Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır

“Noyabr ayının 21-də Cənubi Qafqazın ən boyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 29-cü ildönümü qeyd olunacaq.  29 il öncə yaradılmış Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirib, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldib. 2003-cü ildən bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə ləyaqətlə davam etdirilərək Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi partiyasına çevrilib.”

Bunu açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.  Bu baxımdan partiyanın VII Qurultayı yeni tarixi mərhələnin əsasını qoydu.

T.Cəfərova qeyd edib ki, YAP-ın Sədri, Prezident İlham Əliyev qurultayda geniş, dərin məzmunlu və proqram xarakterli çıxışı zamanı əldə edilən uğurları, aparılan hərtərəfli islahatlardan danışaraq, gələcək fəaliyyətlə bağlı istiqamətləri, konturları göstərdi. Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu bildirən Prezident İlham Əliyev son 3 il ərzində həyata keçirilən mütərəqqi işləri yüksək qiymətləndirərək partiyanın VII qurultayının keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirdi: “Bu gün sıralarında 760 580 insanı birləşdirən YAP-ın fəaliyyəti, ideyaları, apardığı siyasət göz önündədir. Gələn il yaranmasının 30 illiyi tamam olacaq partiya ötən müddət ərzində uğurla inkişaf edib və bütün seçkilərdə – həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib.

Əməkdaşlığa daim açıq olan YAP partiyalar arası siyasi dialoqu stimullaşdırmalıdırır deyən millət vəkili bildirib ki, siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir: “Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Bu baxımdan partiyanın VII Qurultayında siyasi partiyaların YAP-a qoşulması olduca əlamətdar hadisə idi.  Bu, özlüyündəə partiyanın siyasi sistemini təkmilləşdirməsinin növbəti təzahürüdür. Cənab Prezidentin sözləri ilə desək, “…Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək.” Yeni Azərbaycan Partiyasının gördüyü işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafının təmin edilməsinə və dövlətin milli maraqlarının daim qorunmasına hesablanmışdır. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurmalıdır. YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmiş, həmçinin partiyanın yeni Proqramının hazırlanması və Gənclər Birliyinin formalaşdırılması tapşırılmışdır. Şübhəsiz ki, Yeni Azərpaycan Partiyası ötən illər ərzində həm üzvlərinin sayına, həm də həyata keçirdiyi çoxşaxəli siyasi fəaliyyətinə görə nəinki Azərbaycanın, hətda Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bir daha Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə partiya üzvlərini təbrik edir, siyasi fəaliyyətlərində uğurlar arzulayıram.”