Xalqımız müdrik, ağı qaradan seçməyi bacaran xalqdır – Millət vəkili

 “Heç kimə sirr deyil ki, həm bəzi Avropa ölkələrində, post-sovet məkanında, Yaxın Şərqdə rəngli inqilabları həyata keçirən beynəlxalq siyasi dairələr, böyük dövlətlər bu prosesdə əsasən gənclərə istinad edirlər. Onların potensialından istifadə etmək əsas hədəfə çevrilir. Bu da təsadüfi deyil. Çünki gənclik böyük enerjiyə malikdir. Gənclik düzgün istiqamətdə olanda qurucu bir qüvvədir. Səhv istiqamətə yönəldiləndə isə dağıdıcı qüvvəyə çevrilir. Gənclərin siyasi məsələlərlə bağlı ciddi təcrübələri olmaya bilir. Bütün bu reallıqlar fonunda gənclərdən bu və ya digər dövlətdə hakimiyyəti dəyişmək, xaos və anarxiya yaratmaq, öz geostrateji maraqlarını həyata keçirmək üçün istifadə edirlər. Biz dəfələrlə bunun şahidi olmuşuq. Xüsusilə, 2011 və 2012-ci illərdə həmin beynəlxalq anti-Azərbaycan dairələr ölkəmizdə belə eksperimentlər həyata keçirmək, bu baxımdan gənclərin potensialından faydalanmaq istədilər. Amma bu, baş vermədi. Çünki Azərbaycanda səfərbər olunmuş cəmiyyət var, vətəndaş həmrəyliyi hökm sürür…” 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı və xalqın mühüm tərkib hissəsi olan gənclər Azərbaycan dövləti, dövlətçiliyi və hakimiyyəti, Prezident İlham Əliyev ətrafında monolit birlik nümayiş etdirdilər:

“Nəticədə anti-Azərbaycan qara ssenarilər reallaşa bilmədi. Ancaq bu, o demək deyil ki, həmin qüvvələr yatırlar, həmin siyasi dairələr artıq Azərbaycanla bağlı eksperimentlərindən imtina ediblər. Belə yanaşmalar sadəlövlükdür. Çünki onlar bu gün də oyaqdırlar, gecə-gündüz Azərbaycan əleyhinə ssenarilər fikirləşir və onları reallaşdırmaq istəyirlər. Bu məqsədlə Azərbaycan gəncliyindən istifadə etməyə çalışırlar. Müəyyən jurnalist təşkilatlarından, mediadan faydalanmaq istəyirlər. Bir sıra media qurumlarını özlərindən maliyyə baxımdan asılı hala gətirib qara, çirkin niyyətlərini reallaşdırmaq istəyirlər. “AbzasMedia”, “Toplum TV”, eyni zamanda Toplum Jurnalist Mərkəzi fəaliyyətdədir. Biz onların fəaliyyətlərini diqqətlə araşdırdıqda görürük ki, əsas ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən yardımlar alırlar. Bu yardımlar bir çox hallarda Gürcüstandakı müvafiq qurumlar vasitəsilə həyata keçirilir. Maliyyələşdirdikləri media təmsilçilərini xüsusi vəzifələri icra üçün hazırlayırlar. Daha açıq desək, fevralın 7-də ölkəmizdə keçirilən Prezident seçkilərinə geniş vəsait ayırdıqları həmin media qurumlarındakı gənclərdən faydalanaraq onları seçki prosesinə cəlb etmək istədilər. Bu prosesdə onların əsas işi ayrı-ayrı qüsurları üzə çıxarıb onu şişirtmək, tirajlamaq, ardınca Qərbdəki anti-Azərbaycan dairələri bu istiqamətdə məlumatlandırmaq üçün “milçəkdən fil yaratmaq” və nəticədə Azərbaycandakı seçki prosesinə kölgə salmaq, Azərbaycan iqtidarını anti-demokratik seçkilərdə ittiham etmək üçün istifadə etməkdir. Bu, artıq sınanmış üsuldur. Dəfələrlə şahidi olmuşuq. İndi də media ilə bağlı gəncləri hazırlayıb dövlətimizə, dövlətçiliyimizə qarşı istifadə etmək istədilər. Amma ünvanı səhv salıblar. Azərbaycan belə eksperimentlər üçün məkan deyil. Azərbaycan vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər böyük bir inkişaf yolu keçmiş dövlətdir. Millətimiz bütün prosesləri diqqətlə izləyir. Kimin kim olduğunu çox gözəl bilir. Xüsusilə, AŞPA-nın Azərbaycana qarşı son atdığı qərəzli addımlar fonunda bir daha əmin olduq ki, Azərbaycan sözün əsl mənasında çox böyük inkişaf yolu keçmiş dövlətdir, son dərəcə nəhəng tarixi Zəfərə imza atıb, tarixi ədaləti bərpa edib və anti-Azərbaycan dairələrin yuxusuna möhkəm haram qatıb. Buna görə də əl-ayağa düşmüşdülər. Hər vəchlə çalışdılar ki, növbədənkənar prezident seçkilərinə ləkə atsınlar, kölgə salsınlar. Amma heç bir nəticə vermədi. Xalqımız müdrik, ağı qaradan seçməyi bacaran xalqdır. Xalqımızın gözü tərəzidir”.