Xalqın səsinə səs verən Lider

İdarəçilikdə cəmiyyətin inamını qazanmaq, xalqın etimadını doğrultmaq hər bir liderin fəaliyyətinin bazisini təşkil edir. Hər bir hakimiyyət cəmiyyətdə həlledici çoxluğun dəstəyini qazanmaq üçün proqram və ideyalarla çıxış edir. Vətəndaşa layiqli xidmət, onların sosial rifah halının yüksəldilməsi, bir çox məsələlərdə dövlət təminatının olması liderlərin milyonlarla insanın iradəsi əsasında rəhbərliyini formalaşdırır və bütün bu format uğurun təməlidir. Tarixi reallıqlar göstərir ki, xalqın səsinə səs verən, cəmiyyətin inamını qazanan liderlərin rəhbərlik etdiyi dövlət daim inkişaf edir, bir çox nailiyyətlər qazanır.

Azərbaycan Respublikası müstəqilliyinin 30 illiyində bir çox sahələr üzrə ciddi nailiyyətlər əldə edib. Statistika və beynəlxalq araşdırmaçıların, ekspertlərin apardıqları sorğular nəticəsində məlum olur ki, bu inkişafın əsası ümummilli lider Heydər Əliyev siyasi xəttinin uğurlu davamından qaynaqlanır. Ümummilli Lider “Mən İlham Əliyevə özüm qədər inanıram” fikirləri ilə əslində hələ o zaman Azərbaycanın nicatını, dövlətimizin və dövlətçiliyimizin uğur tarixini göstərmiş oldu. 2003-cü ildən Azərbaycana rəhbərliyi dönəmində Prezident İlham Əliyev tarixi zərurətdən doğaraq unikal layihələr və planlarla ölkəmizi qısa zamanda sürətli inkişaf mərhələsinə keçməsini təmin etdi. Bura büdcəmizin artması, beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması, vətəndaşların sosial-rifah halının yüksəldilməsi, bir sıra infrastrukturların müasir səviyyədə qurulması daxildir. Bu inkişaf sözün əsl mənasında qısa zamanda reallaşması mümkünsüz məsələlərin həllini özündə ehtiva edir ki, İlham Əliyevin lider kimi qətiyyəti buradan görünür. Qarşıya qoyduğu məqsədləri qısa zamanda və yüksək keyfiyyətlə ən əsası cəmiyyətin arzu və istəkləri nəzərə alınmaqla həyata keçirən Azərbaycan Prezidenti əslində dünya liderlik məktəbinə yeni bir sistem gətirmiş oldu. Bu sistemdə pafoslu danışıq, yalan vədlər deyil hər qayəsində xalqın yanında olmaq, xalqın inamına inam qatmaq realist təfəkkürdən çıxış etmək ön sırada dayanır.

Azərbaycan xalqına daim sevinc bəxş edən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirməsi ilə peşəkar siyasətçi olduğunu bir daha nümayiş etdirmiş oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər xalqın iradəsinə söykənən siyasətin, uğurlu gələcək naminə xalqın, dövlətin güc və imkanlarının toplanması, vahid milli ideyanın gerçəkləşdirilməsi nəticəsində mümkün olub. Azərbaycan Prezidenti İlham Əliyevin özünün də bəyan etdiyi kimi, ötən il qazandığımız tarixi Zəfərdən sonra ölkəmizdə islahatların keyfiyyətcə yeni mərhələsi başlanıb. Postmüharibə dövründə daha geniş vüsət alan islahatlar fonunda bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.

Əhalinin hər bir təbəqəsinin, xüsusilə həssas əhali təbəqəsinə, şəhid ailələrinə, qazilərə diqqət və qayğı Prezident İlham Əliyevin humanistliyindən xəbər verir. Lider kimi bu təbəqədən olan insanlarla daim ünsiyyətdə olması, öhdəsində olan yerli və beynəlxalq məsələlərlə yanaşı bu təbəqədən olan insanlarla bağlı tədbirlərdə şəxsən iştirak etməsi, onlara mənzil və avtomobillərin verilməsi prosesində iştirakı və çıxışı ilə Azərbaycan Prezidenti bu qayğını özünə təkcə vəzifə borcu yox, həm də şərəf sayır. Bu ünsiyyət insanları sevindirir, ürəkləndirir, sabaha inamını artırır və həm də düşündürür. Çünki bu münasibət son dərəcə səmimidir və ürəkdən gəlir. Məsələn, dövlətimizin başçısı öz ad günlərində hər zaman xalqın arasında olur. “Mən demək istəyirəm ki, adətən öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz”, – deyə Prezident İlham Əliyev 2011-ci ildə Ağcabədidə məcburi köçkünlərlə görüşdə bildirmişdi.

Prezident İlham Əliyevin dünya liderləri arasında dialoq, sülh tərəfdarı kimi çıxış etməsi dünya siyasəti xəttində yeni məna kəsb edir. Baxırıq ki, bir çox dövlət başçıları pafoslu çıxış etmələrinə baxmayaraq əllərinə düşən ilk imkanda başqa bir ölkənin torpağına göz dikir, günahsız insan ölümünə səbəb olur. İlham Əliyev siyasətində isə ən başlıca amil dialoq, sülh və sabitlikdir.

Uzağa getməyə ehtiyac yoxdur. Azərbaycanda ölkə vətəndaşlarının təhlükəsizliyinin qorunması, siyasi dünya görüşündən, partiya mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə dialoq mühiti formalaşıb. Siyasi partiyalara, sosial şəbəkə istifadəçilərinə yaradılan imkanlar demokratiyanın göstəricisidir. Bu minvalla Prezident İlham Əliyev demokratik dəyərlərə sadiqliyini, bu dəyərlərin fonunda hər bir azərbaycanlının prezidenti olduğunu bir daha ortaya qoymuş olur. Azərbaycanda bütün məsələlər birgə müzakirə edilir, alternativ baxışlar, fərqli rəylər, faydalı təkliflər nəzərə alınır.

Əldə olunan uğurların fonunda uğurlu kadr siyasəti ön sıralarda dayanır. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu posta gətirilməsi, Azərbaycanda milli birliyin möhkəmlənməsində, inkişafında əldə olunan müsbət nəticələrə öz müsbət təsirini göstərir. Azərbaycan Prezidentinin yaxın silahdaşı kimi Mehriban xanım Əliyevanın aparılan dövlət siyasətinə töhfələri ölkəmizin nailiyyətlərini daha da artırır. Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlər, qlobal humanitar təşəbbüslər bütün dünyada ölkəmizin tolerantlıq, fərqli mədəniyyətlər arasında dialoq məkanı kimi mövqeyini gücləndirir.

Vətən müharibəsinin şanlı zəfəri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaratdı. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, Cənubi Qafqazın yeni inkişaf yolu məhz İlham Əliyevin adı ilə bağlıdır. Mahir siyasətçi, qətiyyətli lider kimi Prezident İlham Əliyev öz xalqının iradəsini, milli maraqlarını bütün cəbhələrdə tam şəkildə ifadə və müdafiə edir. Soçidə, Brüsseldə Azərbaycan öz qələbəsinin siyasi təməllərini daha da möhkəmləndirməkdədir. Bu gün regionda yeni siyasi düzən formalaşır. Türkiyə və Azərbaycan təşəbbüsçüsü olduğu “3+3” regional əməkdaşlıq platforması Cənubi Qafqazda unikal əməkdaşlıq formatı kimi qəbul olunur. Eləcə də Zəngəzur dəhlizinin bərpası ideyası təkcə Rusiyanın deyil, uzaq Şərqdən Avropayadək bir çox ölkələrin maraq dairəsindədir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edən xarici şirkət və dövlətlərin sayının getdikcə çoxalması Ermənistanın yeni geosiyasi reallığın dəyişə biləcəyinə olan sadəlövh inamını tamamilə puça çıxarmışdır. Rəsmi İrəvan, xüsusilə noyabrın 26-da Rusiya Federasiyasının Soçi, dekabrın 15-də Brüssel şəhərlərində keçirilən üçtərəfli görüşlərdən sonra Azərbaycanla sülh danışıqlarının detalları üzrə danışıqların davam etdirilməsinin, kommunikasiyaların bərpası istiqamətində praktik addımlar atılmasının qaçılmaz proses olduğunu qəbul etmək məcburiyyətində qalmışdır.

Bütün bunların fonunda biz xoşbəxt xalqıq ki, Prezident İlham Əliyev kimi sərkərdəmiz, liderimiz var. Hər birimizin bir arzusu var. Azərbaycanımız durmadan inkişaf etsin. Bu yolda yorulmadan, usanmadan və qətiyyətlə fəaliyyət göstərən Prezident İlham Əliyevin ətrafında sıx birləşib onun siyasətinə dəstək vermək hər birimizin vəzifəsidir. Azərbaycanı və xalqını düşünən liderin uğuruna xalq, millət olaraq dəstək olmaq üçün, dəmir yumruğun qüdrətini daha da artırmaq üçün birliyimiz zamanın tələbinə çevrilib. Sadə və səmimiyyət üzərində qurulan birlik artıq ciddi sınaqlardan çıxıb. İlham Əliyev-Azərbaycan xalqı birliyini heç bir qüvvə sarsıda bilməz!

İltizam Yusifov

Milli Məclisin deputatı