“Xocalı və Şuşa istiqamətində hərəkətə keçmək istəyən ermənilərin addımları nəzarətdə saxlanılır” – Ekspert

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin 2022-ci il avqustun 3-də həyata keçirdiyi “Qisas” antiterror əməliyyatından bir il ötür. 

“44 günlük Vətən müharibəsindən sonra Ermənistan silahlı qüvvələri və Qarabağda qanunsuz yerləşən erməni hərbi birləşmələri müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun  mövqelərini atəşə tutur və təxribatlar həyata keçirirdilər. Proses o həddə gəlib çatmışdı ki, erməni birləşmələri Qarabağda müəyyən strateji mövqelərdə güclənərək gələcəkdə məhz strateji planların qurulmasına çalışırdılar”.

Bu sözləri hərbi ekspert Ramil Məmmədli deyib.

O qeyd edib ki, 2022-ci il avqustun 3-də erməni silahlı qüvvələri Laçın, Şuşa, Xocalı istiqamətlərində Azərbaycan ordusunun mövqelərini atəşə tutur, bəzi yüksəklikləri ələ keçirmək üçün əməliyyat aparırdılar.

“Azərbaycan ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatı nəticəsində, hansı ki, bu, antiterror əməliyyatı idi – bölmələrimiz Laçın rayonunun şimal – qərb hissəsindəki Qırxqız yüksəkliyini, cənub – qərb istiqamətindəki Sarıbaba yüksəkliyini nəzarətə götürdü. Bununla ordumuz Şuşadan sonra əsas iki istiqamətdə üstünlük əldə etmiş oldu. Qırxqız yüksəkliyinə nəzarətlə Xankəndi və Şuşa istiqamətində yerləşən bütün yaşayış məntəqələri, həmçinin taktiki yüksəklikləri vizual və optik cihazlarla nəzarətə almış oldu.

Laçınla Şuşanın sərhədində yerləşən Sarıbaba yüksəkliyinin nəzarətimizə keçməsilə isə bölmələrimiz Şuşa istiqamətində üstünlük qazanmış oldu. Qırxqız yüksəkliyindən əlavə Fərrux yüksəkliyinə nəzərətlə Xocalı rayonunun şimal – qərb və şimal – şərq istiqamətlərində mövqeyimiz güclənmiş oldu”.

Ekspert bildirib ki, qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarının, geniş əməliyyatlarının qarşısı alınmış oldu.

“Artıq Xocalı və Şuşa istiqamətində hərəkətə keçmək istəyən ermənilərin addımları nəzarətdə saxlanılır. Bundan başqa bu əməliyyat nəticəsində Ermənistan ordusunun dərinliyində yerləşən birləşmələr sıradan çıxarıldı”.