşmada ikili standartlardır. Bu isə çox təhlükəlidir. Həm Avropanın özü üçün, həm də dünya birliyində səmimi yaşamaq, yaratmaq və öz millətini tərəqqiyə çatdırmaq istəyən, lakin iri güc sahibləri qədər topa-tüfəngə sahib olmayan ölkələr üçün təhlükəlidir. Hər gün altında bomba partlaya biləcəyini düşünə-düşünə yaşayan Avropa və Amerika, eləcə də daimi təzyiq altında öz müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün gecə-gündüz çalışan Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova  və bir sıra digər dövlətlər də Qərb siyasətinin bu xəstəliyindən doğan təhlükə ilə hər zaman üz-üzədir. 2008-ci ilin Gürcüstan hadisələri bu təhlükənin nə ilə nəticələnə biləcəyini xatırladan kabus kimi gözlərimiz önündədir. Deməli, ikili siyasət əslində həm Şərq, həm də Qərb üçün və nəticə etibarilə, bütün dünya üçün təhlükəlidir.

Nə isə, qəbul edək ki, bu da Dünyanın öz işidir. Qayıdaq öz məmləkətimizə və seçkilərimizə. Əslində qalib gəlmək üçün yox, sadəcə “mən də hələ varam” demək istəyən qüvvələrin özünü bir daha siyasi səhnədə göstərmək üçün Milli Şura adı altında seçkiyə getməsi və bu yolda başlarına gələnlər  həyatda iki dəfə haqqında eşitdiyim toy macəralarını xatırladır. Bu toy macəraları barədə bir az sonra nəql edəcəyəm. Hələlik isə, Milli Şuranın seçki prosesindəki gedişlərinə nəzər salaq.

Birincisi, xalqın böyük bir qismini təmsil etdiklərini iddia edən, hakimiyyətə gəlib dövləti idarə edəcəyinə və xalqı xoşbəxt gələcəyə aparacağına inanan ( bəlkə də inanmayan) və  özünü xalqa ciddi bir siyasi qurum kimi təlqin edən Milli Şuranın siyasətdən anlayışı olmayan Rüstəm İbrahimbəyovu seçki prosesinin önünə gətirməklə nəyə ümid etdiyini anlamaq ümumiyyətlə mümkün deyildi.

Ikincisi,  bu gün dünyada və xüsusilə yaşadığımız regionda hökm sürən çox mürəkkəb geo-siyasi mənzərənin fonunda dövləti idarə etməyə, bütöv bir xalqın taleyini həll etmək kimi çox mürəkkəb bir siyasi və mənəvi  yükü öz üzərinə götürməyə iddialı olan  Milli Şuranın Seçki Qanunundan xəbərsiz olub, hüquqi cəhətdən namizəd olmağa səlahiyyəti çatmayan bir şəxsi prezidentliyə namizəd göstərməsi çox gülməlidir. Bu addımların siyasi səbatsızlıqdanmı, və ya hüquqi savadsızlıqdanmı atıldığını deyə bilmərəm. Bəlkə bunu sadəlövhlük də adlandırmaq olardı, əgər söhbət siyasətdən getməsəydi. Çünki elementar düşüncə səviyyəsində də hamıya məlumdur ki, siyasət və sadəlövhlük bir-birinə yaxın gəlməyən, bir-birinə zidd olan anlayışlardır. Nəticə isə ondan ibarət oldu ki, prosesin lap başlanğıcında hələ də Milli Şuraya inanan və ya  sadəcə ona rəğbətlə yanaşan elektorat bu gedişlərdən doğan təəccübdən sonra tərəddüd etmədən Milli Şuradan uzaqlaşdı. Qurum mat vəziyyətində ikən hər hansı bir “üzüyola” namizədin tapılması və irəli sürülməsi bu biabırçılıqdan çıxış yolu kimi qəbul olundu. Tələm-tələsik Rüstəm İbrahimbəyovun əvəzinə Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi məhz yuxarıda qeyd etdiyim macəralı toy hadisələrini xatırladır. Bu toy macəralarının hər ikisi ucqar rayonlardan birində baş vermiş, personajlarını şəxsən tanıdığım real hadisələrdir. Macəraçılıq isə ondan ibarətdir ki, müəyyən bir müüddət ərzində nişanlı olmuş gənclərin ailələri  toya hazırlıq görüb, dəvətnamələr paylamışdılar. Toy axşamı oğlan evində əl-qol açaraq rəqs edən və səhəri gün maşın karvanı ilə gəlin gətirməyə gedən bəy adamları gəlin evinə gəlib çatdıqda gözlənilməz və ilk baxışdan çıxılmaz görünən bir vəziyyətə düşmüşdülər. Gəlin köçməyə hazırlaşan qız iki ayağını bir başmağa dirəyib getməyəcəyini bildirmişdi. Bu vəziyyətdə hər iki tərəfdən qohumlar qızı dilə tutmaqda davam edirkən bəyin adamları yaxında, uzaqda tanıdıqları ailələrin qızlarını beyinlərində saf-çürük edərək, ərə getmək heç ağlına belə gəlməyən bir qızın valideynləri və özü ilə telefondaca razılaşaraq təcili çıxış yolu tapmış və maşın karvanını yenicə tapılmış adaxlının qapısına sürmüşdülər. Yeni adaxlı da başına şahlıq quşu qonmuş  göyərçin kimi ağ gəlinlik  libasına bürünüb gəlin  maşınına əyləşmiş və baş verənlərə inanmasa da vağzalı sədalarıı altında  bəy evinə gəlin köçmüşdü.  Rastlaşdığım bu iki hadisənin çox nadir və əslində, maraqlı bir macəra olduğunu qəbul etsək də, siyasətdə bu kimi vəziyyətlərin xoş sonluqla bitməyinə inanmaq sadəlövhlük olardı.

Seçki prosesinin gedişində Milli Şuranın namizədlərinin yerdəyişməsi də yumşaq desək, məhz belə bir sadəlövhlük idi.  Cəmil Həsənlinin də Rüstəm İbrahimbəyovun əvəzinə seçki qatarına minib harasa getmək istəməsi  və mənzil başına çatacağı nə seçicyə, nə də yəqin ki, onun özünə inandırıcı görünə bilməzdi. Hər cür məntiqdən uzaq olan bu sadəlövhlük siyasət səhnəsinin formatına qətiyyən uyğun deyildi. Məntiqsizlikdən yoğrulmuş siyasi gedişlərlə bir ölkənin prezidenti olmaq iddiasında bulunmaq nə qədər ciddi görünür və xalqa, seçiciyə nə vəd edirdi? Milli Şura və Cəmil Həsənli bunu bilməsələr də seçici bunu asanlıqla başa düşürdü və məhz bu “rokirovka” Milli Şuranın yerdə qalan elektoratını da digər iddiaçılar arasında bölüşdürdü.

Lakin Cəmil Həsənlinin seçkidən sonrakı addımları burada sadəlövhlüklə yanaşı bir macəraçılığın  da olduğunu göstərir. Məntiqə və bütün ədəb qaydalarına görə,  oktyabrın 12-də onu dəstəkləyən 1500 nəfərin mitinqində iştirak edən professor onu dəstəkləyənlərə təşəkkür etməli, siyasi fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə gələcək planları ilə bağlı qərarını elan etməli,  seçilmiş prezidenti təbrik etməli və seçki marafonunda iştirak etmiş digər rəqiblərinə də xoş arzularını izhar etməyi unutmamalı idi. Bütün bunların əvəzinə Cəmil Həsənlinin Avropaya gedərək, Azərbaycanı sevməyən və onu dalana dirəməkdən ötrü sübutlu-sübutsuz “kompromatlar” axtaranların qarşısında  bilərəkdən , düşünülmüş və dərk olunmuş səviyyədə öz xalqına böhtan atması – guya seçkilərin total şəkildə saxtalaşdırılmasını və xalqın böyük əksəriyyətinin əslində guya onu dəstəkləməsini bəyan etməsi artıq onun macəraçılığından xəbər verir. Deyəsən, heç kim inanmasa da, Cəmil Həsənli qısa bir zamanda döğrudan da dövləti idarə etmək iqtidarında olduğuna inanıbmış və indi onu bu eyforiyadan ayırmaq üçün Milli Şura xeyli çalışmalı və ona qarşı kompromatlar axtarmalıdır. Onların başqa çıxış yolu da yoxdur, çünki onlar nədənsə həmişə siyasi mübarizənin məhz bu üslubunu üstün tuturlar. Bu ilki seçki debatlarında da Cəmil Həsənlinin dilindən  məhz “kompromat” üslubu nümayiş etdirildi və nəticədə seçicilərin daha bir hissəsini itirdilər.

Amma bu da onların öz işidir, qayıdaq özümüzə, yəni seçkidə səs verənlərin 85%-ni təşkil edən, öz dövlətini və millətini sevən, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə çalışan Vətəndaşlara. Bu seçkilər nəyi göstərdi?

Zənnimcə, bu seçkilər Azərbaycan vətəndaşlarının ölkənin və xalqın gələcəyini düşünmək baxımından siyasi yetkinliyə, yüksək məsuliyyət hissinə malik olduğunu göstərən növbəti bir test oldu. Azərbaycan seçicilərinin 85%-i bu testdən əla qiymətlə keçdi. Nəticə xalqla dövlətin, vətəndaşla Prezidentin millətin taleyi haqqında arzu və düşüncələrində, niyyət və ümidlərində yekdilliyini və vəhdətini nümayiş etdirdi. Məhz bu Vəhdət Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etməyə qadirdir. Bütün millətlərin əldə etməyə can atdığı bu vəhdətin əsasında Heydər Əliyevin 90-cı illərdə Azərbaycanı bir dövlət kimi qoruyub saxlaya bilməsi və  son on ildə İlham Əliyevin onu dünyanın inkar edilməsi artıq heç cür mümkün olmayan bir dövlətə çevirməsi durur. Bu möhtəşəm vəhdət İlham Əliyevin dünya siyasətində apardığı çevik, qətiyyətli və cəsarətli siyasətindən, öz xalqına və millətinə sevgisindən, xalq qarşısında təvazökarlığından və xalqın ona sonsuz etimadından doğuldu. On il ərzində dünya siyasətindəki mövcud reallıqları dəqiq qiymətləndirməklə, ölçülüb-biçilmiş, balanslaşdırılmış siyasət aparmaqla öz millətini və dövlətini tərəqqiyə və yüksək rifah cəmiyyətinə doğru inkişaf etdirməkdə İlham Əliyev Azərbaycana digər ölkələrin qibtə edə biləcəyi qədər böyük uğurlar qazandırdı. Azərbaycan vətəndaşı da özünün əsrlər boyu  dəyişməz məziyyəti olan haqq və ədalət hisslərinə sadiq qalaraq İlham Əliyevin öz əməyi hesabına qazandığı halal haqqını onun özünə çatdırdı və onu ölkənin Prezidenti seçdi. Azərbaycan  İlham Əliyevin yeni prezidentlik dövrü ilə daha böyük uğurlar əldə etmək üçün inkişafın yeni mərhələsinə qədəm qoydu. Bu seçkilərdə  bütün  tərəflər öz siyasi varlığını və nəhayət, hər birinin sosial bazasının ölçülərini açıq-aşkar cəmiyyətə tanıtdılar.  Ölkənin daxili siyasi abı-havası daha da aydınlaşdı. İqtidarlı-müxalifətli bütün namizədlər (Cəmil Həsənli  və Hafiz Hacıyev istisna olmaqla) siyasi proseslərə yeni sivil yanaşma sərgiləməklə ölkədə məsuliyyətli milli siyasyi elitanın yetişdiyini göstərdilər. Bu məqamdan başlayaraq sivil siyasi mübarizənin bütün qütbləri öz məqsəd və məramlarını, siyasi kurslarını təkmilləşdirməklə siyasətin son və ən əxlaqlı məqsədi olan  Xalqa Xidmət missiyasını həyata keçirməyə qadir olan qüvvələr kimi görünməkdədirlər. Tarixin hansı məqamında  bu missiyanın hansı qüvvələrin üzərinə düşəcəyini isə məkrli niyyətlərin və müəmmalı məqsədlərin işığında hazırlanan Hesabatlar yox,  yenə də Xalq və onun səsi müəyyən edəcək.

 

Cavanşir Feyziyev

Millət vəkili, Fəlsəfə doktoru