Elşad Həsənov sakinlərin problemlərini həll etdi

Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. 

Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 1 nömrəli Baki Tibb Kollecinin akt zalında vətəndaşlarla görüşüb.

Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bələdiyyənin rəhbərliyi, habelə xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş edib.

Söz alan vətəndaşlar özəl mülkiyyət hüququ və qeydiyyatı, yanğından zərər çəkmiş vətəndaşlara yardım, tikinti şirkətləri ilə sakinlər arasında mübahisələr, qurumuş ağacların budanması, mülkiyyət sənədləşməsi, bina damlarının təmiri, rayon ərazisində narkomaniya ilə mübarizə və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər. Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına geniş şəkildə cavablar verib. Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verilib. Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər.