Yeni binalara kupça nə vaxt veriləcək?

ASAN xidmət mərkəzlərində yeni tikililərdə olan mənzillər üçün kupça verilmir. Bu barədə oxuculardan biri məlumat verib.
Yeni tikili

Onun sözlərinə görə, ümumilikdə xidmət çox xoşuna gəlib, ancaq hesab edir ki, yeganə mənfi cəhət hüquqşünas xidmətinin pullu olmasıdır. Halbuki, rayon məhkəmələrində hüquqşünasların məsləhətləri pulsuzdur.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsidinin müdiri Anar Hüseynovla əlaqə saxlayıb.

“Əmlak məsələləri üzrə dövlət komitəsinin proqramı ilə bağlı problem var. Hazırda həmin problemin aradan qaldırılması istiqamətində işlər görülür. Yaxın günlərdə məsələ öz həllini tapacaq və vətəndaşlara çıxarış veriləcək. Əsas odur ki, mənzilin bütün sənədləri qaydasında olsun”, – A.Hüseynov bildirib.

Hüquqşünasların xidmətlərinin pullu olmasına gəlincə isə qurum rəsmisi deyib ki, əhaliyə hüquqi yardım göstərilməsi ilə bağlı özəl hüquq şirkətləri ilə müqavilə imzalanıb.

“Biz şərt qoymuşuq ki, hüquqi yardımın qiyməti elə də baha olmasın. Gələcəkdə bunun pulsuz olub-olmayacağı barədə heç nə deyə bilmərəm”, – o əlavə edib.