“Yaşıl zonalar”ın salınması günün tələbidir

“Ələt Azad İqtisadi Zonasının yaradılması ölkə iqtisadiyyatının inkişafında olduqca müsbət rol oynayacaq və mühüm perspektivlər vəd edir. Ələlxüsus, qeyri-neft sektorunun inkişaf etdirilməsi, xarici və daxili investisiyaların cəlb olunması, nəqliyyat-logistika infrastrukturunun inkişafı, əhalinin işsizlik məsələlərinin, ekoloji və bir çox sosial problemlərin həlli baxımından olduqca böyük əhəmiyyətə malikdir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, Bakı şəhərinin mərkəz hissəsinin həddindən artıq yüklənməsini nəzərə alsaq, İqtisadi Zonada çalışan insanlar üçün Ələt istiqamətində yeni yaşayış massivlərinin, “yaşıl zonalar”ın salınması günün tələbidir:

“Dünyanın ayrı-ayrı ölkələrində sərbəst iqtisadi zonalar müvəffəqiyyətlə fəaliyyət göstərir və iqtisadi effektivliyi də yüksək səviyyədədir. Ancaq onların tam əksəriyyəti açıq dənizlərə çıxışı olan ərazilərdə salınır. Hesab edirəm ki, Prezident İlham Əliyevin İqtisadi Zonanı məhz Ələt qəsəbəsinin ərazisində planlaşdırması coğrafi baxımdan ən düzgün, uzaqgörən qərardır. Çünki iqtisadi zonanın normal fəaliyyəti üçün hər şeydən əvvəl nəqliyyat-logistik infrastrukturun, enerji mənbələrinin olması şərtdir”.

Deputatın fikrincə, yeni tikilmiş Ələt dəniz limanı yaxınlıqda yerləşən 300 meqavat gücə malik elektrik stansiyası, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının tərkib hissəsi olan dəniz donanması, dəmiryolları, avtomobil yolları, ən müasir dünya standartlarına cavab verən mülki aviasiya sistemi, Ələt Azad İqtisadi Zonasının müsbət xarakteristikasını şərtləndirir. Coğrafi baxımdan düzgün seçim olduğunu göstərir. Digər tərəfdən, investisiyaların qorunması, sahibkarların sərbəst fəaliyyəti üçün mükəmməl qanunvericilik bazası yaradılıb. Ələt Azad İqtisadi Zonası üçün xüsusi qanun qəbul olunub, qabaqcıl dünya təcrübəsi öyrənilib. Əminəm ki, Ələt Azad İqtisadi Zonası Azərbaycan iqtisadiyyatı ilə yanaşı, region ölkələrinin inkişafına da öz töhfəsini verəcək”.