Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin yeni sədri seçildi

Martın 11-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib.

YAP-ın ötən dövrdə böyük yol keçdiyini deyən Tahir Budaqov söyləyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya yeni inkişaf mərhələsini yaşayır.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir. Artıq bu barədə müvafiq qərar qəbul olunub. Belə ki, Bəxtiyar Qabil oğlu İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda, 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğrultmaq üçün səylə çalışacağını vurğulayıb.

İclasda, həmçinin Milli Məclisin deputatları Aydın Hüseynov, Ramin Məmmədov və Cəbi Quliyev çxış ediblər.