Xanış Abbasov saxlanıldı

Salyan rayon Mərkəzi Xəstəxanasının vərəm şöbəsinin müdiri Xanış Abbasov saxlanılıb.  Bu haqda sosial mediada xəbər yayılıb. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində şöbə müdiri həbs edilib O, külli miqdarda rüşvət alma və saxta əlillik sənədi düzəltməkdə ittiham olunur. Sosial şəbəkə istifadəçiləri isə sual ediblər ki, Salyan rayon Mərkəzi Xəstəxanasının direktoru Ramin Qasımovun bu işlərdən xəbəri yox idimi?
Qeyd olunur ki, xəstəxana təmir edilir, amma ayrılan pullar son qəpiyinə kimi xərclənməyib. Bundan başqa, ezamiyyətə göndərilən tibb işçilərinin ezamiyyə pulları verilmir. Bu məbləğ baş mühasib və direktor arasında bölüşdürülür. Xəstəxanada tibb işçisindən çox, inzibati işçi çalışır. İddialara görə, direktor onların hamısını rüşvət müqabilində işə qəbul edib və hələ də bu proses davam edir. Son həftə ərzində bir neçə mülki işçi işə qəbul olunub. Məlumatda deyilir ki, təcili tibbi yardım maşınları, tibbi xidmətdən başqa hər işlə məşğuldurlar. Hətta heyvan bazarında yük daşımaqdan belə çəkinmirlər. Təcili tibbi yardım maşınlarını öz şəxsi əmlakları kimi istifadə edir, öz həyətlərində saxlayır, öz şəxsi məqsədləri üçün istifadə edirlər. Bəzi sürücülər bir neçə dəfə qəza törətsələr də, onlara “gözün üstə qaşın var” deyən olmayıb. Bu sürücülər narkoloji testdən keçirilirlərmi? Onların davranışları əsaslı şübhə yaradır.
Həmçinin, cərrahiyyə əməliyyatı olunaraq evə buraxılan xəstə, təkrar müayinə olunmaq üçün gəldikdə içəri buraxılmır. Cərrahiyyə şöbəsi direktor Ramin Qasımovun göstərişi ilə “gestapo qapı”sına çevrilib. Təsəvvür edin, yaralı xəstə müayinə olunmaq üçün içəri keçmək istədikdə, ona təxminən 150-200 metr uzaqda yerləşən əsas qapıdan girmək tələb olunur. Yaralı xəstə günün altında niyə bu qədər artıq yol getməlidir? Sosial şəbəkədə bildirilir ki, əgər elədirsə, niyə direktor Ramin Qasımov xidməti avtomobilinı düz kabinetinin yaxınlığında saxlatdırıb işə gəlir? Eyni zamanda, terapiya şöbəsindəki biabırçılıq davam edir. Hətta TƏBİB-dən gələn nümayəndə heyəti buna şahid olsa da tədbir görülməyib