Vətən torpaqlarında biz azad və xoşbəxt gəzək və yaşayaq deyə, xalqımızın oğulları ən ali hüquqlarından keçdilər – yaşamaqdan. Çoxlarının övladı atasız qaldı, biz atasız qalmayaq,  övladlarımız atasız böyüməsin deyə.

Avqustun 1-dən 7-dək zəngin tarixə və mədəniyyətə, təkrarsız gözəl təbiətə malik Laçın şəhərində təşkil olunmuş “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay  Düşərgəsinə həsr olunmuş tədbirdə bunun bir daha şahidi oldum. Biz onların sayəsində qürurla gəzirdik Laçında. Öncə bu xoşbəx­tliyi bizə nəsib etdiklərinə görə ruhları qarşısında baş əyib, 1 dəqiqəlik sükutla yad etdik müqəddəs şəhidlərimizi. Sonra da Azərbaycan gəncləri olaraq, güclü Ordumuza və Ali Baş Komandanımıza sonsuz minnətdarlığımızı ifadə etdik.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Laçında təşkil olunmuş bu möhtəşəm tədbirdə 60 ölkədən 115 gənc təmsil olunurdu. Aramızda soydaşımız olmayan, lakin bizə dost ölkələrin gəncləri də vardı. Hərəmiz dünyanın bir diyarından gəlsək də, eyni ailənin övladları kimi bir arada toplaşıb danışır, müzakirələr edir, əylənir, panellərdə yaxından iştirak edirdik.  Əslən Laçından olan və dünyanın müxtəlif ölkələrində yaşayan laçınlıların təəssüratları, yaşadıqları kövrək və duyğusal anlar düşərgəmizi daha da həyəcanlandırırdı. Bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimiz, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə görüşmək, maraqlı panel və seminarlarda iştirak etmək, əylənmək və intellektual oyunlar oynamaq imkanlarımız oldu. “İslimi” xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, Həkəri Balıq Təsərrüfatına, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşaya və Qarabağın bir sıra digər şəhərlərinə səfərlərimiz ən yüksək səviyyədə təşkil olunmuşdu. Soydaşımız kosmonavt Tuva Cihangir Atasevərlə, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova Tohidi ilə görüşdük. Şuşa, Xocalı, Xankəndi və Əsgərən qalasını ziyarət etdik.  Belə düşərgələr xaricdə yaşayan, təhsil alan yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını möhkəmləndirmək, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarımızı inkişaf etdirmək, yeni dostlar qazanmaq üçün gözəl fürsətlər yaradır. Əlbəttə, mən də belə gözəl fürsətdən yararlandım.

Mən düşərgədə Polşada fəaliyyət göstərən diasporumuzu və gənclərimizi təmsil edirdim – Polşa Azərbaycanlıları Şurasının Varşava üzrə koordinatoru kimi.

Yeri gəlmişkən, qeyd edim ki, dünyada 300-dən çox diaspor təşkilatımız fəaliyyət göstərir, lakin gizli deyil ki, onların hamısının işi səmərəli və qənaətbəxş deyil.  Çünki onların başında Fərid Cəfərli kimi Vətən sevdalı böyük ziyalılarımız dayanmır. Varşava Azərbaycan Evinin və Polşa Azərbaycanlıları Şurasının sədri  Fərid Cəfərli mənə inanaraq, güvənərək şuramızın təmsilçisi kimi göndərdi. Mən də əlimdən gələni etməyə və Polşa Azərbaycanlıları Şurasını layiqincə təmsil etməyə çalışdım.

Bu cür tədbirlər bizi ana vətənimizlə əlaqələrimizin möhkəmlənməsinə xidmət edir.   Çıxış edənlər Azərbaycan gənclərinin ölkəmizi qürurla təmsil etdiklərindən danışaraq, bizim tez-tez vətənimizə gəlməyimizi, belə düşərgələrdə bir araya gələrək xalqımız üçün dəyərli işlər görməyimizi təqdirəlayiq hesab edib çağırışlar da etdilər.

Əslində bu düşərgə gənclərin inkişafına müsbət təsir göstərən bir platformadır.

Bizə yaratdıqları imkanlara, göstərdikləri diqqət və qayğıya görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Leyla Həmzəyevaya, Vaqif Fərəcova, Maya Qarayevaya, Vüqar Əhmədova, təmsil olunmağım üçün mənə etimad göstərən  Polşa Azərbaycanlıları Şurasının sədri  Fərid Cəfərliyə xüsusi təşəkkürümü bildirirəm. Tədbirdən ayrılarkən bir istəyimiz də oldu – növbəti düşərgələrdə görüşmək ümidilə.

 

 

Tuncay NOVRUZZADƏ 

Varşava UEHS Universitetinin III kurs tələbəsi

Polşa Azərbaycanlıları Şurasının Varşava üzrə koordinatoru


media-ads-728x90

Bənzər xəbərlər