YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək” platforması arasında niyyət protokolu imzalanıb

Bu gün “YAŞAT” Fondu, “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolunun imzalanması mərasimi keçirilib.

“YAŞAT” Fondundan XALQ.AZ-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçirilən tədbirdə sənədi “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platformasının həmtəsisçiləri, millət vəkili Ramil Həsən və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin sədri Hüseyin Büyükfırat imzalayıblar.

Niyyət protokoluna əsasən əməkdaşlıq çərçivəsində tərəflər arasında tibb, təhsil, sosial-mədəni tədbirlər sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Platforma vasitəsi ilə bir sıra istiqamətlərdə “YAŞAT” Fondunun fəaliyyətinə dəstək göstəriləcək:

– “YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş 10 qazinin Türkiyə Respublikasındakı tibbi xərclərinin tam olaraq qarşılanmasına dəstək göstəriləcək;

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin təminatına dəstək olaraq Türkiyə Respublikasından ediləcək humanitar yardımlar “YAŞAT” Fondu ilə birgə həyata keçiriləcək;

– “YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhidlərin övladlarının Türkiyədə ödənişsiz və ya güzəştli şərtlərlə təhsil almasına dəstək göstəriləcək;

– Təşkil olunacaq müxtəlif sosial-mədəni tədbir və layihələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin iştirakı təmin ediləcək.