Yaşıl Teatrda möhtəşəm konsert

 

52

May 31 də tanınmış azərbaycanlı müğənni Nuri Sərinləndirici, əvəzolunmaz duet ortağı Jane Şirokih ilə birlikdə Bakıda möhtəşəm konsert verəcək. ANS PRESS-in məlumatına görə, Yaşıl Teatrın səhnəsində mövsümə açılış edəcək Nuri, konserti barəsində oxucularımıza məlumat verib. O bildirib ki, bu vaxta qədər Azərbaycandakı təşkilatçılardan dəfələrlə maraqlı təkliflər alıb. Hər dəfə konsertlə bağlı layihələr irəli sürüləndə bir tələbi olub ki, tamaşaçı qarşına çıxacaqsa, hər şey mükəmməl olmalıdır:

“Bu bir reallıqdır ki, mən və duet ortağım Jane dəvət aldığımız tədbirlərdə çıxış edərkən sanki konsert oxuyurmuş kimi səhnədə oluruq. “De ki, sevirəm” adlı konsertimizin təşkilatçılarına hə cavabı verməmişdən öncə Azərbaycan üzrə yaradıcı layihələrimizə rəhbərlik edən populyar teleaparıcı və rejissor Lamiyyə Ələkbərqızı ilə müzakirələr apardıq. Və təşkilatlatçılıq işlərinin yüksək səviyyədə olduğunu dəqiqləşdirdikdən sonra işə başladıq. Moskvanın populyar “MainStream” qrupunun müşayiəti ilə tamaşaçılara fərqli musiqisi ziyafəti təşkil etmək üçün J.Şirokihlə birlikdə bütün gücümüzü səfərbər etmişik”.

Nuri bunlardan əlavə olaraq məşqlərinin yüksək səviyyədə davam etdiyini vurğulayıb. Hit duetləri ilə yanaşı repertuarlarında Azərbaycan və əcnəbi bəstəkarların əsərləri yer alacaq. Konsertin adını isə təsadüfdən “De ki, sevirəm” qoymayıblar:

“Bu mənim ifamda sevilmiş mahnılardan birinin adıdır. Şüarımız belədir: “Bu konsertdə hamı sevəcək”. 31 may Azərbaycanda həm də “Son zəng” çalınacaq. Əminik ki, 11-ci sinif məzunları öz bayramlarını bizimlə birlikdə keçirməkdən məmnun qalacaqlar. Konsertdə çoxlu sayda sürprizlər də olacaq ki, onlar hələlik sirr olaraq saxlayırıq”.

Konsertin biletləri ötən gündən etibarən satışa çıxarılıb.