Xarici diplomatlar Ağdamda

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanışlıq səfərlərinin təşkili davam etdirilir.

XALQ.AZ xəbər verir ki, iyunun 13-də Azərbaycanda daimi əsasda akkreditə olunmuş və qeyri-rezident səfirlərin, hərbi attaşelərin və digərlərinin, ümumilikdə 120-dən çox xarici diplomatik nümayəndənin Ağdam rayonuna səfəri təşkil olunub.

Səfər zamanı iştirakçılara işğal nəticəsində yaşayış məntəqələrinin, tarixi-mədəni obyektlərin dağıdılması, törədilmiş vandalizm aktları barədə yerində ətraflı məlumat veriləcək. Həmçinin diplomatlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsinə başlanmış bərpa və yenidənqurma işləri ilə yaxından tanış olacaqlar.

*****

Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində olublar.

Nümayəndə heyətinə imarət kompleksi haqqında məlumat verilib. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb.

İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar – İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

****

Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Ağdam şəhər Cümə məscidində ermənilərin törətdikləri barbarlıqlarla tanış olublar.

Nümayəndə heyətinə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib.

Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir.

Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Sonra xarici diplomatik korpusun nümayəndələri Ağdam şəhər Cümə məscidində namaz qılıblar.

****

Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri iyunun 13-də Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir.

Qonaqlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, teatr binasının qalıqları gələcəkdə açıq səma altında muzeydə saxlanılacaq.