YAP Səbail rayon təşkilatında Gəncləri Günü qeyd olunub

YAP Səbail rayon təşkilatında 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı onlayn videokonfrans keçirilib. Gənc fəallarının iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli, YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydərli, Vətən müharibəsinin iştirakçısı, müzəffər Azərbaycan Ordusunun qalib əsgəri İmran Məmmədov, YAP Səbail rayon Gənclər Birliyi Şurasının üzvü Aygün Kazımova, YAP Səbail rayon təşkilatı Könüllülər Birliyinin rəhbəri Rəşad İmanov, rayon partiya təşkilatının stajeri Aytac Məhərrəmli, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-rektoru Cavidan Adilzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sosial və humanitar məsələlər üzrə prorektorunun köməkçisi Cavid Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YAP GB sədri Aytəkin Hacıyeva, Qərb Kaspi Universitetinin YAP GB və Tələbə Gənclər Təşkilatının sədri Xalid Mirzəyev və YAP Səbail rayon təşkilatı Könüllülər Birliyinin üzvləri Taleh Mansurov, Xatun Kərimova və İlahə Məmmədova Vətən müharibəsində qalib Azərbaycanın müasir gəncliyi, Azərbaycanda dövlət gənclər siyasəti, 1996-cı ildən etibarən keçirilən Azərbaycan Gənclərinin Forumları, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurlu icrası, YAP Gənclər Birliyinin görülən işlərdə xüsusi rolu və töhfələri mövzularında çıxışlar etdilər.

Tədbirdə Vətən müharibəsinin bütün Şəhidlərinin əziz xatirəsi böyük ehtiramla yad olundu, qazilərimizə şəfa arzulandı və Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı Vətənpərvərlər Təşkilatının” sədri, gənc muğam ifaçısı Yusif Cəfərbəyli Şəhid Xudayar Yusifzadənin ifasında məşhurlaşan və “Xudayar təsnifi” kimi tanınan “Vətən yaxşıdır” mahnısını ifa etdi. Videokonfransda 2020-ci il ərzində rayon partiya təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən gənclər YAP Səbail rayon təşkilatının Fəxri Fərmanları və Sertifikatları ilə təltif olunublar.

YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan gənclərinə tarixi və dəyərli hədiyyəsi olan “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə bütün gəncləri səmimi qəlbdən təbrik etdi, onlara möhkəm cansağlığı, təhsil sahəsində, şəxsi həyatlarında, ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı. Gənclik sözünün gözəllik, yenilik, inkişaf, tərəqqi, yaradıcılıq, interaktivlik, mütərəqqi dəyişikliklərlə xarakterizə olunduğunu vurğulayan Ş.Hacıyev bütün gənclərə insan həyatının ən gözəl və qibtəolunacaq dövründə həm özləri, ailələri, həm də Vətənimiz, dövlətimiz üçün faydalı olmağı, potensiallarını, bilik və bacarıqlarını ölkəmizin tərəqqisi və inkişafı naminə uğurla reallaşdırmağı tövsiyə edib.

Ş.Hacıyev “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün tarixi əhəmiyyəti, Ulu Öndər Heydər Əliyevin və Onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi yüksək diqqət və qayğı, gənclərə olan etimadı və inamı haqqında danışaraq qeyd etdi ki, Azərbaycanda gənclər siyasəti dövlətin siyasi prioritetləri sırasına daxil edilmişdir və ölkəmizdə sağlam düşüncəli vətənpərvər gəncliyin formalaşması və təşkilatlanması istiqamətində gözəl nəticələr əldə olunduğunu deyib: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən eyni həssaslıq və diqqətlə davam etdirilir, Azərbaycan gənclərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, ölkəmizdə gənclərin yüksəkixtisaslı təhsil alması, özünüinkişafı və potensiallarını reallaşdırmaları üçün hər cür şərait yaradılır. Gənclərlə bağlı dövlət proqramları və konsepsiyaların, o cümlədən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurlu icrası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və çoxsaylı gənclər təşkilatlarının təqdirəlayiq fəaliyyəti nəticəsində Azərbaycanda müstəqillik illərində yüksək vətənpərvərliyi, dövlətimizə, milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlılığı ilə seçilən müasir və nümunəvi gənclər formalaşmışdır. Vətən müharibəsində müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında məhz bu gənclər öz şücaətləri, milli ruhları, qəhrəmanlığı və fədakarlığı ilə Azərbaycanın yeni, şanlı tarixini yazdılar. Biz gənclərimizlə, igid, yenilməz, qalib Azərbaycan Ordusu ilə fəxr edirik”.

YAP-nın sıralarında cəmləşən vətənpərvər Azərbaycan gənclərinin cəmiyyət həyatının bütün sahələrində önəmli rolu, mövqeləri və töhfələrini xüsusi qeyd edən Ş.Hacıyev 2020-ci ildə həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsi günlərində YAP gənclərinin ön və arxa cəbhədəki fəaliyyətini yüksək qiymətləndirib. Qəhrəman əsgərlərimiz başda olmaqla bütün Azərbaycan gənclərini bayram münasibətilə bir daha təbrik edən Ş.Hacıyev gənclərimizə dövlət müstəqilliyimizi və hər qarış Vətən torpağını göz bəbəyi kimi qorumağı, ölkəmizin ildən-ilə daha da güclənməsi və inkişafı uğrunda yorulmadan çalışmağı tövsiyə edib.

Görüşdə çıxış edən Müzəffər Azərbaycan Ordusunun qalib əsgəri İmran Məmmədov 44 günlük Vətən müharibəsi günlərində keçdiyi şərəfli döyüş yolu, iştirak etdiyi Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa, Laçın uğrundakı döyüşlər haqqında gənclərə məlumat verdi və müharibə günlərində həm ön, həm arxa cəbhədə Azərbaycan Ordusuna göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və bütün Azərbaycan xalqına təşəkkür edib.

Videokonfransda çıxış edən gənclər “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə bütün gəncləri təbrik edib, Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq dastanı yazan əsgərlərimizin igidliyindən, arxa cəbhədə gənclərin informasiya məkanındakı mübarizəsindən, “2020-ci il Könüllülər ili” çərçivəsində pandemiya ilə mübarizədə görülən işlərdən danışaraq, gələcək fəaliyyətləri ilə bağlı bir çox təklif və təşəbbüslərini səsləndiriblər.

Sonda 2020-ci ildəki fəaliyyətlərinə görə bir qrup fəal gənc YAP Səbail rayon təşkilatının Fəxri Fərmanları və Sertifikatları ilə təltif olunublar.

XALQ.AZ