Otuz üç ildir ki, xalqımız bu qanlı cinayətin – Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə söyləyib.

O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girdiyi və bəşəri cinayəti – Xocalı soyqırımını törətdiyi gündür.

Həmin gün qanunsuz erməni hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərinə girməsi ilə 613 dinc sakin vəhşicəsinə qətlə yetirildi, 1000 nəfər müxtəlif yaşlı sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Xocalı soyqırımına hüquqi-siyasi qiymətin ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildirən deputat deyib: “Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 Fevral “Xocalı Soyqırımı və Milli Matəm Günü” elan olunub. Ulu Öndər Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” növbəti Fərman imzalayıb.

Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 Fevral Xocalı Soyqırımı Günü elan edilib. Azərbaycan parlamenti 2017-ci il fevralın 24-də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsini bir daha təsdiqləyib”.

Prezident, Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri ilə başlanmış İkinci Qarabağ müharibəsinin Azərbaycan dövlətinin inamlı Qələbəsi ilə başa çatdığını vurğulayan Əminə Ağazadə əlavə edib: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da olub. Tarixi Qələbə qazanan Azərbaycan Ordusu bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, Qaradağlıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu”.

Bu gün Xocalı şəhidlərinin ruhlarının şad olduğunu deyən deputat vurğulayıb: “Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Xocalı şəhidlərinin qisasının alındığını, onların qanının yerdə qalmadığını bu ilin yanvarında telekanallara müsahibəsində Prezident İlham Əliyev bir daha bildirib. Dövlətimizin başçısı bununla bağlı deyib: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.

Əminə Ağazadənin sözlərinə görə, güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.


media-ads728x90

Bənzər xəbərlər