Yataqda ərimin məşuqəsiyəm

54

 

Məşhur azərbaycanlı bəstəkar: “Yataqda ərimin məşuqəsiyəm”

Tanınmış bəstəkar İmruzə Hüseynova ilə müsahibə
– Hansı müğənni mahnılarınızı oxuyanda ürəyinizdən tikan çıxarıb?
– Flora Kərimovanın ifasında səslənən “Cəfandan xoşum gəlir” mahnısını çox sevirəm.

  • Hansı halda olanda musiqiləriniz doğulur; qəmli, yoxsa xoş ovqatda?
  • Hər iki halda. Yüzlərlə ortaya çıxmayan mahnılarım var. Bir də görürsən küçədə gedərkən beynimə bir melodiya gəlir.

“Hələ bir dəfə yoldaşım məndən bozbaş iyi hiss etməyib”

  • Kaprizli xanımsınız?
  • Əslində çox kaprizsiz xanımam, amma həyat yoldaşım tam əksini deyir.

  • Hansı xüsusiyyətinizə görə belə deyir ki?

  • Kişilər həmişə belə olur də. Amma doğrudan səbəbini bilmirəm.

  • Amma həyat yoldaşınız sizi kaprizli saysa da, uzun illərdir ki, bərabərsiniz… Buna necə nail olmusunuz?

  • Düz 35 ildir bir yerdəyik. Əsas səbəb odur ki, mən dözümlü olmuşam. Əqrəb bürcündənəm və həyat yoldaşım dolça bürcündəndir. Belə deyirlər ki, bu bürclər evlilik həyatında uyğun gəlmir. Baxmayaraq ki, dolça qadınlarla ünsiyyətimiz əla alınır. Ulduz falı ilə maraqlanandan sonra bunu bilmişəm. Əslində biz gərək ailə qurmayayadıq. Xaraktercə çox müxtəlif insanlarıq. Amma əqrəbin gücü, dözümlülüyü bu evliliyi qoruyub. Onu da deyim ki, həyat yoldaşım məni hədsiz dərəcədə çox sevir. Hətta bu sevgi əvvəlki illərdən fərqli olaraq, artıb da.

  • Bəs axı belə bir fikir də var ki, məişət, birgəyaşayış sevgini öldürür…

  • Qadından çox şey asılıdır. Qadın baxımlı olmalıdır. Mən bütün günü mətbəxdəyəm, amma manikürüm də yerindədir. Bütün yeməkləri özüm bişirirəm. Amma hələ bir dəfə yoldaşım məndə bozbaş iyi hiss etməyib. Hər gün evdə hamıdan qabaq durub güzgüyə baxıb, özümə əl gəzdirib, sonra uşaqlarımın və ərimin gözünə görünmüşəm. Evdə xalatda olmuram, gözəl geyimlərlə ərimi qarşılayıram. Mənim şüarım bu olub ki, həyat yoldaşım üçün həm gözəl xanım, həm də gözəl məşuqə olum. 20 il bundan əvvəl bu sözü deyəndə hər kəs təəccüblə qarşılamışdı. Bu gün gəncləri də bununla bağlı maarifləndirmək lazımdır ki, gələcəkdə ailədə problemlərlə qarşılaşmasınlar. Bu gün o qədər ailələr var ki, seksual uyğunsuzluq, utancaqlıq üzündən ayrılır. Mənim özüm zaman-zaman utancaqlıq kompleksi yaşamışam. Valideynlərim həmişə deyirdi ki, yeriyəndə başını aşağı sal, oğlanlarla danışma və s. Çox sonralar mən tam olmasa da, müəyyən mənada bu komplekslərimdən xilas ola bildim. Utancaqlığım olmasaydı, bəlkə də indi mən xalq artisti olardım.

“Məni dörd kişi qoruyurdu”

  • Cazibədar qadınsınız, yoldaşınız sizi qısqanırmı?
  • Əvvəllər lap çox qısqanırdı. Studiyalara gedəndə yoldaşım və üç oğlum, yəni dörd kişi məni qoruyurdu. Səsyazma studiyasında Ağadadaş Ağayevlə mahnı yazırdıq. O da gecələr işləməyi sevirdi. Təsəvvür edin məni tək buraxmırdılar.

  • Siz özünüz necə, qısqancsınız?

  • Təzə evləndiyimiz vaxtlarda qısqanc idim. İki il davam etdi. Sonra bir ağıllı rəfiqəm mənə bir məsləhət verdi. Dedi ki, sən ağıllısan, gözəlsən, niyə qısqanırsan? Dedim ki, axı yoldaşım da çox yaraşıqlıdır. Dedi, ona de ki, səni qısqanmıram, onsuz da məndən yaxşısını tapa bilməyəcəksən. Rəfiqəm mənə özünəgüvənli olmağı öyrətdi və bu günə qədər də bu məsləhəti unutmamışam. Bu sehrli söz mənim həyatımı dəyişdi. Bu sözlərdən sonra o məndən daha bərk yapışdı. İçimdə ola bilər e, hansısa qısqanclıq olsun, amma üzə vurmamışam. Özümə güvənirəm.

“58 yaşım var, amma ürəyim 28 yaşlı qızın ürəyi kimidir”

  • Plastik əməliyat etdirmisiniz?
  • Yox. Anamın 88 yaşı var, baxsanız görərsiniz ki, dərisi şirmayı kimidir. Bu genetikdir. İldə 3-5 dəfə saunaya gedirəm. Saunanı çox sevirəm, amma vaxt olmur. Kasmetoloqa da ildə iki dəfə gedəm, ya getməyəm. 50 yaşıma qədər heç nə etməmişəm üzümə. Hamı mənə 35 yaş verirdi. Böyük məmnuniyyətlə, gözlərimin altını əməliyyat etdirərdim, amma qorxuram əməliyyatdan. Keçən il oğlumun toyu ərəfəsində mezoterapiya etdirdim. Bu da çox ağrılı bir prosesdir, xoşuma gəlmir. 58 yaşım var, amma ürəyim 28 yaşlı qızın ürəyi kimidir.

  • Bir dəfə Flora Kərimova ilə ad günündə söhbət edirdik, o qayıtdı ki, qadın heç vaxt yaşından qorxmamalıdır. O halda, doğrudan da qocalığını hiss edə bilər. Siz necə düşünürsünüz?

  • Doğrudur. Həmişə sevgi ilə əhatə olunmuşam. Mənim həyatda plotonik sevgilərim çox olub. Kimisə sevmişəm, heç o adamın bundan xəbəri də olmayıb. Ümumiyyətlə, heç kimin xəbəri olmayıb.

  • Niyə o hiss sizi yaxalayıbsa, yaşamamısınız, cəmiyyət təpkisindənmi qorxmusunuz, yoxsa?

  • Nə bilim. Amma bu sevgilərin mənə böyük xeyri dəyib. İnsan nə qədər yaşayırsa, sevməlidir. Görürsən sevməyə adam tapmırsan, pişiyi, iti sev. Ürəyim sevgi ilə doludur.

“Sevgidə yaş senzi önəmli deyil”

  • Sevgi də axı hələm-hələm insanı yaxalamır. Sualımı cavabsız qoydunuz bayaq, deyirəm bəlkə cəmiyyətdən qorxub o sevgiləri yaşamamısınız?
  • Adi adam əgər bu sevgiyə tutulubsa, mütləq bunu əldən verməməlidir. Amma mənim kimi tanınmış insanlar üçün bu çətindir. Ola bilər kimsə qurban verməsin, amma mən qurban vermişəm. Buna heç pis də baxmıram.

  • Sevgidə yaş senzinə münasibətiniz necədir?

  • Sevgi üçün yaş önəmli deyil. Lap qınasaq da, söysək də, sevgidə yaş senzi önəmli deyil.

  • Qarşılaşmısınız belə sevgilərlə?

  • O qədər… Mənə dəlicəsinə aşiq olan tələbələrim olub. Saatlarca gəlib qapının arxasında dayanıb məni gözləyiblər. Hətta mənə elə gəlib ki, həmin oğlan dərs dediyim qızlardan birinə vurulub. Amma sonradan görmüşəm ki, həmin oğlan mənim üçün qapıda dayanıbmış. Onda mənim 50 yaşım vardı. 18-20 yaşlı bir oğlanın mənə vurulması ürəkdə xoş hisslər doğurur. Bu o deməkdir ki, hələ də təravətimi itirməmişəm. Amma mən onlara başa salmışam ki, mən sənin anan, xalan, böyük bacın ola bilərəm, sevgilin ola bilmərəm.