YAP-Milli birlik modeli

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən və yarandığı gündən 29 il ərzində şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Ötən 29 il sübut etdi ki, bu təşkilat regionun ən qüdrətli siyasi partiyalarından biri olmaqla, həm də qələbələr, qaliblər partiyasıdır. Çünki bu partiya tarixi zərurətdən yaranan, xalqnına xidmət edən partiyadır. Ulu öndərimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqının mənafelərinə xidmət edən, zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiya olduğunu bildirmişdir: «1992-ci ildə Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlər altında biz partiyanın yaranması ilə əlaqədar xeyli işlər gördük və ilk konfrans keçirdik. Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır».

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif bölgələrindən təəssübkeş qrupların 550-dən artıq nümayəndəsinin iştirak etdiyi Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Ulu öndər Heydər Əliyev yeni yaranan partiyanın əsas məqsəd və vəzifələrini, bu partiyanı digər təşkilatlardan fərqləndirəcək xüsusiyyətləri izah etdi, hər bir partiya üzvünün qarşısında dayanan vəzifəni müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün borcu dövlətin ərazi bütövlüyünü, müstəqilliyini, ictimai asayişi qorumaq, qanunlara tabe olmaq, iqtidarla sivil müxalifətçilik etmək, ölkənin mənafeyini bütün maraqlardan üstün tutmaqdır. Yalnız bu şərtlərə riayət edən şəxs Yeni Azərbaycan Partiyasının əsl üzvü, partiyanın siyasi xəttini düzgün anlayan və yerinə yetirən təəssübkeş sayıla bilər. Belələliklə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın yaranması, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin partiyaya Sədr seçilməsi zəruri tarixi hadisə idi. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı. Qısı müddət ərzində Yeni Azərbaycan Partiyasının yaranmasından cəmi 6 ay sonra Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə dönüşünün kökündə dayanan əsas həqiqət Azərbaycan xalqının fəlakətlərdən xilas olmaq ümidlərini, gələcəklə bağlı arzularını Heydər Əliyevlə və Yeni Azərbaycan Partiyası ilə bağlamaq arzusu reallaşdı. Çünki xalq yaxşı bilirdi ki, xilaskarlıq missiyasını yalnız təkrarsız şəxsiyyət Heydər Əliyev üzərinə götürə bilər. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevə etimad göstərərək Onu özünün Prezidenti seçdi. Ulu öndər Heydər Əliyevin Prezident seçilməsindən sonra Yeni Azərbaycan Partiyasının statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə başlamışdır. Bununla da tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, tənəzzül etmiş iqtisadiyyatımızın inkişaf etdirilməsində və demokratik təsisatların bərqərar olunmasında siyasi flaqman rolunu hakim siyasi partiya olaraq öhdəsinə götürdü. Həmin vaxtdan etibarən Yeni Azərbaycan Partiyası Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə start verdi. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibləri Yeni Azərbaycan Partiyasının namizədləri olmuşlar. Bu qələbələr Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.

Bu gün isə ulu öndər Heydər Əliyev ideyaları Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanan cənab İlham Əliyev YAP-ın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir. Bu baxımdan təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının birinci qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq, cənab İlham Əliyev partiya Sədrinin müavini, ikinci qurultayda isə Sədrin birinci müavini seçilmişdir. Real həqiqətdir ki, tarixi şəxsiyyətin yolunu, ideyalarını yalnız tarixi şəxsiyyətlər davam etdirə bilər. Məhz bu səbəbdəndir ki, dünya şöhrətli dövlət xadimi, Ulu öndər Heydər Əliyev hələ 2003-cü ildə siyasi uzaqgörənliklə xalqa müraciətində hakimiyyət sükanının cənab İlham Əliyevə etibar olunmasını məsləhət bildi. Ümummilli lider Heydər Əliyev 2003-cü ilin oktyabr ayında Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevlə bərabər, həm də Yeni Azərbaycan Partiyasına yüksək önəm verdiyini qeyd etdi: «Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir».

2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə Heydər Əliyev siyasi kursunun alternativsiz davamçısı kimi Prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi. 2005-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının III qurultayının nümayəndələri çox şərəfli bir seçimə imza ataraq, cənab İlham Əliyevi təşkilata rəhbər seçdilər. Bu, onu deməyə tam əsas verirdi ki, Yeni Azərbaycan Partiyasının yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri, yeni Sədrini yekdilliklə dəstəkləyir və Onun ətrafında sıx birləşərək, yeni Azərbaycan quruculuğunda fəal iştirak edir.

YAP Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu

Hər zaman olduğu kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. Xüsusilə də, partiyamızın VI qurultayından ötən üç il müddətində ciddi irəliləyişlər əldə edən dünənin, bu günün və gələcəyin partiyasının cari ilin mart ayının 5-də keçirilən VII qurultaylarında qəbul edilən tarixi qərarlar isə ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Hakim partiyanın 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. 6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunun nümayişi, eyni zamanda, ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu. Ölkə Prezidenti İlham Əliyevin qurultayda proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj oldu: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın”.

Xüsusi olaraq, 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin, 50 siyasi partiyanın ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiyini, onun ətrafında sıx birləşdiklərinin təsdiqi oldu. Dövlətimizin başçısı qurultayda partiyanın 29 illik yubileyinə hər bir partiya üzvünün daha fəal, yeniləşmiş formatda iştirak edəcəyini bildirdi: «Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm».

VII qurultay yeniliklərlə tarixə yazıldı. 40 nəfərdən ibarət İdarə Heyətinin, 13 nəfərdən ibarət Təftiş Komissiyasının tərkibi təsdiqləndi, partiyanın tərkibində Veteranlar Şurası yaradıldı. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin Birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edildilər.

Beləliklə, Yeni Azərbaycan Partiyası hər zaman yeniliyə, təkmilləşməyə meyil göstərən partiyadır və qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bir sözlə, Yeni Azərbaycan Partiyası yeniləşən, inkişaf edən, qüdrətlənən Azərbaycanın partiyası olaraq cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi sayəsində partiyamız bundan sonra da Azərbaycanın inkişafı və çiçəklənməsində daim fəal iştirak edəcəkdir.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü