“Yeni görüşün vaxtı və yeri hələ bəlli deyil” – Elman Nəsirov

“Azərbaycan və Ermənistan arasında iyulun 12-də baş tutan sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyaların dördüncü iclasında bunun üçün neçənci ilin xəritəsinin əsas götürülməsi ilə bağlı razılıq əldə olunmayıb”. Bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib. O bildirib ki, yeni görüşün vaxtı və yeri hələ bəlli deyil.

Ermənistan Baş naziri Nikol Paşinyan və digər rəsmilər uzun müddətdir ki, 1975-ci il xəritəsi üzrə sərhədin müəyyən edilməsini təklif edirlər. Razılaşma yoxdursa, demək, Azərbaycan bu təklifi qəbul etməyib. Bəllidir ki, mövcud durumda Azərbaycan bu şərtlərlə razılaşmayacaq.

Məsələ ilə bağlı millət vəkili Elman Nəsirov bildirib ki, Ermənistan bu tərz təklifləri ilə sadəcə sülh müqaviləsini yubatmaq və vaxt qazanmaqdan ötrü 1975-ci il xəritəsini qabardır: “Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və bunun məntiqi nəticəsi olaraq sülh müqaviləsinin imzalanması öz həllini gözləyən ən mühüm məsələdir və bu istiqamətdə intensiv proses getməkdədir.

Bilirsiniz ki, Brüsseldə, Vaşinqtonda, Moskvada, Soçidə, Kişinyovda çoxsaylı görüşlər keçirilib. Amma nəticə yoxdur və nəticənin əldə edilməsi üçün bir neçə fundamental məsələlər öz həllini tapmalıdır. Onlardan biri də iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Hələ ki Azərbaycan-Ermənistan arasında ortaq məxrəcə gəlmək mümkün olmayıb. Çünki Ermənistan tərəfi israrla istəyir ki, 1975-ci il, Sovet İttifaqının Silahlı qüvvələrinin qərargahında yerləşdirilən xəritələr əsas götürülsün. Azərbaycan tərəfinin də mövqeyi ondan ibarətdir ki, bu xəritələr qəbuledilməzdir”.

Deputat qeyd edib ki, onlar Azərbaycan-Ermənistan münasibətlərinin tarixi reallıqlarını əks etdirmir: “Bizim üçün 1920 və 1930-cu illərin xəritələri əsasdır. Çünki o xəritələrdə Ermənistanın israrla qəbul etmədiyi Zəngəzur dəhlizi və ümumiyyətlə Zəngəzurla bağlı məsələlər öz dəqiq həllini tapıb. Zəngəzur tarixi Azərbaycan torpağıdır və həmin dövrdə Ermənistana verilib.

Vahid Zəngəzur iki hissəyə bölünüb – Qərbi və Şərqi Zəngəzura. Bu gün Azərbaycan Şərqi Zəngəzur üzərində söz sahibidir, amma Qərbi Zəngəzura gəldikdə isə, Ermənistan 1920 və 1930-cu il xəritələrini qəbul etmir. Məlum məsələ ki, bu gün Ermənistanın qəbul etmədiyi bu xəritə bütün faktları ortaya qoyur. Ona görə də Ermənistan tərəfi növbəti saxtakarlığa meyl edir. Azərbaycan bu gün Zəngəzur dəhlizini özünün suveren ərazisi kimi tələb etmir. Azərbaycanın tələbi ondan ibarətdir ki, ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpası üçün Zəngəzur dəhlizi işə düşməlidir və bundan təkcə Azərbaycan qazanmır. Ermənistanın da qazancı kifayət qədər böyükdür, çünki həm Rusiya, həm də İranla avtomobil və dəmiryolu əlaqəsi yaranmış olur”.