XİN-dən çağırış: Onları Qarabağa buraxmayın!

Son hadisələr çərçivəsində Ermənistan tərəfindən xarici terrorçu qüvvələr və muzdlular geniş şəkildə Azərbaycana qarşı istifadə olunur.

XALQ.AZ bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

L.Abdullayeva bildirib ki, açıq mənbələrdə yer alan xəbərlərə görə, Yaxın Şərq bölgəsindən, xüsusən Suriya, Livan, daha sonra Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı faktlar və məlumatlara rast gəlinir: “Ermənistan siyasi rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirmiş və bununla əlaqədar bir müddət öncə Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində yerlşdirilməsi ilə bağlı nümayişkəranə şəkildə qeyri-qanuni faliyyətini davam etdirmişdir.

Daha sonra müdafiə haqqında qanuna dəyişiklik edərək könüllü silahlı qruplaşmaların yaradıldığını elan edən Ermənistan artıq bu bölgədən köçürdüyü insanların daha sonradan hərbi birləşmələrə inteqrasiya edilməsi və Azərbaycana qarşı aparılan döyüşlərdə istifadə olunması məqsədi güdür.

Son zamanlar biz Ermənistan hökumətinin diaspor təşkilatları vasitəsi ilə xaricdəki ermənilərin toplanması və Ermənistana yola düşməsi, həmçinin bu istiqamətdə maliyyələşdirmə, dəstək tədbirlərinin, ianələrin ayrılması ilə bağı böyük canfəşanlıqla fəaliyyət göstərdiyini açıq şəkildə müşahidə edirik”.

“Azərbaycan bütün ölkələrə etnik ermənilərin Dağlıq Qarabağdakı döyüş bölgəsinə getməsi cəhdlərinin qarşısını almaqla bağlı müraciət edib”, – deyən L.Abdullayeva onu da vurğulayıb ki, Azərbaycan rəsmi Bakının icazəsi olmadan döyüş zonasında olan jurnalistlərin həyatına görə məsuliyyət daşımır.