Yasamalda şəhid ailəsi ziyarət olundu

Şəhid,baş leytenant Rövşən Nurizadə ötən il noyabrın 6-da Şuşanın azad olunmasına 2 gün qalmış Daşaltı kəndində qəhrəmancasına həlak olub. Ən böyük arzusu Şuşa məscidində namaz qılmaq idi. Cəmi iki günü çatmadı. Düz bir il sonra Şuşaya gedən ailə üzvləri Rövşənin arzusunu yerinə yetirib yerli məsciddə namaz qıldılar…

Bunu Milli Məclisim deputatı Elnur Allahverdiyev sosial hesabında yazıb.Millət vəkili bildirib ki,
ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Qubadlı və Şuşanın azad edilməsinə görə medalları ilə təltif edilən Rövşən xalq artisti Əli Nurun oğludur. Peşəkar hərbçi olan Rövşən Vətən müharibəsinin ilk günündən cəbhəyə yollanıb, qəhrəmancasına döyüşüb, yaşayış məntəqələrimizin azad olunmasında şücaət göstərib.
Millət vəkili Elnur Allahverdiyev, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və partiya fəalları ilə Rövşənin ailəsini ziyarət ediblər, anası, yadigar qoyub getdiyi həyat yoldaşı və kiçik oğlu ilə tanış olublar. Böyük oğlu xaricdə təhsil alır. Rövşəni xatırladıq, ailəsi onun cəbhədən etdiyi telefon zənglərindən danışdı. Rövşən çətin döyüşlərə, yaralanmasına baxmayaraq, daima gümrah əhval-ruhiyyədə olub, tezliklə qələbə ilə dönəcəyini deyib…
Allah rəhmət etsin! Şəhidlər ölməz, Vətən bölünməz!