YAP Səbail rayon təşkilatı yarım ildəki fəaliyyətini müzakirə edib

İyulun 3-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının rayon şurasının və idarə heyətinin geniş iclası keçirilib.

XALQ.AZ  xəbər verir ki, iclasda 2019-cu ilin birinci yarısında YAP Səbail rayon təşkilatı tərəfindən görülən işlər, qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.

İclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Sonuncu iclasdan ötən dövrdə ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr və yeniliklər, o cümlədən görülən işlər barədə barədə məlumat verən Ş.Hacıyev xüsusilə cari ilin birinci yarısında ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlardan, əldə olunan uğurlardan danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə, xüsusilə problemli kreditlər, çoxmənzilli binalarla bağlı problemlərin aradan qaldırılması, minimum əmək haqqının və büdcədən maliyyələşən təşkilatlarda çalışan şəxslərin əmək haqlarının artırılması və digər istiqamətlərdə mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlarının yüz minlərlə vətəndaşın həyatında əhəmiyyətli dərəcədə hiss edilən dəyişikliklərə səbəb olduğunu vurğulayıb. Qeyd olunub ki, ən mühüm uğurlardan biri də Prezidentin fərman və sərəncamlarından irəli gələn məsələlərin həlli üçün ayrılan vəsaitin

büdcə transfertlərin hesabına deyil, büdcədə yaranan əlavə mənbələr hesabına həyata keçirilməsidir. Bütün bunlar Azərbaycanın sürətli inkişafının, dövlətimizin sosial sahəyə ayırdığı verdiyi önəmin göstəricisidir. Cənubi Qafqaz ölkələrində ümumi daxili məhsulun 72 faizi Azərbaycanda formalaşır. Bu inkişaf ölkəmizdə bütün sahələrdə həyata keçirilən sosial islahatların reallaşdırılmasına, ən əsası Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır. Ordumuz işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadirdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həlli istiqamətində Azərbaycan dövlətinin qətiyyətli siyasəti ilə bağlı ətraflı məlumat verən Ş.Hacıyev ölkəmizin bütün sahələrdə Ermənistanı dəfələrlə üstələdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu, işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyini deməyə əsas verir.

Təşkilatın sədri məmnunluqla vurğulayıb ki, bu uğurların əldə olunmasına YAP-ın hər bir üzvünün öz töhfəsi var. YAP ölkəmizin inkişafındakı yeri və roluna görə dünya miqyasında ən uğurlu fəaliyyət göstərən siyasi qüvvələrdən biridir. Təsadüfi deyil ki, partiyamızın sədri, Azərbaycan Prezidenti İlham Əliyev də ölkəmizin əldə etdiyi uğurlarda YAP-ın fəaliyyətini dəfələrlə yüksək qiymətləndirib. Bu isə partiyanın hər bir üzvünün məsuliyyətini daha da artırır.

Vurğulanıb ki, hesabat dövrü YAP Səbail rayon təşkilatı üçün uğurlu olub. Hazırda təşkilatda 126 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. İlin birinci yarısında 4 yeni ərazi ilk partiya təşkilatı təsis olunub. Yarım il ərzində təşkilatın nəzdində 30 yeni qurum yaradılıb, üzvlərin sayı 286 nəfər artıb. Hazırda təşkilatın sıralarında 26 min 493 üzv var. Onların 65,8 faizini gənclər, 55,8 faizini qadınlar təşkil edirlər. Üzvlər arasında gənclərin sayının artması qürurverici olmaqla yanaşı, partiyanın öz uğurlarını gələcəkdə də davam etdirəcəyinə qəti əminlik yaradır.

Ş.Hacıyev məlumat verib ki, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən təşkilat bir sıra tədbirlər reallaşdırıb, o cümlədən partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə genişmiqyaslı konfrans, “dəyirmi masa”, aksiya və digər tədbirlər keçirib, “Müstəqil Azərbaycan dövlətinin qurucusu” adlı sanballı nəşrin işıq üzü görməsinə nail olub.

Professor Ş.Hacıyev təşkilatın tədbirlər planı barədə məlumat verib, görüləcək işlərdən danışıb.

Digər çıxış edənlər də YAP Səbail rayon təşkilatınının hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndiriblər. Çıxışlarda bu uğurların qarşıdakı dövrdə də davam etdirilməsi üçün görüləcək işlərlə bağlı təkliflərini səsləndiriblər.

İclasda YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev anadan olmasının 60 illik yubileyi münasibətilə xatirə plaketi ilə təltif edilib. Həmçinin yüksək fəallıqları ilə seçilən bir sıra üzvlərə təşəkkürnamələr təqdim olunub.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Orxan