Yandırılan baş redaktorun qardaşı danışdı

redaktor

Bakının Suraxanı rayonunda evdə yanğın zamanı cəsədi aşkarlanmış Mizan –Tərəzi qəzetinin baş redaktoru 1989-cu il təvəllüdlü Sadiq Soltanovun yaxınları baş verənlərdən xəbərsiz olduqlarını deyirlər və bu faciə barədə danışmaq istəmirlər.

ANS PRESS-in Qarabağ bürosunun müxbirinin məlumatına görə, Sadiq Soltanovun qardaşı Namiq Soltanov hadisənin baş vermə səbəblərinin onlara məlum olmadığını və yanğının necə baş verdiyindən xəbərsiz olduğunu bildirib: “Bildiyim odur ki, artıq ölüb. Nədən olduğunu hüquq mühafizə orqanları araşdırır.”

Qeyd edək ki, Sadiq Soltanovun yanmış cəsədi Bakı şəhəri, Suraxanı rayonunda yanğın baş vermiş mənzildə aşkarlanıb. Baş redaktoru olduğu qəzetin işçisini zorladığı iddia edilən S.Soltanov ailəli olub. Azyaşlı uşağı var. Yanğın baş verən vaxt ailəsi evdə olmayıb. Mərhumun cənazəsi ötən gün saat 22.00 radələrində doğulduğu Ağdam rayonunun Üçoğlan kəndində torpağa tapşırılıb.