Xalqını müstəqilliyə qovuşduran lider

 

09

Ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyinin qorunub saxlanmasındakı xidmətləri minnətdarlıq hissi ilə anılmışdır

 

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi ikinci ildönümü münasibəti ilə “Xalqını müstəqilliyə qovuşduran lider” mövzusunda tədbir keçirilmişdir.
Xalq.az  xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anmış, zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olmuşlar.
Toplantıda mərkəzin direktoru Seyidzadə Şəfiyeva Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi ikinci ildönümü ilə bağlı məruzə etmişdir. Müstəqil Azərbaycan Respublikasının 22 ildə keçdiyi yoldan ətraflı söhbət açan S.Şəfiyeva müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində Ümummilli Liderin əvəzolunmaz xidmətlərini minnətdarlıq hissi ilə xatırlatmışdır. Azərbaycanın bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlamasında, beynəlxalq aləmdə nüfuzunun artmasında Prezident İlham Əliyevin gördüyü işlər yüksək qiymətləndirilmişdir.
Toplantıda çıxış edənlər dövlət müstəqilliyinin bərpasından, ölkəmizin bugünkü inkişafından qürur hissi keçirdiklərini, müstəqil respublikamızın sabahının daha gözəl olacağına əminliklərini ifadə etmişlər.
Tədbir iştirakçıları mərkəzin rəsm studiyası üzvlərinin dövlət müstəqilliyi gününə həsr etdikləri rəsm əsərləri ilə tanış olmuş, sənədli filmə baxmışlar.